Olqa Nikolayevna (; ) — Rusiya imperatoru I Nikolayın qızı, Vürtemberq kraliçası.
Həyatı 1822-ci ildə Aniçkov sarayında dünyaya gəldi. Atası rus çarı I Pavelin oğlu çareviç Nikolay, anası isə Prussiya kralı III Fridrix Vilhelmin qızı Aleksandra Fyodorovnadır. Doğulduğu əsnada əmisi I Aleksandr taxtda idi və oğul varisi olmadığı üçün qardaşı çareviç Nikolayı vəliəhd elan etmişdi. Bu səbəblə, Olqa və qardaş-bacıları mükəmməl saray təhsili aldılar. Hələ 3 yaşında ikən əmisi vəfat etdi və atası I Nikolay adıyla taxta çıxdı. Fransız, alman və ingilis dilləriylə yanaşı, fizika, tarix kimi elmlər üzrə təhsil aldı. Müəllimləri arasında dövrün tanınmış rus şairi Vasili Jukovski və publisist Pyotr Pletnyov vardı. Rəsm, heykəltəraşlıq, musiqi kimi incəsənət sahələrində təlimlər keçdi. Saray təhsilindən əlavə bacılarıyla birlikdə zadəgan qızlar üçün təsis edilən Smolniy Qızlar məktəbində də yəhsil aldı və bu məktəbdən 1838-ci ildə məzun oldu.
Yaşı artdıqca Avropa monarx ailələri içindən onunla evlənmək üçün bir neçə namizəd irəli sürüldü. Bavariya kralı I Lüdviqin oğlu Şahzadə Maksimilyan, gələcəkdə Böyük Lüksemburq hersoqu olacaq Şahzadə Adolf, Müqəddəs Roma imperatoru II Leopoldun nəvələri hersoq Stefan və hersoq Albrext, Vürtemberq kralı I Fridrixin nəvəsi Şahzadə Frederik bu namizədlərdən sadəcə bir neçəsi idi. Ancaq istər çar ailəsinin dini məzhəb fərqliliyi, istərsə də, knyaginya Olqanın şəxsi seçimləri səbəbiylə bu namizədlərin evlilik təklifləri geri çevrildi.
1846-cı ilin əvvəllərində anası çariça Aleksandra Fyodorovna ilə birlikdə Palermoya səyahət etdi. Məqsəd isə kiçik bacısı Knyaginya Aleksandranın gənc yaşda vəfatıyla səhhəti pisləşən anasının müalicəsi idi. Bu səyahət əsnasında Vürtemberq kralı I Vilyamın oğlu və varisi Şahzadə Karlla tanış oldu. Üstəlik 2 gənc uzaq qohum idi. Belə ki, Olqanın nənəsi çariça Sofiya Doroteya ilə vəliəhdin babası I Fridrix bacı-qardaş idi.
Cütlüyün toy mərasimi, valideynlərinin nigah günü (üstəlik çariça Aleksandra Fyodorovnanın da doğum günü olan) 13 iyul 1846-cı ildə Peterhofda baş tutdu. Nigahın ardından 23 sentyabrda Ştutqartda məskunlaşan cütlük vaxtının çoxunu krallığın fərqli bölgələrinə səyahət edərək keçirdi. Yalnız bir neçə dəfə Rusiyaya səyahət etdilər. 1855-ci ildə atasının səhhətinin pis olduğunu eşidib dərhal Sank-Peterburqa yollansa da, atasının son nəfəsində yanında ola bilmədi. Bir neçə ay boyunca dul anasının yanında qaldı.
1864-cü ildə qaynatası I Vilyamın vəfatının ardından əri I Karl adıyla taxta çıxdı. Beləliklə, Olqa Nikolayevna Vürtemberq kraliçası oldu. Övladı olmadı və xeyriyyə işləriylə məşğul oldu. Beləcə, alman xalqının rəğbətini və sevgisini qazandı. Hətta onların səltənəti dövründə, öz adlarını daşıyan Olqa nişanı, Karl və Olqa medalı kimi mükafatlar təsis edildi. 1849-cu ildə Ştutqartdakı uşaq xəstəxanalarından biri onun şərəfinə Olqahospital adlandırıldı.
Övladının olmaması ərinin homoseksuallığı ilə əlaqələndirilsə də, buna digər ginekoloji xəstəliklərin səbəb olduğu bilinir. Ərinin əsasən son illərində yaşadığı skandal eşq macəralarını gözardı etdi. 1863-cü ildə qardaşı böyük knyaz Konstantinin qızı Vera Konstantinovnanı yanına gətirtdi. O əsnada 9 yaşı olan knyaginya xəstəlik və sinir ataklarından əziyyət çəkirdi. Ştutqartda müalicə olundu və səhhəti nisbətən düzəldi. 1871-ci ildə artıq yetkinlik yaşına çatan Vera Konstantinovnanı rəsmi olaraq övladlığa götürdü. Hətta onu alman əsilzadələrindən biriylə evləndirdi.
1881-ci ildə çar sarayında yaşadığı illərlə bağlı Traum der Jugend goldener Stern (Gəncliyimin Qızıl Röyası) adı altında xatiratlarını yazdı.
1891-ci ildə ərinin vəfatından sonra baldızı oğlu II Vilyam taxta çıxdı. Vəfat edən ərinin şəxsi mülkiyyətindəki xəzinəsinin böyük qismi övladlığı olan knyaginya Vera Konstantinovnaya miras qaldı. 30 oktyabr 1892-ci ildə isə Olqa Nikolayevna Baden-Vürtemberq əyalətindəki Fridrixşafen şəhərində vəfat etdi.
Qalereya
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:Gündəlik müəllifləri