Adil bəy Ağabababəyov-Muğanlinski () — Cümhuriyyət tələbəsi.
Adil bəy İrəvan kişi gimnaziyasında təhsil alıb, Azərbaycan Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali tibb təhsili almaq üçün Berlinə göndərilib.
İrəvanlı hüquqşünas, kollej müşaviri, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin ədliyyə naziri Abbasəli bəy Ağabababəyovun oğlu və azərbaycanlı hüquqşünas, Cümhuriyyət tələbəsi, repressiya qurbanı Əsildar bəy Muğanlının qardaşıdır.
Həyatı Adil bəy Ağabababəyov-Muğanlinski 1898-ci il dekabrın 13-də İrəvanda anadan olub. 1917-ci ildə İrəvan kişi gimnaziyasını bitirib.
1919-cu ilin oktyabr ayından 1920-ci ilin yanvar ayına qədər Adil bəy Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Dairə Məhkəməsində işləyib.
Cümhuriyyət Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub.
Adil bəy də ali təhsil almaq üçün xaricə göndərilmək üçün seçilmiş tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin ilk hissəsi 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryol Vağzalından yola salınıblar. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Bir neçə müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Adil bəy Almaniyaya köçüb və Berlində Tibb Universitetində təhsil almağa başlayıb. Daha sonra təhsilini dayandırıb və 1923-cü ildə Parisə gedib və orada təhsil almağa davam edib. 1935-ci ildə NKVD tərəfindən həbs olunan Əsildar bəy dindirilərkən qardaşından 3 ay qabaq xəbər aldığını və onun Parisdə yaşadığını qeyd edib. Adil bəyin sonrakı həyatı haqda məlumat yoxdur.
Ailə üzvləri 160px|thumb|Abbasəli bəy Ağabababəyov övladları ilə birlikdə|left Adil bəyin atası Abbasəli bəy Ağabababəyov 1869-cu il yanvarın 2-də İrəvanda anadan olub. 1879–1881-ci illərdə İrəvan kişi progimnaziyasında, 1881–1889-cu illərdə İrəvan kişi gimnaziyasında, 1890–1894-cü illərdə Moskva İmperator Universitetinin Hüquq fakültəsində təhsil alıb. İrəvan dairə məhkəməsində, Yeni Bəyazid, Üçmüədzin, Şərur-Dərələyəz qəzalarında, Tiflis Dairə məhkəməsində, Zaqatala və Duşetdə müxtəlif vəzifələrdə çalışıb. 1901-ci ildə titulyar müşavir, 1904-cü ildə kollej assesoru, 1909-cu ildə saray müşaviri, 1913-cü ildə isə kollej müşaviri rütbələri alıb. Fəaliyyəti dövründə III dərəcəli "Müqəddəs Anna" ordeni və II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub.
1918–1919-cu illərdə Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin ədliyyə naziri olub. 1919-cu ildə ailəsi ilə birlikdə İrəvandan Gəncəyə köçüb. Elə həmin il Cümhuriyyət hökumətinin sərəncamı ilə Gəncə Dairə Məhkəməsinin sədri təyin olunub. Abbasəli bəy Leyla xanım Sultanova ilə ailə qurub. Bu evlilikdən Adil, Əsildar, Nurəddinpaşa, Fuadpaşa, Nəzirə və Zərifə adlı övladları dünyaya gəlib.
Adil bəyin qardaşı Əsildar bəy 1900-cü il sentyabrın 14-də İrəvanda anadan olub. İrəvan Kişi Gimnaziyasında təhsil alıb. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Gəncədə Sülh Məhkəməsində katibin köməkçisi kimi işləyib. Təhsil almaq üçün xaricə göndərilən Cümhuriyyət tələbələrindən biri olub. Əsildar bəy Leypsiq Universitetinin hüquq fakültəsində təhsil alıb. 1928-ci ildə Azərbaycan SSR-yə qayıdıb. 1930-cu il iyulun 1-dən 1933-cü il martın 8-ə qədər SSRİ Dövlət Bankının Azərbaycan kontorunun kassa planlaşdırması qrupunda müxtəlif dövrlərdə məsləhətçi, baş məsləhətçi və müdir işləyib. 1935-ci il iyunun 25-də Məhiş bəy Səfərov və Firidun Əliyevlə birlikdə həbs olunub və onların istintaq işləri birlikdə aparılıb. Onları əks-inqilabi faşist təşkilata üzv olmaqda ittiham ediblər. 1936-cı il yanvarın 3-də Əsildar bəy Muğanlını 3 il müddətinə azadlıqdan məhrum ediblər və Daşkənddə yerləşən islah əmək düşərgəsinə göndəriblər. Bir müddət sonra isə Qazaxıstan SSR-nin Karaqanda vilayətinə sürgün edilib. 1957-ci il sentyabrın 3-də bəraət alıb. 1961-ci ildə Bakıda vəfat edib.
Adil bəyin bacısı Zərifə xanım Muğanlinskaya 1903-cü il dekabrın 4-də İrəvanda anadan olub. Azərbaycanda fiziologiya üzrə ilk mütəxəssislərdən biri olub. 1937-ci ildə həbs olunub və Türküstana sürgün edilib. 34 yaşında sürgündə ikən dünyasını dəyişib.
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Muğanlinskilər Kateqoriya:İrəvanda doğulanlar Kateqoriya:İrəvan kişi gimnaziyasının məzunları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri