Sübhan Telman oğlu Məmmədov () — Azərbaycan boksçusu. Dünya və Avropa çempionu.
Karyerası 7 sentyabr 2006-cı ildə Ağcabədidə anadan olub. İdmana cüdo və kikboksinq ilə başlasa da, yekunda boksu seçib.
2022-ci ilin oktyabrında İtaliyanın Yezolo şəhərində keçirilmiş kikboksinq üzrə uşaq, yeniyetmə və gənclərin dünya çempionatında lou-kik kateqoriyasında 45 kq çəki dərəcəsində qızıl medal qazanıb. Eyni ilin dekabr ayında "Ağcabədi Birlik" İdman Klubunun təmsilçisi kimi lou-kik kateqoriyasında 51 kq çəki dərəcəsində kikboksinq üzrə Azərbaycan Kubokunun qalibi olub. Dekabr ayında, həmçinin 51 kq çəki dərəcəsində boks üzrə gənclər arasında Azərbaycan çempionu adını qazanıb.
2023-cü ilin iyun ayında Macarıstanın Eqer şəhərində təşkil olunmuş yeniyetmə və gənclər arasında beynəlxalq turnirdə qızıl medal əldə edib. Həmin ilin avqust ayında gənc boksçulardan ibarət Azərbaycan millisinin heyətində Minskdə keçirilmiş II MDB Oyunlarında iştirak edib.
2024-cü ilin dekabr ayında 48 kq çəki dərəcəsində boks üzrə böyüklər arasında Azərbaycan çempionu olub. Turnirdən sonra Məmmədovun qolu sınıb və bu səbəbdən o, beynəlxalq "Stranca" turnirində iştirak edə bilməyib.
2025-ci ilin aprel ayında finalda azərbaycan əsilli Gürcüstan boksçusu Sahil Alahverdovini məğlub edərək, Bakıda keçirilmiş "Böyük İpək Yolu" beynəlxalq boks turnirinin qalibi olub. Eyni ilin may ayında Almatıda Qazaxıstanın ilk müdafiə naziri, ordu generalı Saqadat Nurmaqambetovun anadan olmasının 101-ci ildönümünə həsr olunmuş beynəlxalq boks turnirində qızıl medal qazanıb.
2025-ci ilin iyun ayında Astanada "World Boxing"in təşkilatçılığı ilə keçirilmiş boks üzrə dünya Kubokunda bürünc medal əldə edib.
2025-ci ilin sentyabr ayında Liverpulda "World Boxing"in təşkilatçılığı ilə keçirilmiş ilk boks üzrə dünya çempionatında iştirak edib. O, 1/16 finalda Dominikan Respublikası təmsilçisini üstələməyi bacarsa da, 1/8 finalda türkiyəli Samet Gümüşə məğlub olaraq mübarizəni dayandırıb. İki ay sonra Budapeştdə keçirilmiş U-23 Avropa çempionatında 50 kq çəki dərəcəsində qalib olub.
2025-ci ilin dekabr ayında Dubayda Beynəlxalq Boks Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş dünya çempionatında ardıcıl olaraq Filippin, Tacikistan, Özbəkistan və Gürcüstan idmançılarına qalib qələrək finala yüksəlib. O, həlledici görüşdə özündən 10 yaş böyük — erməni əsilli Rusiya təmsilçisi Edmond Xudoyanı məğlub edərək qızıl medala sahib çıxıb. Bununla da Məmmədov, boks üzrə Azərbaycanın ən gənc dünya çempionu kimi adını tarixə yazdırıb.
İstinadlar
Xarici keçidlər Sübhan Məmmədov (solda) qalib elan olunur.
Kateqoriya:Azərbaycan kikboksçuları Kateqoriya:Azərbaycan boksçuları Kateqoriya:Boks üzrə dünya çempionları Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları