Nükhət Sirman (; ) — Türkiyəli feminist və sosial antropoloq. O, 1988-ci ildə Britaniyanın London Universitet Kollecində (University College London) doktorluq dərəcəsi alıb və 1989-cu ildən Boğaziçi Universitetində antropologiya üzrə professordur.

O, Türkiyədəki feminist hərəkatın akademik təhlilini aparıb və akademik mühitə "ailəvi vətəndaşlıq" (familial citizenship) anlayışını daxil edib.

Həyatı Sirman orta təhsilini İstanbulda Amerika Robert Kollecində bitirib, London Universitet Kollecində (University College London) antropologiya üzrə bakalavr, magistr və doktorluq (Ph.D.) dərəcələri alıb. O, 1988-ci ildə "Kəndlilər və ailə təsərrüfatları: Qərbi Türkiyənin bir kəndində pambıq istehsalında ev təsərrüfatlarının mövqeyi" adlı dissertasiya işi ilə doktorluq dərəcəsini tamamlayıb. Bu, Türkiyənin Söke bölgəsində pambıq istehsalının etnoqrafik tədqiqatı idi və burada "1980-ci illərdə istehsal və əmək prosesləri ev təsərrüfatı müstəvisində" təfərrüatlı şəkildə şərh olunub. O, 1989-cu ildən Boğaziçi Universitetinin Sosiologiya şöbəsində antropologiya professorudur.

Tədqiqat sahələri Sirman sosial antropoloqdur. Onun tədqiqat mövzularına gender, gender kimliyinin formalaşması, etnik münaqişələr, ailə və qohumluq, feminist nəzəriyyə, interpretiv (şərhçi) metodlar, postkoloniyal cəmiyyətlər, kənd sosiologiyası və duyğular sosiologiyası daxildir. O, həmçinin "millətçi diskurslar çərçivəsində genderin qurulması", "namus cinayətləri və qadına qarşı zorakılıq", "Kürd qadın hərəkatları" və "məcburi köçkünlərin məskunlaşdırılması" mövzularını tədqiq edib.

Feminizm Nükhət Sirman feministdir. 1984–1991-ci illər arasında Türkiyədəki feminist hərəkatda fəal iştirak edib və Türkiyə qadınlarının həyatı ilə bağlı tədqiqatlar aparıb. Feminist mübarizəyə dair araşdırmalarında Sirman, Türkiyədə feminizmin öyrənilməsində "standart istinad nöqtələri" hesab etdiyi üç hərəkata diqqət çəkib. O, bu hərəkatları aşağıdakı kimi təsnif edir: Osmanlı imperiyasının son onilliklərində "imperiyanı xilas etmək üçün təklif olunan islahatlar çərçivəsində" qadınların "Osmanlı ailə sisteminə" qarşı müqaviməti; "Modernləşən Türkiyə dövləti" tərəfindən qadınlara çoxsaylı hüquqların verilməsi; 1980-ci il Türkiyə hərbi çevrilişinin bir nəticəsi kimi ortaya çıxan, "qadın azadlığının necə görünməli olduğunu müəyyən edən Türkiyə dövlətinin himayəçilik roluna" qarşı qadınların göstərdiyi reaksiya.

Sirman hesab edir ki, 1980-ci illərdəki feminist hərəkat türkiyəli qadınların "Kamalçı rejimə və Kamalizmdən ilhamlanan dövlət feminizminin məhdudiyyətlərinə" qarşı nümayiş etdirdikləri mövqedir. Bəzi feminizm və sosial elmlər mütəxəssisləri belə qənaətdədirlər ki, solçu və kamalçı ideologiyalar qadınların gender kimliyini eyni dərəcədə sıxışdırır. Sirman irəli sürür ki, qadınların "ənənəvi islami", "statist (dövlətçi) kamalçı" və "inqilabçı sol" ideologiyalara inteqrasiyası onların siyasi arenaya girməsinə səbəb olsa da, feminist hərəkat yalnız bu ideologiyalardan uzaqlaşdıqda sürət qazanacaqdır.

Milli dövlətin "diskursiv və mədəni istehsalı" ilə bağlı araşdırmasında Sirman belə bir fikir irəli sürüb: "Qadınlar öz bədənlərinə nəzarət edilməsi və qadınlığın mədəni detallarla işlənməsi vasitəsilə millətin bir hissəsinə çevrildilər. Bu isə millətin mədəni sərhədlərinin müəyyən edilməsi və idarə olunması demək idi".

Ailəvi vətəndaşlıq Sirman Türkiyənin "millət quruculuğu diskursunu" tədqiq etmiş və bu diskursun "suveren" kişi ilə ondan "asılı" olan həyat yoldaşı və ya ananı "ideal" vətəndaşlar kimi qəbul etdiyini müəyyən edib. 2005-ci ildə o, "müəyyən bir ailə diskursu daxilindəki mövqeyin şəxsə milli dövlət quruluşu daxilində status qazandırdığı vəziyyəti" təsvir etmək üçün "ailəvi vətəndaşlıq" (familial citizenship) terminini irəli sürüb.

Dafna Haker Sirmanın bu terminə verdiyi tərifi "münasibət və kimliyə əsaslanan" tərif kimi qiymətləndirir. Kristian Yoppkenin vətəndaşlığı "dövlətə üzvlük" kimi xarakterizə edən tərifinə istinad edən Haker, "ailəvi vətəndaşlıq" termininə "fiziki-hüquqi məna" yükləyir və onu "ailə üzvlərinin öz ailə münasibətlərinə əsaslanaraq eyni ölkənin vətəndaşı olmaq hüququ" kimi müəyyən edir. "Ailəvi vətəndaşlıq" (familial citizenship) anlayışı, Pierpaolo Donati tərəfindən 1998-ci ildə irəli sürülmüş "ailə vətəndaşlığı" (family citizenship) terminindən mənaca fərqlənir. Donati yazırdı ki, "ailə vətəndaşlığı, ailənin sadəcə fərdi üzvlərinin hüquq və öhdəliklərinin cəmi kimi deyil, bir həmrəylik reallığı kimi özünəməxsus hüquq və öhdəliklər məcmusuna malik olması deməkdir".

Hüquq 2016-cı ilin oktyabrından 2017-ci ilin iyununa qədər Sirman, Nant Qabaqcıl Araşdırmalar İnstitutu Fondunda (Nantes Institute for Advanced Study Foundation) elmi işçi kimi "Hüququn yanında bir həyat qurmaq" adlı tədqiqat layihəsi üzərində çalışıb. O, bu tədqiqatda 1990-cı illərdə "öz kəndlərindən məcburi köçkün düşmüş" və hazırda rəsmi qanunların hüdudlarından kənarda yaşayan kürdlərin məskunlaşdığı Türkiyənin Mersin şəhərində apardığı sahə araşdırmasının etnoqrafik hesabatını təqdim etməyə çalışıb.

Sirman bu iki suala cavab tapmağa cəhd edib: "Hüquq tam olaraq nədir və hüququn 'yanında' olmaq nə deməkdir?; ikincisi, 'həyat' anlayışından nə başa düşürük və həyatı formalaşdıran nədir?"

Seçilmiş işləri Selected papers

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türk feministlər