thumb|Vaqvaq adasının kraliçası, Uolters (Walters) əlyazması W.659-dan olan vərəq.|385x385px "Vaq-vaq" Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətlərində (eləcə də digər Şərq sənət məktəblərində) yayılmış olan orijinal ornamental kompozisiyanın adıdır. "Vaq-vaq" üslubu budaqların ucunda yerləşən insan və heyvan başlarının stilizə edilmiş, fantastik təsviridir.
Qədim zamanlarda sakral əhəmiyyət daşıyan mifik "vaq-vaq" ağacının təsvirindən daş, metal, dəri, miniatür rəsm və xalçaların üzərində orijinal təsvir motivi kimi istifadə edilib. Şərqdə geniş yayılmış bu ornamental motivin əsasını meyvələri insan və ya heyvan başına oxşayan əfsanəvi "vaq-vaq" ağacının təsviri təşkil edir.
Etimologiyası Əl-Vəqvaq (), əl-Vəq, həmçinin əl-VaqVaq, Vaq əl-Vaq və ya sadəcə olaraq Vaq-Vaq olaraq yazılır, orta əsrlər dövrünə aid ərəb dilli (həm coğrafi, həm də bədii) ədəbiyyatda mücərrəd bir adanın və ya adalar qrupunun adıdır.
Tarixi Vaq-vaq üslubunun mənşəyi əfsanəvi Vaq-vaq adasında bitdiyi iddia edilən eyniadlı ağacla bağlıdır. Ərəb dənizçilərinin məlumatlarına əsaslanan bu ağac haqqında ilk yazılı qeydlərə VIII əsrdə, Tan dövrünün Tung Dian adlı Çin tarixi kolleksiyasında rast gəlinir.
Ərəb və fars dilli mənbələrdə Vaq-vaq ağacı bəzən "Çin ağacı" kimi xarakterizə olunur. XIV əsrin əvvəllərində ərəb coğrafiyaşünası Şəmsəddin əd-Dəməşqi "Nuhbət əd-dəhr" (Kosmoqrafiya) əsərində ağacı belə təsvir etmişdir:
Əbu Reyhan əl-Biruni XI əsrə aid "Kitab əs-Səydana fit-Tibb" (Əczaçılıq kitabı) əsərində bu bitkinin Hindistanda bitdiyini qeyd edərək yazır:
Zəkəriyyə əl-Qəzvini XIII əsrin sonlarına aid "Yaradılış möcüzələri" traktatında meyvələrin saçlarından ağaca bağlanmış qadın formasında olduğunu və toxunduqda "vaq-vaq" səsi çıxardığını bildirmişdir.
XIV əsrin əvvəllərində fransiskan rahibi Pordenonlu Odoriko "Şərq Torpaqlarının Təsviri" əsərində bu meyvələri erkək və dişi fərdlərə ayırır:
Vaq-vaq ağacı ilə bağlı təsəvvürlər incəsənətdə xüsusi dekorativ üslubun formalaşmasına təsir göstərmişdir. Bu motivin ədəbi kökləri həmçinin ellinist dövrünə aid "Pseudo-Callisfen" romanındakı Makedoniyalı İsgəndərin "Günəş və Ay ağacları" ilə qarşılaşması və öz ölümünü xəbər alması epizoduna dayanır. Əfsanəyə görə, bu ağaclardan biri erkək (Günəş), digəri isə dişi (Ay) olub dünyanın sonundan xəbər verir.
Əbülqasım Firdovsinin hökmdarlar haqda kitabı və ya "Şahnamə" əsərində (X–XI əsrlər) İsgəndərin bu ağacla görüşü geniş təsvir olunmuşdur. Əsərin illüstrasiyalı əlyazmalarında bu epizodla bağlı miniatürlər vaq-vaq dekorativ motivinin ən kamil nümunələri hesab olunur.
Elxanilər dövləti (1256–1335) dövründə Şahnamədə Günəş və Ay ağacının "vaq-vaq" ağacı ilə yaxınlığı tez-tez qeyd olunur.
Hər iki ağac növbə ilə gündüz və gecə yarısı danışır. Onlar İsgəndərin ölümünü qabaqcadan xəbər verməzdən əvvəl onu acgözlüyünə və qeyri-məhdud hakimiyyət istəyinə görə qınayırlar.
Təsviri və dekorativ sənətlərdə İki gövdənin (erkək və dişi) bir ümumi kökdən çıxdığı kəhanət ağacı, müəyyən bir məqamda sənətkarların qavrayışında vaq-vaq ağacı barədəki təsəvvürlə birləşmişdir.
XI əsrdə oxşar təsvir motivləri parçalarda, şüşə qablarda, ağac oymalarında, əlyazma bəzəklərində və memarlıqda daş bəzəklərində naxışlar kimi mövcud olmuşdur. Təsvirlərdə tez-tez ağaclar heyvan başları və müxtəlif çiçəklərlə bəzədilirdi.
