Mustafa Vəsfi Süsoy (; ) — türk hərbi xadimi və siyasətçisi.

Birinci Dünya müharibəsi zamanı Mustafa Kamal Paşa 7-ci Ordunun komandiri olduqdan sonra, sonrakı bütün tapşırıqlarında onun rəhbərliyi altında qərargah komandiri vəzifəsində çalışmışdır. Süsoy, Mustafa Kamalın Bandırma gəmisi ilə İstanbuldan yola düşməsi zamanı 9-cu Ordunun müfəttişi olaraq, Türkiyə İstiqlaliyyət müharibəsini başlatmaq üçün Samsuna gedən nümayəndə heyətinin tərkibində idi.

Qırmızı-yaşıl zolaqlı İstiqlal medalı ilə təltif edilən Süsoy, Türkiyə Böyük Millət Məclisinin 1-ci, 2-ci, 3-cü və 4-cü çağırış Tokat millət vəkili seçilmişdir. Həyat və fəaliyyəti 1876-cı ildə Tokatda anadan olmuş Mustafa Vəsfi bəyin atası Kəhpazzadə Osman Əfəndi, anası Nəfisə xanım olub.

Orta təhsilini Tokat Rüştiyyəsində (orta məktəb) başa vurub. 1893-cü ildə könüllü olaraq orduya yazılmış, ordudan tərxis olunduqdan sonra isə orduda qalıb. Albaniya, Rumeli və Şərq əyalətlərindəki hissələrdə xidmət edib, 1899-cu ildə leytenant, 1903-cü ildə isə baş leytenant rütbəsinə yüksəlib.

O, Mustafa Kamal ilə 1909-cu il 31 mart üsyanını yatırmaq üçün görəvləndirilən Hərəkat Ordusunda tanış olub. Birinci Dünya müharibəsi zamanı Mustafa Kamal Paşanın rəhbərliyi altında qərargah zabiti kimi xidmət göstərib. O, Mustafa Kamal Paşa tərəfindən mühacir əsilli Aləmşah xanımla evləndirilib. Onların bu nikahdan üç övladı: Nəfisə, Mithat və Hülki Salih dünyaya gəlib.

Mustafa Kamal Paşa 9-cu Orduya təyin edildikdə o, Bandırma gəmisi Samsuna gedən heyətin tərkibində qərargah zabiti idi. Ailəsini İstanbulda qoymaq istəmədiyi üçün Mustafa Kamal Paşadan həyat yoldaşı və övladlarını Bandırma gəmisi ilə Samsuna gətirmək üçün icazə almışdı. Bandırma gəmisindəki heyətlə birlikdə Samsuna gələn ailəsi oradan Tokata getdi, özü isə Samsunda qaldı. O, 9 oktyabr 1919-cu ildə Kürəkən Fərid Paşa hökuməti tərəfindən yaş məhdudiyyəti səbəbindən təqaüdə göndərilsə də, Ankara hökuməti bu qərarı tanımadı.

1920-ci ildə birinci müddətdə Tokat millət vəkili seçilən Mustafa Vəsfi bəy üzrlü səbəb ilə Parlamentdə iştirak edə bilməyən Abdullah Fəhmi Əfəndini əvəz etdi. O, Mustafa Kamal Paşaya yaxın olan parlament qrupunda yer alırdı.

12 dekabr 1923-cü ildə o, İstanbul hökumətinin onu Samsunda Mustafa Kamal Paşa ilə İstiqlaliyyət müharibəsində iştirak etdiyi üçün rütbəsiz təqaüdə göndərdiyindən onun mayor rütbəsinə yüksəldilməsi üçün ərizəsi ilə müraciət etdi. Mustafa Vəsfi bəyin xahişi gizli iclasda müzakirə edilərək, təsdiq edildi. Əlavə olaraq, cəbhə xətti və Türkiyə Böyük Millət Məclisindəki xidmətlərinə görə qırmızı və yaşıl zolaqlı İstiqlal medalı ilə də təltif edildi.

Mayor rütbəsinə yüksəldikdən qısa müddət sonra Mustafa Vəsfi bəy təqaüdə çıxdı, lakin Tokat millət vəkili olaraq fəaliyyətini davam etdirdi. O, Meşəçilik, Mədən, Milli Müdafiə və Ərizə komitələrində çalışmışdır. Onun ən vacib qanunvericilik fəaliyyətlərinə Tədrisin Birləşdirilməsi haqqında Qanun təklifi və Dini İşlər və Vəqflər Nazirliyinin ləğvi təklifləri daxildir.

1924-cü ildə Mustafa Kamal Paşa və həyat yoldaşı Lətifə xanımın Tokat ziyarəti zamanı onu Tokatdakı malikanəsində qonaq etdi. İndi malikanə Atatürk Evi və Etnoqrafiya Muzeyi kimi fəaliyyət göstərir.

O, 10 dekabr 1934-cü ildə Ankarada, diabet səbəbindən ayağındakı sağalmayan yaradan müalicə alarkən vəfat etdi. Ankaradakı Cebeci Hərbi Şəhidliyində dəfn edildi.

Soyad Qanunu qəbul edildikdən sonra ailəsi "Süsoy" soyadını qəbul etdi.

İstinadlar

Kateqoriya:Mustafa Kamalın Samsuna gəlişi