Semetey () — Manas dastanında personaj.

Haqqında

Epik ənənəsinə görə, Manas ilə Kanıkey uzun müddət övlad sahibi ola bilməmiş, yalnız alp Koşoyun xeyir-duasından sonra Semetey dünyaya gəlmişdir. Epik süjetin inkişaf qanunauyğunluqlarına uyğun olaraq, Semeteyin qeyri-adi doğuluşu onun gələcəkdəki qəhrəmanlıqlarının rəmzi kimi təqdim olunmuşdur. Belə ki, Semeteyin dabanı üstə doğulması, sağ əlində qara qan, sol əlində isə sarı zəhər tutması onun gələcək taleyindən xəbər vermişdir. Bu rəmzlər qəhrəman qəzəblə döyüşə girdiyi zaman ona qarşı çıxan düşmənlərin qanını tökəcəyinə və onları sarı zəhər tək saraldaraq kökünü kəsəcəyinə işarə kimi yozulmuşdur.

Epik gələnəyə uyğun olaraq, Semeteyə ad qoyulması mərasimi də müəyyən çətinliklərlə müşayiət olunmuşdur. Radlovun qeydə aldığı varianta əsasən, heç kim uşağa ad qoymağa cəsarət etmədiyi bir vaxtda ağ atlı, ağsaqqal bir şəxs gələrək ona Semetey adını vermişdir. Semeteyin uşaqlıq illəri Manasın vəfatı ilə bağlı olan ağır bir dövrə təsadüf etmişdir.

Müxtəlif rəvayətlərdə Manasın vəfatı zamanı Semeteyin yaşı fərqli göstərilmişdir. G. Almaşi, Moldobasan Musulmankulov və Sayakbay Karalayevin variantlarında onun altı aylıq olduğu, Saqımbay Orozbakovun variantında isə üç yaş yarım olduğu qeyd edilmişdir. Atasının vəfatından sonra Manasın mülkünü qarət edən qardaşları Abıke və Köbüşdən qaçan anası Kanıkey, Semeteyi öz atasının yanına — Buxaraya aparmışdır. Burada o, Semeteyi qardaşı İsmayılın himayəsinə vermişdir.

Almabek Toyçubek oğlu və Aktan Tınıbek oğlunun variantlarında Semeteyin hələ uşaq yaşlarından Manas kimi dindar zümrəyə (xoja və mollalara) qarşı mübarizə apardığı təsvir olunmuşdur. O, bazarda varlıları cəzalandıraraq onların mallarını yoxsullara və kimsəsizlərə paylamış, xojaların və eşenlərın qazancını çobanlara və ehtiyacı olanlara paylayaraq ədaləti bərpa etməyə çalışmışdır. Varlıların var-dövlətini əllərindən alaraq özü üçün yarım qəpik belə götürmədən tamamilə kasıblara bağışlamışdır.

Sayakbay Karalayevin variantına görə, "Semetey" dastanında qəhrəmanlığın uşaqlıq dövrü, yəni ilk rəşadət göstərilən ana qədərki zaman kəsiyi mifik motivlərdən daha çox real həyat hadisələrinə bənzəyir və təsvir olunan dövr müasir dövrə daha yaxındır. Semetey on iki yaşına çatdıqda, Kanıkey gələcəyi sınamaq məqsədilə Taytoru adlı atı yarışa çıxarmışdır. İsmayıl Kanıkeyin bu hərəkətinə qəzəblənərək Semeteyi atların qarşısını kəsməyə göndərsə də, Semetey öz bildiyi kimi hərəkət etmişdir. O, yanındakı yoldaşlarını razı salaraq Kanıkeyin atı Taytorunu dəstəkləmiş və baş mükafatı qazanmışdır. Bununla da Kanıkeyin niyyəti gerçəkləşmişdir.

