Abbasmirzə Əliyev () — azərbaycanlı iqtisadçı, Cümhuriyyət tələbəsi və repressiya qurbanı.
Bakı Real Məktəbində orta, İmperator II Aleksandr Politexnik İnstitutunda isə ali təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Berlin Politexnik İnstitutunda və Berlin Kommersiya İnstitutunda təhsil alıb.
Bakıya qayıtdıqdan sonra Sənaye Bankında, Azərbaycan Dövlət Kino İdarəsində, Azərbaycan Dövlət Plan Komitəsində və "Torqsin"də işləyib. Daha sonra Moskvaya köçüb. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibədən sonra Dövlət Nişanlarının, Sikkələrin və Ordenlərinin İstehsalı Baş İdarəsində korrektor vəzifəsində işləyib. 1967-ci ildən təqaüdə çıxana qədər Moskvada fəaliyyət göstərən "Bakı" restoranında əvvəlcə inzibatçı, daha sonra isə direktor müavini vəzifəsində işləyib.
Stalin repressiyaları dövründə 1938-ci ildə həbs olunub. Günahını sübut edə bilmədikləri üçün 1939-cu ildə azad olunub. 1947-ci ildə yenidən həbs olunub və 5 illiyinə İslah Əmək düşərgəsinə sürgün olunub. 1953-cü ildə haqqında irəli sürülmüş ittihamların əsassız olduğu müəyyən edilib və o bəraət alıb.
Həyatı
İlk illəri Abbasmirzə Əhməd oğlu Əliyev 1897-ci il iyulun 23-də Şamaxıda anadan olub. 1907–1916-cı illərdə Bakı Real Məktəbində orta təhsil alıb. 1916-cı ildə Kiyev İmperator II Aleksandr Politexnik İnstitutuna daxil olub. Fevral inqilabından sonra institut bağlandığı üçün Bakıya qayıdıb.150px|left1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Abbasmirzə Əliyev 1918-ci ilin oktyabr ayından 1919-cu ilin aprel ayınadək Bakı dəmiryol stansiyasında çilingər köməkçisi işləyib. 1919-cu il aprelin 12-də Azərbaycan Cümhuriyyətinin Ticarət, Sənaye və Ərzaq Nazirliyinin ticarət şöbəsində kargüzar köməkçisi vəzifəsinə təyin olunub.
1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.
Abbasmirzə Əliyev də xaricdə ali təhsil almaq üçün seçilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryol Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Abbasmirzə Əliyev, Hüseyn Şıxıyev və Qəhrəman Məmmədovla birlikdə əvvəlcə Münxenə gedib. Lakin Almaniya Maarif Nazirliyi onlara Münxendə qalmağa icazə verməyib. Buna görə də onlar aprel ayında Berlinə yollanıblar.
Abbasmirzə Əliyev Aprel işğalından sonra tələbələr təqaüd ala bilmədikləri üçün bir müddət Aysleben şəhərində təcrübəçi kimi 3 ay kalium şaxtasında işləyib. Berlinə qayıtdıqdan sonra əvvəlcə Berlin Politexnik İnstitutuna daxil olub, daha sonra isə Berlin Kommersiya İnstitutunda təhsilini davam etdirib. 1924-cü ildə institutu bitirib. 1927-ci ilədək Almaniyada yaşayıb.
SSRİ-də 250px|thumb|right|Həbsdə ikən, 1938-ci il 1927-ci ildə SSRİ-yə gəlib. Bakıda Sənaye Bankında haqq-hesab kassaları bölməsinin müdir müavini kimi işəməyə başlayıb. Sənaye Bankı ləğv olunduqdan sonra Azərbaycan Dövlət Kino İdarəsində, oktyabrdan etibarən isə eyni zamanda Azərbaycan Dövlət Plan Komitəsində iqtisad bölməsində üzv əməkdaş kimi işləməyə başlayıb. 1928-ci ilin may ayında "Torqsin"in Azərbaycan kontorunda plan-maliyyə bölməsinin rəisi vəzifəsinə təyin olunub. Üç ay işlədikdən sonra Moskvaya köçüb.
Ümumittifaq Mədən Kooperasiyası Şurasında Azərbaycan nümayəndəsi kimi çalışıb. 1936-cı ilin iyun ayında inşaat üzrə iqtisadçı kimi fəaliyyətə başlayıb.
İlk dəfə 1938-ci deakbrın 5-də Moskvada XDİK tərəfindən həbs olunaraq Bakıya gətirilib. Altı ay həbsdə saxlanıldıqdan sonra günahı sübuta yetirilmədiyi üçün 1939-cu ildə azadlığa buraxılıb. Həbsdən çıxdıqdan sonra yenidən Moskvaya qayıdıb. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edib. 1946-cı ildə ordudan tərxis olunub və Moskvada Dövlət Nişanlarının, Sikkələrin və Ordenlərinin İstehsalı Baş İdarəsində (Qoznak) korrektor kimi işləməyə başlayıb. 1947-ci ildə yenidən həbs olunaraq 5 il müddətinə islah-əmək düşərgəsinə göndərilib. 1952-ci ildə azad olunub. 1953-cü ildə ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğu müəyyən edilib və Abbasmirzə Əliyev bəraət alıb.
Azərbaycanın Moskvadakı nümayəndəliyinin sərəncamı ilə 1967-ci ildən təqaüdə çıxana qədər Moskvada fəaliyyət göstərən "Bakı" restoranında əvvəlcə inzibatçı, daha sonra direktor müavini vəzifəsində işləyib.
1972-ci ildə Moskvada vəfat edib, Azərbaycanda dəfn olunub.
Ailəsi Abbasmirzə Əliyev Şamaxı şəhər sakinləri Əhməd Məşədi Abdulla oğlu və Gövhər Əbdülhüseyn bəy qızının ailəsində anadan olub. 1918-ci ildə Mart soyqırımı zamanı onların Şamaxıdakı evləri, eləcə də Kürdəmir dəmiryol stansiyası yaxınlığında yerləşən Əhməd Məşədi Abdulla oğluna məxsus un dəyirmanı yandırılıb. Gövhər Əbdülhüseyn bəy qızı 1922-ci ildə, Əhməd Məşədi Abdulla oğlu isə 1930-cu ildə vəfat edib.
Abbasmirzə Əliyev Yevgeniya Aleksandrovna ilə ailə qurub. Rüstəm adlı oğulları olub.
Abbasmirzə Əliyev digər Cümhuriyyət tələbəsi epidemioloq alim İsmayıl Axundovun xalası oğludur.
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları