Quba xanlarının sülaləsi — 130 il Quba xanlığını idarə etmiş sülalə.

Tarixi Quba xanlarının sülaləsinin mənşəyi Qaytaq türklərinə mənsub olan qumuqlarla və azərbaycanlı mənşəli Qacar sülaləsi ilə əlaqələndirilir.Родословная таблица Кубинских ханов // Акты, собранные Кавказской археографической комиссией. — Тифлис, 1875. — Т. VI, ч. II. — С. 907. Hacı Zeynalabdin Şirvani 1832-ci ildə yazdığı Bustanüs-səyahə əsərində yazır ki, "Qubanın hakimləri … Seyyidüş-Şühəda Həmzənin qızından olan nəsildəndirlər". XVIII-XIX əsrlərdə Quba xanlığını tədqiq edən Qerber, Qmelin və Butkov kimi müəlliflərin əsərlərində xanların etnik mənşəyi barədə hər hansı məlumatın verilməməsi diqqət çəkən məqamlardandır.

Quba xanlarının sülaləsinin mənsub olduğu Qaytaq usmiləri nəsli, VIII-IX əsrlərdə Salifan adlı türk mənşəli titul daşıyır, eyni zamanda Xeydaqan şah tituluna sahib idi. Ümumiyyətlə bu nəsil, II Şah Abbasın dövründə baş verən hadisələrdə rol oynamışdır. Abbasqulu ağa Bakıxanovun Gülüstani-İrəm əsərində bildirilir ki, bu nəslin nümayəndələri iki əsas qola — Məcalis və Yengikənd qollarına bölünürdü. Quba xanlarının sülaləsi məhz Məcalis qolundan gəlirdi. Usmi titulu bu qollar arasında yaşlılıq prinsipinə əsasən növbə ilə ötürülürdü. Lakin sonralar, təxminən 1640-cı illərin birinci yarısında, bu qollar arasında düşmənçilik yaranmış, Yengikənd qolu Məcalis qoluna hücum etmiş və yalnız azyaşlı Hüseyn xan Ayda bəyin köməyi ilə xilas olunmuş, sonralar İsfahana köçmüşdür. Bu müddətdə o, Qacar nəslindən olan bir zadəgan qızla ailə qurmuş və bu izdivacdan Hüseynəli xanın babası olan Əhməd xan doğulmuşdur. Məhz bu səbəbdən Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Abbasqulu ağa Bakıxanovun məlumatına görə, Hüseyn xan İranda yaşadığı müddətdə şiəliyi qəbul etmişdir. Bu dini etiqad sonradan Quba xanlarının sülaləsində davam etdirilmişdir.

Beləliklə, Şah Süleyman Səfəvidən əhəmiyyətli hərbi yardım alan Hüseyn xan 1688–1689-cu illərdə tərk etdiyi taxt-tacı ələ keçirmək üçün Qaytaqa yürüş etdi və irsi usmi mülkü olan Başlı kəndini tutdu, həmin illərdə Qaytaq usmisi oldu. Amma orada möhkəmlənə bilmədi və bir illik müddətdən sonra təxminən 1690-cı ildə Qubaya qayıtdı və orada vəfat etdi. XVII əsrin sonlarına doğru Hüseyn xanın oğlu Əhməd xan, Qaytaq və Qubadakı tərəfdarlarının dəstəyi ilə bölgədə nüfuz qazandı və 1706–1711-ci illərdə Qaytaq usmisi kimi fəaliyyət göstərdi. Lakin, sonradan Yengikənd usmilərinin nümayəndəsi olan "Böyük" usmi Əhməd xan hərbi qüvvə toplayaraq Başlını və Qaytaqın bir hissəsini ələ keçirdi. Nəticədə Qubalı Əhməd xan Məcalisə çəkilməyə məcbur oldu və 1711-ci ildə orada vəfat etdi. Əhməd xanın ölümündən sonra hakimiyyətə onun azyaşlı oğlu Sultanəhməd xan keçdi. Onun hakimiyyəti əsasən Quba şəhəri ilə məhdudlaşırdı. Lakin o, uzun müddət yaşamadı. 1718-ci ildə Sultanəhməd xan və onun ailə üzvləri Müşkürlü Hacı Davud tərəfindən edam edildi. Bu hadisədən yalnız onun azyaşlı oğlu, Fətəli xanın atası Hüseynəli xan xilas edilə bildi. Onu tərəfdarları Samurun yuxarı axarında yerləşən dağ kəndi Tahircara apararaq qorudular.А. А. Бакиханов Гюлистани -и Ирам Издательство "Ельм", Баку −1991. səh.123

