Postmilliyyətçilik və ya Postnasionalizm — milli dövlətlərin və kimliklərin fövqəlmilli (supranasional) və qlobal subyektlər qarşısında əhəmiyyətini itirdiyi proses və ya tendensiya. Postnasionalizm nasionalizmin (millətçiliyin) birbaşa antonimi olmasa da, bu iki termin və onlarla bağlı fərziyyələr bir-birinə tamamilə ziddir.
Postnasionalizm amillərinin formalaşmasına iqtisadi, siyasi və mədəni elementlər daxil olmaqla bir neçə faktor təsir göstərir:
İqtisadi amillər: Xammal, sənaye malları və xidmətlərin beynəlxalq ticarətinin genişlənməsi, transmilli korporasiyaların artan rolu və maliyyə bazarlarının beynəlmiləlləşməsi kimi qlobal iqtisadi faktorlar diqqəti milli iqtisadiyyatlardan qlobal iqtisadiyyata yönəltmişdir. Siyasi amillər: Siyasi hakimiyyət qismən milli orqanlardan fövqəlmilli təşkilatlara — BMT, Avropa İttifaqı, NAFTA (Şimali Amerika Azad Ticarət Sahəsi) və ya NATO kimi təşkilatlara keçmişdir. Mədəni amillər: Kütləvi informasiya vasitələri və əyləncə sənayesi daha qlobal xarakter alır, bu da fövqəlmilli səviyyədə yeni tendensiyaların və rəyin formalaşmasına şərait yaradır.
Postnasionalizm postindustrial formasiyanın nasionalizmi — postindustrial nasionalizm kimi də nəzərdən keçirilir. Bu konsepsiyaya görə, ayrı-ayrı millətlərin maraqları müəyyən bir millətlər ittifaqının (xalqlar ailəsinin) maraqlarına zidd ola bilməz. Hər bir millət öz rifahı üçün hər hansı bir addım atdıqda, ilk növbədə bunun bütün sistem üçün faydalı olub-olmadığını dəyərləndirir. Özü üçün həyata keçirdiyi fəaliyyət bütün ittifaqa ən azı kiçik də olsa fayda gətirməlidir.
İstinadlar
Biblioqrafiya
Kateqoriya:Postmilliyyətçilik Kateqoriya:Qloballaşma Kateqoriya:Politologiya terminologiyası