Ümumavstriya Qadınlar Birliyi () — 1893-1919-cu illər arasında fəaliyyət göstərən Avstriyada qadınlarının seçki hüququ uğrunda mübarizə aparan təşkilat. Tarixi 1848–1849-cu illər Avstriya inqilabı zamanı Karolina fon Perin-Qradenştayn Avstriya imperiyasının ilk qadın birliyini, "Vyana Demokratik Qadınlar Birliyi"ni (Wiener Demokratischer Frauenverein) təsis etdi. Lakin inqilabın zorakılıqla yatırılmasından sonra qadınların siyasi iştirakı qadağan edildi və klub ləğv olundu.
1867-ci il "Dərnəklər haqqında Qanun" (Vereinsgesetz) ilə siyasi birliklərə yenidən icazə verildi, lakin qanunun 30-cu maddəsi "əcnəbilərə, qadınlara və yetkinlik yaşına çatmayanlara" qarşı ayrı-seçkilik edirdi; bu isə o demək idi ki, qadınlar rəsmi olaraq yalnız xeyriyyə və ya təhsil cəmiyyətlərində iştirak edə bilərdilər.
1848-ci il inqilabından sonra, əhəmiyyətli mülkiyyətə və ya biznesə sahib olan azsaylı qadınlara bəzi yerli bələdiyyələrdə, 1861-ci ildən isə həm də regional parlamentlərdə (Landtag) səsvermə hüququ verilmişdi, lakin bu, əsl qanunverici məclis olan İmperiya Şurasına aid deyildi. Bununla belə, hətta bu natamam və parçalanmış səsvermə hüququ da 1884–1904-cü illər arasında həyata keçirilən seçki islahatları dalğasında geri alındı. Bu, qadınların tam səsvermə hüququ qazanmaq üçün yenidən səy göstərmələrinə təkan verdi. 1892-ci ildə Avstriya Sosial Demokrat Partiyası öz partiya platformasına cinsiyyət fərqi qoyulmadan ümumi, bərabər və gizli səsvermə hüququ tələbini daxil etdi. Lakin partiyanın kişi üzvləri çox vaxt buna az dəstək verirdilər və qadınların səsvermə hüququ ümumilikdə ikinci dərəcəli bir hədəf hesab olunurdu.
Təsis edilməsi 28 yanvar 1893-cü ildə Vyananın Köhnə Ratuşasında (Altes Rathaus) Ottilie Turnauun rəhbərliyi ilə Ümumi Avstriya Qadınlar Birliyinin təsis iclası keçirildi. Aqusta Fikkert birliyin ilk prezidenti seçildi. Digər mühüm üzvlər vitse-prezident kimi Roza Mayreder, həmçinin Mari Lanq və Marianna Hayniş idi. İrma fon Troll-Borostyani də təşkilatın həmtəsisçilərindən biri olub. 250px|thumb|right|Ümumavstriya Qadınlar Birliyinin ilk sədri Aqusta Fikkert Qanun dərnəklərin siyasi fəaliyyətlə məşğul olmasını qadağan etsə də, bu qadağa fərdi şəxslərə şamil edilmirdi. Bu isə Aqusta Fikkertə siyasi mövzularda xalq toplantıları çağırmaq imkanı verirdi. Dekret məzuniyyəti, fahişəlik, seksuallıq və qadınların səsvermə hüququ kimi dövrün aktual məsələləri ilə bağlı bəyanatlar verməklə, Ümumavstriya Qadınlar Birliyi qadınların siyasiləşməsinə töhfə verirdi. 1890-cı illərin ortalarından etibarən birlik nikah və ailə hüququnun islahatı üçün kampaniyalar aparır, orta təbəqədən olan çalışan qadınların və qadın dövlət qulluqçularının problemlərini müdafiə edirdi. 1894-cü ildə Tereza Şlezinger birliyə qoşuldu və mühüm iştirakçılardan birinə çevrildi.
1893-1897-ci illər arasında liberal siyasətçi Ferdinand Kronavetter və onun "Voksstimme" (Xalqın səsi) qəzetinin köməyi ilə hər ay "Das Recht der Frau" (Qadın hüququ) adlı partiya qəzeti nəşr olunurdu. 1899-cu ildə birlik öz jurnalını — əsas diqqəti səsvermə hüququ məsələsinə yönəldən Dokumente der Frauen (Qadın sənədləri) jurnalını dərc etdi. Fikkert, Mayreder və onların həmkarı Mari Lanq arasındakı ixtilafdan sonra bu jurnalın nəşri dayandırıldı və 1902-1918-ci illər arasında dövriyyədə olan yeni jurnal, "Neues Frauenleben" (Yeni qadın həyatı) işıq üzü gördü.
1902-ci ildə bir neçə Avstriya qadın dərnəyi birləşərək (hazırda da mövcud olan) çətir təşkilatı — Avstriya Qadın Təşkilatları Federasiyasını (BÖFV) yaratdılar və Ümumavstriya Qadınlar Birliyi (AÖFV) də bu federasiyanın üzvü oldu. Lakin Fikkert AÖFV-nin yeni təşkilatın icraiyyə komitəsində təmsil olunmasını tələb etdi və "Neues Frauenleben" jurnalı üçün tənqidi məqalələr yazaraq Avstriya Qadın Təşkilatları Federasiyasını həddindən artıq qeyri-siyasi olmaqda ittiham etdi.