Bu hadisədən sonra Semetey Sarıtas ilə qarşılaşmış və ondan özünün qırğız soyundan olduğunu öyrənmişdir. Sarıtas qəhrəmanın şəcərəsini Mansur, Tümənkan, Sançıkan, Akjoltoy, Sankoldoy, Egizey, Jeeren, Böyönkan, Çayankan, Balakan, Karakan, Yakub və Manas olaraq ona bildirmişdir. Babası və dayısından inciyən Semetey, Sarıtasdan bu sözlərin doğruluğunu təsdiq etməsini istəmişdir. Ardınca Kanıkeyin yanına gələrək Manas haqqında dastanları dinləmiş və Talasa yola düşmüşdür. Talasda o, Manasın tazısı Kumayık, dəvəsi Celmayan və şahini Akşumkar ilə qarşılaşmışdır. Doğma yurdun təbiəti və gözəlliyi qəhrəmanın yüksək əhval-ruhiyyəsi və məqsədləri ilə həmahəng təsvir olunmuşdur. Bakayın və Manasın heyvanlarının baxımsız halda olması Semeteyin namusuna toxunan amillər kimi təqdim edilmişdir. Semeteyin gəlişi ilə Manasın yarımçıq qalmış işləri və ömür boyu izlədiyi amallar yenidən canlanmışdır. Gənc qəhrəmanın atasının yerini tutması epik ənənədə atasının yolunu davam etdirmək və ondan qalan mirasa sahib çıxmaq kimi mənalandırılmışdır. Semetey xan rütbəsinə sahib olsa da, atası kimi ilk növbədə xalqını və torpağını qoruyan bir qəhrəman, elin mənafeyini güdən bir şəxsiyyət kimi səciyyələndirilmişdir.

Qədim tipologiyalı ilkin qəhrəmanlıq nağılları əsasında formalaşmış epik dastanlarda baş qəhrəmanın həqiqi bir bahadır kimi təzahür etməsi üçün onun xüsusi ata, döyüş geyiminə, silah-sursata və müxtəlif magik varlıqlara sahib olması zəruridir. Manas batır da Akqula, Akşumkar, Celmayan və Kumayık kimi magik xüsusiyyətlərə malik canlıları özünə yoldaş etmişdir. Bu cür ünsürlər, əsasən, epik qəhrəmanların vətən qarşısında xidmət etməsində mühüm vəzifələr yerinə yetirmişdir. Manas vəfat etsə də, onun yerini boş qoymayacaq bir övladının qaldığına dair xalq inamı, Semeteyin obrazını yalnız zahiri bənzərliklə yox, həm də Manasdan miras qalmış fantastik varlıqlar, mifik himayədarlar və silah-sursat vasitəsilə daha da dərinləşdirmişdir.

Folklorşünas V. Y. Propp dastanlarda rast gəlinən qeyri-adi doğuluş motivinin mənşəyini tarixi aspektdə dərindən təhlil edərək, bu motivin qaynaqlarının və tutduğu mövqeyin çox qədim dövrlərə, ibtidai təsəvvürlərə bağlı olduğunu qeyd etmişdir.

Xalq şifahi yaradıcılığında körpənin doğulması, əcdadların ruhunun yenidən təzahür edərək dünyaya qayıtması kimi qiymətləndirilən qədim bir anlayışdır. Bu yanaşma genealoji prinsipin meydana gəlməsinin mühüm elementi kimi "Manas" eposunda da öz əksini tapmışdır. Belə ki, bədən quruluşunun bənzərliyi, geyimi, silahı, ətrafındakı heyvanları və nəhayət, onu qoruyan qırx çiltən-pirin eyniliyi ilə Semetey sanki Manasın yenidən canlanmış surəti kimi qəbul olunmuşdur.

Buna görə də, dastanda Semeteyin portreti təsvir olunarkən onun mifik himayədarları xüsusi vurğulanmışdır. Təsvirlərdə qeyd olunur ki, Semetey uzaq yollar qət edərkən qırx çiltən ona dəstək olmuşdur. Bu himayədarlardan biri olan qara xallı bəbir onun böyründə şığıyaraq min nəfərin gücünü təmsil etmişdir. Qəhrəmanın sağ tərəfində göyal yalmanlı aslan, ardınca isə ağzını açaraq fısıldayan nəhəng əjdaha ilan onun qüdrətini nümayiş etdirmişdir. Semeteyin başı üzərində isə hər an hücuma hazır vəziyyətdə duran Alp Qara Quş (Zümrüd quşu) pərvaz etmişdir.