Azərbaycanın Bakı şəhəri yaxınlığında, dənizin altından tapılan XIII əsrə aid Bayıl daşları üzərində təsvir edilən vaq-vaq motivi sərbəst xarakter daşıyır, yəni bu motivlərin müstəqil şəkildə işləndiyini göstərir. Daş lövhə üzərində vaq təsvirləri daşlara oyulmuş yazılar arasında boş qalan sahələrdə yerləşdirilmişdir.
Xalça sənətində vaq təsviri özünəməxsus şəkildə təqdim edilir. İlkin dövrlərdə xalça ustalarının təsəvvüründə bu mifik bitkinin budaqları ənənəvi olaraq quş başları ilə sonlanırdısa, zaman keçdikcə müəllif təxəyyülünün inkişafı nəticəsində bu elementlər daha mürəkkəb və fantastik heyvan, hətta insan başları ilə əvəz olunmağa başlamışdır.
Orta əsr ornament sənətində insan, fil, şir, it, keçi və digər heyvanların stilizə edilmiş baş təsvirləri ümumi şəkildə "vaq" adlandırılırdı ki, Bu bəzək elementləri "vaq-vaq" ağacı haqqındakı əfsanələrə uyğun olaraq iki formada kompozisiyaya daxil edilirdi: qoşa (iki qat) konturlu (erkək-budaq) və ya tək (dişi-budaq) spirallarda (piçəklərdə) yerləşdirilirdi.
XI–XII əsrlərdən etibarən bu təsvirlər spiralların qovşağında (budaqların ayrılma nöqtələrində), XIII–XIV əsrlərdə isə budaqların uclarında və ya zirvələrdə (piçəklərin sonluqlarında) yerləşdirilmişdir. XV–XVII əsrlərdə canlı başlarına bənzəyən "meyvələr" əyri xətlərlə çəkilmiş nəbati elementlərin mərkəzində, xüsusilə iri çiçəklərin daxilində və ya əksər hallarda güllərin arxasında təsvir edilmişdir.
Maraqlıdır ki, arxa planda təsvir olunan quşlar (çox vaxt bülbüllər) tərsinə çevrilərək başlarını aşağı əymiş vəziyyətdə təsvir edilir. Bu cür (yəni başını aşağı salmış, "boynunu bükmüş" şəkildə) təsvir edilən bülbül obrazı klassik Azərbaycan ədəbiyyatında və xalq dastanlarında sevgi simvolu sayılır; məhəbbət bahar fəsli ilə, xüsusən də həmin fəsildə canlanan qızılgülün başına dolanan bülbül ilə simvolizə edilir.
Bu elementlərə əlavə olaraq bəzən başıaşağı ilan təsviri də rast gəlinir ki, bu da vaxtilə müəyyən dini-fantastik məna kəsb etmiş və hansısa inanc növü ilə əlaqələndirilmişdir (məsələn, əjdaha təsviri olan xalçalar). Bu cür təsvirlər elementin formasını daha da zənginləşdirmişdir.
Zaman keçdikcə "Vaq-vaq" motivi Azərbaycan dekorativ sənətlərində və memarlığında əks olunan "Ləçək-turunc", "Əfşan", "İslimi-bəndlik" və s. kimi ornamental kompozisiyaların əsas detalına çevrilmişdir.
İslimi-bəndlik ornamental kompozisiyadan Şirvanşahlar saray kompleksinin bədii tərtibatında geniş istifadə edilmişdir.
XIX əsr — XX əsrin əvvəlinə aid sənət nümunələrində "vaq-vaq" ornamental motivi forma və məzmun baxımından sadələşdirilmiş və əsasən quş başını xatırladan "qübbə" sonluğu şəklində təsvir edilmişdir. "Vaq-vaq" motivinin ən bariz nümunələri Təbriz xalça məktəbinə aid "Ləçəkturunc" və "Ləmpə" xalçalarında, həmçinin Qarabağ xalça məktəbinə aid "Ləmpə" xalçasında əks olunmuşdur."Vaq-vaq"' naxışlı xalçalar daha çox Təbrizdən 100 km şimal-şərqdə (Qaradağ və Sarab mahallarının sərhədində) yerləşən Heriz nahiyəsində toxunur; belə ki, bu məntəqə hələ XII əsrdən bəri xalçaçılıq mərkəzi kimi məşhurdur.
İstinadlar
Xarici keçidlər
Mənbələr
Kateqoriya:Ərəb mifologiyası Kateqoriya:Mifologiyada ağaclar Kateqoriya:Ərəbistan dənizi adaları Kateqoriya:Asiyanın tarixi vilayətləri