Hələ 1895-ci ildə Fikkertin təşəbbüsü ilə Vyanada "Rechtsschutzstelle" adlı hüquqi məsləhət xidməti yaradılmışdı. Bu xidmət (xüsusilə yoxsul və subay) qadınlara təmənnasız (pro bono) hüquqi yardım göstərirdi. Əvvəlcə bu məsləhətlər Fikkertin şəxsi evində verilirdi, lakin sonradan Vyana şəhər rəhbərliyi ictimai binada ofis istifadəsinə icazə verdi. 1901-ci ilə qədər xidmət üç fərqli yerdə fəaliyyət göstərirdi və bir il sonra o qədər böyüdü ki, AÖFV-nin müstəqil bölməsi kimi təşkilatlandırıldı.
Həmçinin 1902-ci ildə İda Meyerin rəhbərliyi ilə Qadın Dövlət Qulluqçuları Bölməsi (Beamtinnensektion) təsis edildi. Bu bölmə dövlət qulluğunda çalışdıqları üçün sosialist təşkilatların "fəhlə sinfi" anlayışına daxil edilməyən qadınları təmsil etməyi hədəfləyirdi. Bura ilk növbədə poçt işçiləri, daha sonra isə qadın teleqraf operatorları daxil idi.
Ümumavstriya Qadınlar Birliyi və Avstriya Qadın Təşkilatları Federasiyası arasında böyüyən ixtilaf 1906-cı ilin yanvarında kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt BÖFV, AÖFV-nin qadın dövlət qulluqçuları bölməsinə birbaşa rəqib olan yeni bir birlik — "İmperiya Poçt, Teleqraf İşçiləri və Yardımçı Poçt Qulluqçuları Birliyi"ni təsis etdi. Bu addım AÖFV-nin çətir təşkilatdan ayrılmasına səbəb oldu. Bu isə öz növbəsində Ümumi Avstriya Qadınlar Birliyinin (AÖFV) 24 üzvünün, o cümlədən Marianna Hainişin etirazına və istefasına gətirib çıxardı. Bu hadisə Avstriya qadın hərəkatının mülayim (BÖFV) və radikal (AÖFV) qanadlara bölünməsi kimi qiymətləndirilir.
Son illər 1910-cu ildə Aqusta Fikkert vəfat etdi və prezidentlik vəzifəsi əvvəlcə boş qaldı. Bu müddətdə vitse-prezidentlik vəzifəsini Matilda Hanzel-Hübner və Sofi Reqen bölüşdülər. Birliyin daxilində əvvəllər yəhudi qadınların mühüm vəzifələr tutmasına baxmayaraq, Birinci Dünya müharibəsi ərəfəsində Leopoldina Kulka (o, antisemitizmmə qarşı idi) və onun Fikkertin yerinə keçmək istəyi ilə bağlı antisemit müzakirələr yarandı. Müharibə əvvəlcə səsvermə hüququ uğrunda səylərin çoxunu dayandırdı. Qadınların yenidən kampaniyalara qayıtması 1916-cı ilə, qadın dərnəklərinin təkrar iclaslar keçirməsi isə daha bir il sonraya təsadüf etdi. Pasifizm (sülhpərvərlik) məsələsi mübahisəli idi, çünki pasifist fəaliyyətlər qadağan olunmuşdu. Lakin AÖFV digər qadın dərnəklərindən fərqli olaraq müharibə əleyhinə prinsiplərinə sadiq qaldı. Hələ 1915-ci ildə Leopoldine Kulka və Olqa Misar Haaqa Sülh Konqresində iştirak etmişdilər. 1917-ci ildə isə AÖFV-nin tərkibində Elza Beer-Anqererin rəhbərliyi ilə müharibənin dayandırılmasını tələb edən "Sülh Partiyası" (Friedenspartei) adlı daha bir bölmə yaradıldı.
12 noyabr 1918-ci ildə, Avstriya-Macarıstanın süqutundan sonra Alman-Avstriya Respublikası elan edildi və cinsiyyətindən asılı olmayaraq bütün yetkin vətəndaşlara aktiv və passiv səsvermə hüququ verildi. Bu, Avstriyada qadınların səsvermə hüququnun nəhayət əldə edilməsi demək idi. Ehtimal olunur ki, elə bunun nəticəsi olaraq 1919-cu ildə Ümumi Avstriya Qadınlar Birliyi ləğv edildi. Buna baxmayaraq, birliyin bir neçə üzvü öz siyasi fəaliyyətlərini beynəlxalq səviyyədə, məsələn, "Sülh və Azadlıq uğrunda Beynəlxalq Qadınlar Liqası" çərçivəsində davam etdirdilər.
Məqsədləri Birliyin əsas məqsədi qadınların cəmiyyətdə rolunun artırılması uğrunda mübarizə təşkil edirdi. Bu mübarizəyə ümumi rifah, təhsil sistemi və demilitarizasiya (silahsızlaşdırma) daxil idi. Qadınların səsvermə hüququ isə bu hədəflərə çatmaq üçün bir vasitə kimi görülürdü.
İstinadlar
Kateqoriya:1893-cü ildə yaranan siyasi təşkilatlar