Fətəli xanın hakimiyyəti Quba xanlığının qüdrətinin zirvəsi sayılır. Tarixi sənədlər göstərir ki, Quba xanları, o cümlədən Fətəli xan, diplomatik yazışmalarda və Qaytaq usmiləri ilə olan ərazi mübahisələrində heç vaxt özlərini usmi nəslinin varisi kimi təqdim etməmişlər. Fətəli xan II Yekaterinaya məktubunda şəcərəsini yalnız babası Sultanəhməd xandan başladır. Onun başlıca siyasəti Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək idi. Fətəli xan Dərbənd, Bakı, Şirvan, Lənkəran və digər əraziləri Qubaya birləşdirməklə, Xəzərin qərb sahillərində güclü hərbi və siyasi mərkəz yaratdı. O, Səfəvi və Əfşar imperiyalarının süqutundan sonra yaranmış parçalanmış Azərbaycan ərazisində mərkəzləşmiş dövlət qurmaq məqsədi güdürdü.

Fətəli xanın ölümündən sonra taxta çıxan oğlu Əhməd xanın qısa sürən hakimiyyəti dövründə xanlığın mərkəzi hakimiyyəti zəifləməyə başladı. Onun dövründə xanlığın əvvəlki qüdrətini bərpa etmək cəhdləri olsa da, daxili çəkişmələr və xarici təzyiqlər (əsasən Rusiyanın) artırdı. Əhməd xanın varisi olan Şeyxəli xanın hakimiyyəti davamlı mübarizələr və qeyri-sabitliklə keçdi. Şeyxəli xan Quba xanlığının müstəqilliyini Rusiya imperiyasının ekspansionist siyasətinə qarşı qorumağa çalışsa da, 1806-cı ildə Qubanın Rusiya tərəfindən işğalı ilə Quba xanlığının varlığına son qoyuldu. Quba xanlığının Rusiya tərəfindən işğalından (1806) sonra, Şeyxəli xan hakimiyyətə qayıtmaq və müstəqilliyini bərpa etmək məqsədilə ömrünün sonuna qədər (1822) amansız mübarizəni davam etdirərək, xanlığın süqutu ilə barışmadığını əməli şəkildə nümayiş etdirdi.

Quba xanları AdlarıHakimiyyət illəriƏvvəlki hakimlə əlaqəsiHüseynəli xan1726–1758Sultanəhməd xanın oğluFətəli xan1758–1789Hüseynəli xanın oğluƏhməd xan1789–1791Fətəli xanın oğluŞeyxəli xan1791–1806Fətəli xanın oğlu

Soyun digər məşhur nümayəndələri

Hüseyn xan — Qaytaqın usmisi, Quba xanları sülaləsinin banisi. Əhməd xan — Qaytaq usmisi. Sultanəhməd xan — tam müstəqil olmayan Quba xanlığının xanı, Fətəli xanın babası. Xədicə Bikə — Fətəli xanın bacısı, Bakı xanı Məlik Məhəmməd xanın həyat yoldaşı. Fatimə Bikə — Fətəli xanın bacısı, Şirvan xanı Məhəmmədsəid xanın oğlu Məhəmmədrza bəyin həyat yoldaşı. Abdulla bəy — Fətəli xanın qardaşı. Həsən xan — Fətəli xanın oğlu. Pəricahan xanım — Fətəli xanın qızı, Tərki şamxalı II Mehdinin həyat yoldaşı. Xanbikə xanım — Fətəli xanın qızı, Bakı xanı II Mirzə Məhəmməd xanın həyat yoldaşı. Çimnaz xanım — Fətəli xanın qızı, Tabasaran qazisi Abdulla bəyin həyat yoldaşı. Sultanəhməd xan — Şeyxəli xanın oğlu.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Quba xanlığı Kateqoriya:Azərbaycan xan soyları Kateqoriya:Türk sülalələri Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Qumuqəsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan tayfaları