Qırğızıstan milli oyunları — Hər bir xalq yalnız öz adət-ənənələri ilə deyil, həm də özünəməxsus milli oyunları ilə fərqlənmişdir. Qırğız xalqının milli oyunlarına isə ordo, toquz qorqool (doqquz qalaq), orompay, dümpüldök, ağ çölmək, anqildek, uyum tuudu, selkinçək (yallı), upayan və müxtəlif atüstü oyunlar daxil edilmişdir.Х. Н. Анаркулов. Кыргыз эл оюндары. -Ф.: 1981, ISBN-10(13):5-65500669-3

Tarixi Qırğız xalqı öz tarixi boyu mürəkkəb inkişaf yollarından keçmiş, torpaqlarını, mal-qarasını və hətta qonşu qohum xalqları çoxsaylı düşmən basqınlarından və təbiətin sərt hadisələrindən qorumuşdur. Bununla bərabər, öz birliyini, adət-ənənələrini və əsrlər boyu formalaşmış mədəniyyətini qoruyub saxlamışdır. Bir-birindən gözəl mahnılar və melodiyalar, xalq sənətkarlığının saysız nümunələri, atalar sözləri, nağıllar və hətta möhtəşəm dastanlar dildən-dilə keçərək hafizənin gücü sayəsində günümüzə qədər gəlib çatmışdır.

At belində sərbəst hərəkət etməyə və köçəri həyat tərzinə uyğunlaşmış döyüşçü xalqın xarakterinə və milli xüsusiyyətlərinə müvafiq olaraq çoxsaylı mütəhərrik oyunlar yaradılmışdır. Bu oyunlar müasir dövrə qədər gəlib çıxmış, bəziləri isə sosial məzmuna uyğun olaraq müəyyən dəyişikliklərə məruz qalmışdır.

Əsas etibarilə bu oyunlarda xalqın arzuları, ümidləri, sevinci, kədəri, igidliyi, azadlıq və bərabərliyə can atması, ədalət uğrunda mübarizəsi öz əksini tapmışdır. Sözügedən oyunlarda xalq pedaqogikasının ən yaxşı nümunələri, dərin fəlsəfi baxışlar və milli kolorit müşahidə olunmuşdur.

Xalqın taleyi ilə vəhdət təşkil edən oyunlar bəşər cəmiyyətinin bütün mərhələlərində mövcud olmuş, dövrün inkişafına, dəyişikliklərinə və tələblərinə uyğun olaraq yenilənərək və təkmilləşərək varlığını davam etdirmişdir. Bu oyunlar milli mədəniyyətin və mənəviyyatın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. İnsanların fiziki cəhətdən kamil tərbiyə olunmasında, estetik gözəlliyə can atmasında mütəhərrik oyunların, mahnıların, rəvayətlərin, yanıltmacların və tapmacaların ən mühüm vasitələrdən biri olduğu qəbul edilmişdir.

Qırğızlar da bir xalq kimi formalaşdıqları dövrdən etibarən özlərinə məxsus müxtəlif dövrlərə, zamanlara və həmin dövrün sosial şərtlərinə uyğun oyunlar yaratmışlar. Xalqın köçəri həyat sürməsinə və savadlılıq səviyyəsinin aşağı olmasına baxmayaraq, geniş kütlələrin yaşadıqları həyatın izlərini unudulmaz etmək məqsədilə bu təcrübələr oyun sənətində yaşadılmış və gələcək nəsillərə miras olaraq saxlanılmışdır. Hər bir oyunun keçirilməsi zamanı iştirakçıların yaş həddi, hazırlıq səviyyəsi, fərdi xüsusiyyətləri, cinsi, oyunda istifadə olunan ləvazimatlar və oyunun keçiriləcəyi məkan mütləq şəkildə nəzərə alınmışdır.

Təklif olunan oyunlar arasından müxtəlif şəraitlərdə təşkil etmək və tətbiq etmək üçün istənilən nümunəni seçmək mümkündür. Məsələn, ləvazimatlar və məkan nəzərə alınmaqla, xalq bayramlarında, kənd təsərrüfatı işçiləri gününün qeyd edildiyi şənliklərdə, toylarda, Novruz bayramı şənliklərində, yaxud gündəlik məşqlərdə və dərnəklərdə müvafiq oyunların seçilərək keçirilməsi məqsədəuyğun hesab olunur.

Hər bir xalqın arzu və istəkləri, ümidləri, sevinci və kədəri bir-birinə bənzər olduğu kimi, bəzi oyunların adlarının və icra formalarının digər xalqların oyunları ilə oxşarlıq təşkil etməsi təbii haldır. Xüsusilə, qonşu Orta Asiya və Qazaxıstan xalqlarının mədəniyyətində qırğız milli oyunlarına az və ya çox dərəcədə bənzəyən müxtəlif nümunələrə rast gəlmək mümkündür. Xalq oyunlarının əhəmiyyəti hər bir vətəndaş üçün məlumdur və bu mövzu ilə bağlı xalq deputatlarının qurultaylarında ciddi müzakirələr aparılmışdır. Xüsusilə sosial-iqtisadi quruluşun yenidən qurulmasının sürətləndirilməsində bu oyunların böyük önəm kəsb etdiyi vurğulanmışdır. Belə ki, xalq oyunları yalnız fiziki tərbiyə üçün istifadə olunan adi hərəkətlər deyil, həm də vətənpərvərlik və beynəlmiləl tərbiyənin formalaşmasında, humanitar meyillərin gücləndirilməsində, eləcə də millətlərarası münasibətlərin yaxşılaşdırılması və yaxınlaşdırılmasında mühüm təsirə malikdir.

İstinadlar

Kateqoriya:Qırğızıstan mədəniyyəti