Duqlas Brent Heqdal () — Vyetnam müharibəsi zamanı hərbi əsir olmuş ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş ikinci dərəcəli baş kiçik zabiti (E-5). Azadlığa erkən buraxıldıqdan sonra təxminən 256 amerikalı əsirin adlarını və şəxsi məlumatlarını təqdim etmiş, həmçinin əsir düşərgələrindəki şərait barədə məlumat vermişdir.

Həyatı

İlk illəri Heqdal 3 sentyabr 1946-cı ildə anadan olmuşdur. Valideynləri norveçmənşəli miqrantların nəvələri idi və ailesinin dindar lüteran ənənələrinə bağlı olduğunu qeyd edirdi. O, 24 may 1966-cı ildə Cənubi Dakota ştatının Klark şəhərində yerləşən Klark orta məktəbini bitirmiş və dərhal ABŞ Hərbi Dəniz Qüvvələrinə xidmətə qəbul olunmuşdur. İlkin təlim və ixtisas məktəbindən sonra Dənizçi təcrübəçi rütbəsini almış və Diksi-Steyşn bölgəsinə göndərilmişdir.

6 aprel 1967-ci il tarixində, səhər saatlarında 20 yaşlı Heqdal Tonkin körfəzində, sahildən təxminən üç mil məsafədə yerləşən "USS Canberra" gəmisində olarkən 5 düymlük top qurğusunun partlayış dalğası nəticəsində bortdan dənizə düşmüşdür. O, bir neçə saat suda qaldıqdan sonra Vyetnam balıqçıları tərəfindən xilas edilmiş və onlar tərəfindən humanist münasibət görmüşdür. Saat 11:30-da keçirilən şəxsi heyət yoxlamasında itkin kimi qeydə alınmış, iki dəfə axtarış aparıldıqdan sonra rəsmi olaraq "dənizdə itkin düşmüş" statusu verilmişdir. Elə həmin gün o, vyetnamlı milis qüvvələrinə təhvil verilmiş və zorakılığa məruz qaldıqdan sonra Hanoyda yerləşən Hoalao həbsxanasına aparılmışdır.

Əsirlik dövrü

İlkin dindirilmələr zamanı istintaqçılar onun xüsusi təyinatlı qüvvələrin üzvü və ya kəşfiyyat agenti ola biləcəyini düşünmüşdülər, çünki "gəmidən partlayış nəticəsində düşməsi" hekayəsi inandırıcı görünmürdü. Heqdal bu şəraitdə özünü aşağı intellektli şəxs kimi göstərməyin daha təhlükəsiz olacağına qərar vermiş və bir neçə gün fiziki zorakılıqlara məruz qaldıqdan sonra onu təbliğat məqsədləri üçün yararsız olduğuna inandıra bilmişdir. Onun sadəlövhlük təəssüratı yaradan davranışları və gənc görkəmi bunu daha inandırıcı etmişdir.

ABŞ əleyhinə bəyanatlar yazması tələb edildiyi zaman oxuyub-yaza bilmədiyini iddia etmiş, bu isə nəzarətçiləri tərəfindən inandırıcı qəbul edilmişdir. Onu "islah" etmək məqsədi ilə yazı-oxu öyrətmək üçün bir şəxs ayrılmış, lakin uzun müddət "öyrənə bilməməsi" səbəbilə bu cəhdlər dayandırılmışdır. Sonralar vyetnamlılar tərəfindən "İnanılmaz dərəcədə axmaq" ləqəbi ilə tanınmış və düşərgə daxilində nisbətən sərbəst hərəkət imkanları əldə etmişdir.

Amerikalı əsirlər yeni gələnlərin kimliyini yoxlamaq üçün divarlara "Shave and a Haircut" ritmini şibbolet kimi istifadə etmiş və xüsusi şifrələmə sistemi qurmuşdular. Bu üsul əsirlər arasında təhlükəsiz ünsiyyət üçün döymə kodunun yaradılmasına imkan vermişdir. ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Cozef Krekka ilə birlikdə Heqdal təxminən 256 əsirin adlarını, əsir düşmə tarixlərini, vəziyyətlərini və şəxsi məlumatlarını yadda saxlamışdır. Bu məlumatları yadda saxlamaq üçün o, "Old MacDonald Had a Farm" uşaq mahnısını fasiləsiz təkrarlamaq metodundan istifadə etmişdir.

Onun kamerasında qalan baş zabit Riçard Allen Strettonun sözlərinə görə, Hegdal yeni eynəklərə ehtiyacı olduğunu iddia edərək şəhərə çıxarılmış və bu zaman Hanoy şəhərinə aparan marşrutu yadda saxlamışdır. Heqdal əsir düşərgəsində olduğu müddətdə beş yük maşınını yanacaqlarına torpaq tökməklə sıradan çıxarmışdır.

Azadlıqda

5 avqust 1969-cu ildə tarixində Heqdal leytenant Robert Frişman və kapitan Vesli Raml ilə birlikdə Şimali Vyetnam tərəfindən təbliğat məqsədilə vaxtından əvvəl azadlığa buraxılmışdır. Əvvəlcədən razılaşdırılmış qaydaya əsasən, əsirlər azadlığa erkən buraxılmağa razılaşmamalı idilər, lakin xüsusi olaraq Heqdalın məlumat ötürmə potensialı nəzərə alınaraq onun istisna kimi azadlığa buraxılmasına razılıq verilmişdir.

Xidmətdən tərxis olunduqdan sonra 1970-ci ilin dekabrında Ross Pero tərəfindən Paris sülh danışıqlarına göndərilmiş və Şimali Vyetnam nümayəndələri qarşısında əsirlərin məruz qaldığı işgəncələr barədə birbaşa şahid ifadələri təqdim etmişdir.Where are our PoW/MIA's? 1997

İstinadlar

Kateqoriya:Vyetnam müharibəsi iştirakçıları Kateqoriya:ABŞ hərbçiləri