Semetey obrazı da Manasdan geri qalmayan böyük bir qüdsiyyətə və epik əzəmətə malikdir.

Qəzəbləndiyi zaman Manas kimi "üzündən beş qarış tük çıxmış, pələng tək şahə qalxmış, qəzəbinə qara yerin belə güclə tab gətirdiyi" bir görkəm almışdır. Əvvəlcədən hazırlanmış qəhrəman obrazı odun yandırmadığı, suyun batırmadığı xüsusi keyfiyyətlərə malikdir. Semetey çox vaxt "Tükəndikcə törəyən tükənməzin nəsli, öldükcə çoxalan odun öz oğlu" deyə xarakterizə olunmuşdur. Onun bu möcüzəvi xüsusiyyətlərinin atasından miras qalmış Akolpoku və dəbilqəni geyinməsi, habelə magik silahlara sahib olması ilə əlaqələndirildiyi və qəhrəmanların ölməzliyi motivinin dövrün tələblərinə uyğunlaşdırıldığı müşahidə olunur. "Manas" bölməsində olduğu kimi, "Semetey" dastanında da qəhrəman döyüş libasını geyinib Taybuurula mindikdə ox keçməz, qılınc kəsməz bir qüdrət qazanmışdır.

Manasın silahdaşı, aqil Bakay ilə görüşən Semetey, babası Yakub xan haqqında xəbər almışdır. Yakub xan Semeteyi zəhərləyib öldürməyə cəhd etsə də, bu niyyəti baş tutmamışdır. Semetey atasından qalan qiymətli mülkləri götürərək birdəfəlik köçmək üçün Buxaraya qayıtmışdır.

Dastandakı sonrakı hadisələr Semeteyin Talasa köçməsi ilə inkişaf etmişdir. Semetey Abıke, Köbüş və Yakub xan ilə döyüşərək onları məğlub etmiş, Sarıtas isə xan seçilmişdir. Vaxtilə Kanıkeyə əziyyət verdiklərini nəzərə alaraq və Qırqıl çalın təhriki ilə Çinə tərəf qaçmağa çalışan Manasın qırx çorasını məhv etməyə məcbur olmuşdur.

Sonrakı süjet xətti Ayçürək obrazı ilə bağlanmışdır. Vaxtilə Manas xan Əfqan hökmdarı Akun xan ilə övladlarını beşikkəsmə etmişdir. Semeteydən inciyən noyqutların Çınkojosu yedigərlərin Toltoyunun yanına gedərək, onu Ayçürəyi almağa razı salmışdır. Ayçürək qu quşu cildinə girib uçaraq Talasa gəlmiş və hiylə ilə Akşumkarı aparmışdır. İtmiş Akşumkarı axtaran Semetey, Gülçora və Qançoranı da yanına alaraq Ayçürəyin ardınca yola düşmüşdür.

Semetey babasının yanından Talasa köçməzdən əvvəl Çaçıkey ilə evlənmişdir, lakin atasının vaxtilə adaxladığı və taleyinə yazılmış əsl həyat yoldaşı Ayçürək ilə evlənməyi özünə borc bilmişdir. Buna görə də, Ayçürəyi ilk gördüyü andaca ona yüksək qiymət vermiş, yetimlik üzündən bu vaxta qədər öz qisməti olan qadınla evlənə bilmədiyi üçün təəssüf hissi keçirmişdir. O, Buxarada evlənməsinə baxmayaraq, əslində bu vaxta qədər subay qaldığını və əsl yarının Ayçürək olduğunu dərk etmişdir.

