Sara Manafova (tam adı: Sara Məmməd Ağa qızı Manafova (Namitokova); ) — Azərbaycanın rəngkar və qrafik rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. SSRİ Rəssamlar İttifaqının üzvü (1969). UNESCO-nun Beynəlxalq Rəssamlar Assosiasiyasının üzvü (1993). "Miniatür-1994" sərgisinin laureatına (1994), "Humay" Milli mükafatına (1996), Azərbaycan SSR əməkdar rəssamı adına (2002), Diaspora Birinci mükafatına (2003) layiq görülmüşdür.
Həyatı Sara Manafova (Namitokova) Məmməd Ağa qızı 19 oktyabr 1932-ci ildə Bakıda ziyalı ailəsində doğulmuşdur. 1956-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. 1960-cı ildə incəsənətdə ilk müstəqil addımlarını atmağa başlamışdır.
1964-cü ildən Sara Manafova SSRİ Mədəniyyət Nazirliyinin Ümumittifaq rəssamlar reyestrinə daxil edilmiş və onun əsərləri respublikada müsabiqəsiz ümumittifaq sərgilərində təqdim olunurdu və ümumittifaq rəssamlıq seminarlarında, xaricə beynəlxalq seminarlarında iştirak edirdi.
1965-ci ildə Tiflis Rəssamlıq Akademiyasını bitirmişdir.
O, 2007-ci il avqustun 13-də Bakı şəhərində vəfat etmiş və Maştağa qəbiristanlığında dəfn edilmişdir.
Rəssamlıq fəaliyyəti Rəssamın əsərləri Tunis, Mərakeş, Əlcəzair, Bolqarıstan, İtaliya, Norveç, Finlandiya, Yaponiya, Türkiyə, İran, Almaniya, Polşa, Fransa, Danimarka və digər ölkələrdə nümayiş etdirilmişdir. Moskva şəhərində 1968 ildə keçirilən sərgidə, rəssamın idman mövzusunda "Gənclik" adlı əsəri nümayiş etdirilmişdir. Vyetnam müharibəsi ilə bağlı, 1970 ildə yaradılmış "Sonqmi kəndinin əhalisinin xatirəsinə" triptix, beynəlxalq səviyədə çox uğurla qarşılanmiş və dünyanın bir çox ölkələrində nümayiş etdirilmişdir. Şərq və Qərb incəsənətinin zəngin ənənələrinin sintezi, Sara Manafovanın bütün rəngkarlıq və qrafik əsərlərində öz əksini tapmışdır. Rəssam öz üslubu axtarışında milli adət-ənənələrə və nəsildən-nəslə ötürülən yaddaşa müraciət edirdi. Bu axtarışlar "Abşeron haqqında poema" və "Azərbaycan", "1982-ci ilin baharı" triptixində öz əksini tapdı. Kompozisiyanın mərkəzində onun bir çox rəsmlərinin sevimli qəhrəmanı — Ana dayanır. "1982-ci ilin baharı" və 1985-ci ildə "Azərbaycan" əsəri Yaponiyada keçirilən Ümumdünya sərgisində nümayiş etdirilmişdir. 1987-ci ildə Moskvada, 1989-cu ildə Polşada, 2007-ci ildə Bakıda rəssamın fərdi sərgiləri keçirilmişdir. "Oxatan" adlı digəri əsər Münhendə keçirilən Beynəlxalq Olimpiya sərgisində maraqla qarşılanmışdır. Sərgilərdən sonra bu tablolar muxtəlif jurnal, açıqca və pannolarda çap olunmuş və Sovet İttifaqının bütün idman saraylarında divar rəsmləri arasında yayılmışdır.
1993-cü ildə UNESCO-nun Beynəlxalq Rəssamlar Assosiasiyasının üzvü seçilmişdir. Onun əsərləri bir çox muzey və qalereyaların kolleksiyasına daxil olmuşdur. Rəssamın tabloları; Şərq Xalqlarının İncəsənət Muzeyi (Rusiya, Moskva), Özbəkistan Dövlət Təsviri İncəsənət Muzeyi (Daşkənd), İncəsənət Qalereyası (Sumqayıt), Azərbaycan Milli İncəsənət Muzeyi (Bakı), Dövlət Sərgi Qalereyası (Bakı), o cümlədən bütün dünya üzrə bir çox şəxsi kolleksiyalara daxildir.
Moskva şəhərində 1987-ci ildə keçirilən fərdi sərgsində Sara Manafova ilk dəfə olaraq, dahi şair Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş "Yeddi gözəl" poeması əsasında əsərlərinin yeni silsiləsini nümayiş etdirmiş və Nizami poeziyasını təsvirlərdə tamamilə yeni yozumunu təmsil etmişdir. Bu əsərlər illüstrasiya deyil, poeziya aləmində fəlsəfi məna ilə dolu müstəqil bədii obrazlardır. "Yeddi gözəl"-in hər hekayəsi Nizami ideyasına görə müəyyən rəng-simvolda çəkilmişdir. Burada Sara Manafovanın yaratdığı üslub qismən Şərq miniatürünü xatırladır. "Yeddi gözəl" poemasının motivləri əsasında işlənmiş silsilə əsərlərdə bu xüsusilə nəzərə çarpır və muassir miniatür sayıla bilər.
Rəssamın xüsusi dəst-xətti ilə, 2000-ci ildə yaradılmış "Tatuaj. Epataj" silsilə tablolarında özünü göstərmiş, çox diskussiya yaratmışdır. Amma daimi olaraq, rəssamın əsərlərində bir xüsusiyyət təkrarlanır — qadın obrazı və qadın dünyasına böyük məhəbbəti. Psixoloji portret ustası Sara Manafova özünəməxsus xüsusi portret janrını yaratmış. Onun dünya şöhrəti qazanmış məşhur əsərləri: "Fleyta çalan qız", "Quşlu qız", "Sevda xanımın portreti", "Qızın portreti" həmin xüsusiyyətləri vurğulayır. Miniatür üslubunda yaradılmış "İçərişəhər" silsiləsi, "Qadın hamamı" və "Novruz bayramı" kimi əsərlərdə diqqəti cəlb etmişdir.
Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş sərgidə ölməz poeması "Leyli və Məcnun" mövzusunda fəlsəfi triptixidir, böyük maraq oyatmışdır. Rəssama rəngkarlıqdan qrafikaya qədər istənilən texnika bəlli idi. Onun yaradıcılığında xüsusi yeri portret tutsa da, natürmort və mənzərə janrlarına da müraciət etmişdir.
Mükafatları
1990-cı ildə — 20 Yanvar hadisələrinə həsr edilmiş "Qara qızılgül" əsəri xüsusi mükafat almışdır. 1990-cı ildə — "Xocalı faciəsi. Haray" əsəri isə Diasporla İş üzrə Dövlət Komitəsinin mükafatına layiq görülmüşdür. 1994-cü ildə — "Miniatür-1994" sərgisinin laureatı. 1996-cı ildə — "Humay" Milli mükafatı 2002-ci ildə — Azərbaycan SSR əməkdar rəssamı. 2002-ci il — Əməkdar incəsənət xadimi fəxri adı. 2003-cü ildə — Diaspora Birinci mükafatı.
Həmçinin bax Rəssamlıq
Mənbə İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Манафова Сара — художник, заслуженный деятель искусств
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Bakıda doğulanlar