"Manas" eposunda ənənəvi hal almış xüsusiyyətlərdən biri də baş qəhrəmanların hər birinin özünə layiq, fədakar həyat yoldaşlarının xüsusi tərənnüm edilməsidir. Manas Kanıkeyin, Semetey isə Ayçürəyin xidmətlərinə qarşılıq olaraq onlara minnətdarlıqlarını bildirmiş və ömürlərinin sonuna qədər başqa qadınla evlənməyəcəklərinə dair and içmişdilər. Lakin döyüş meydanlarında və ya çətin anlarda qəhrəmanların hökmlü və kəskin təbiəti üstün gəlmişdir. Ayçürəyin bədbəxtliyi qabaqcadan hiss etmiş, etdiyi xəbərdarlıqlara məhəl qoymayan Semetey, atasının türbəsini ziyarət etməyə getmiş və orada daxili xəyanətin qurbanı olmuşdur. Ölümün yaxınlaşdığını hiss edən bahadır, xalqını, anasını, həyat yoldaşını və hələ doğulmamış övladını sadiq çorası Gülçoraya əmanət etmişdir. Elinin taleyi üçün narahat olan qəhrəman, mal-dövlətinin yoxsullara paylanmasını, xalqın arxayınlaşmayıb bir yerdə məskunlaşmasını və keşikçilərin ayıq-sayıq olmasını vəsiyyət etmişdir. Sayakbay Karalayevin variantında Semetey, Manasın intiqamını alacaq oğul və onun işini davam etdirən qanuni varis kimi təqdim olunmuş, onun atasından geri qalmayan alp cüssəsi və sonsuz şücaəti xüsusi vurğulanmışdır. Eposun sonunda Semetey öz üzərinə düşən vəzifələri yerinə yetirmiş bir qəhrəman olaraq yerini oğlu Seyteyə vermiş, Bakay, Kanıkey, Ayçürək və Gülçora ilə birlikdə qeybə çəkilərək "qayıb" olmuşdur. Bu sonluğun təməlində həyatın davamlılığı, mübarizə estafetinin nəsildən-nəslə, atadan oğula keçməsi fəlsəfəsi dayanır. Sonrakı döyüşlər xarici düşmən olan Konurbaya qarşı aparılmışdır. Bu mübarizədə Semetey yaralansa da, Ayçürəyin magik müdaxiləsi ilə sağalmış və qələbə qazanmışdır.

Çubakın oğlu Qançora, Semeteydən inciyərək xəyanət yolunu tutmuşdur. O, hiylə işlədərək Semeteyi Manasın türbəsini ziyarət etmək bəhanəsi ilə silahsız və hazırlıqsız halda çölə çıxarmışdır. Əvvəlcədən razılaşdıqları Toltoyun oğlu Qıyazın qoşunları gələrək onları mühasirəyə almışdır.

Sadiq atı Taybuuruldan məhrum olan Semetey, Qançoranın xəyanəti nəticəsində həlak olmuş və qeybə çəkilmişdir. Gülçora isə əsir düşərək Qıyazın quluna çevrilmişdir.

Təhlili Semeteyin qeybə çəkilməsindən sonra yerini Seyteyin tutması xalqın gələcəyə olan ümid və arzuları ilə tamamilə uyğunluq təşkil edir. Dünya xalqlarının şifahi yaradıcılığındakı nikbin ruh, qəhrəmanın yerinə yenisinin gəlməsi ilə kifayətlənmir, eyni zamanda Semetey kimi obrazların ölməzliyinə, onların əbədi bir varlığa çevrildiyinə dair inamı əks etdirir. Məsələn, rus xalq dastanlarında (bılinalarında) Dunay haqqındakı süjetin epiloqunda Dunayın və həyat yoldaşı Nastasyanın həlak olduqları yerdən eyni adlı çayların axdığı və bu çayların əbədiyyən qurumayacağı nəql olunur. Bu cür bədii təsvirlər, "Semetey" dastanında olduğu kimi, sevilən qəhrəmanları ölümə təslim etməmək motivinin bir təzahürüdür. Xalq təxəyyülü baş qəhrəmanların xatirəsini nə yolla olursa-olsun qoruyub saxlamağa çalışır. Semetey surəti sonradan "Seytek" eposunda yenidən xalqın arasına qayıdır.

Mənbə

Семетей эпосу. 1959 ж. С. Каралев. Семетей эпосу. 1987 ж. Жусуп Мамай. Семетей. 1995 "Манас" энциклопедиясы/Мамлекеттик тил жана энциклопедия борбору.Бишкек: Кыргыз энциклопедиясынын Башкы редакциясы, - 1995. 1-т. - 440. ISBN -5-89750-013-4

Kateqoriya:Türk mifologiyası Kateqoriya:Qırğız dastanları