Bərdə-Ağdam avtomobil yolu — Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində inşa edilmiş magistral avtomobil yolu.

Tarixi Yolun təməlqoyma mərasimi 2021-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmişdir. 2022-ci ilin oktyabrında Prezident İlham Əliyev tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Həmin vaxt layihə üzrə torpaq işləri başa çatdırılmış, ümumi iş həcminin 75 faizi icra edilmişdi. Layihə çərçivəsində yol boyu 4 körpünün, 3 yolüstü piyada keçidinin və 29 avtobus dayanacağının inşası nəzərdə tutulurdu. Dayanacaqların 14-nün tikintisi həmin mərhələdə tamamlanmışdı. Yolun istifadəyə verilməsi isə 24 dekabr 2023-cü ildə baş tutmuşdur.

Xüsusiyyətləri Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44,5 kilometrdir və dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilmişdir. Yolun eni 26,5 metr olmaqla Qarabağ bölgəsinin inkişaf planı nəzərə alınaraq layihələndirilmişdir.

Yolun 25-ci və 40-cı kilometrlik hissələrində müvafiq olaraq 91,3 metr və 18,2 metr uzunluğunda körpülər, 14-cü və 42-ci kilometrlik hissələrdə 66 metr və 43 metr uzunluğunda yol qovşaqları inşa edilmişdir. Həmçinin 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrdə yerüstü piyada keçidləri qurulmuşdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa olunan yol boyunca üfüqi nişanlanma xətləri çəkilmiş, yol nişanları, məsafə göstəriciləri və məlumatverici lövhələr quraşdırılmışdır. Tikintidə "Körpü-Bina-Tikinti" MMC və "54 №-li Yol İstismarı" MMC subpodratçı kimi iştirak etmişdir.

Yolun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

İstinadlar

Kateqoriya:Azərbaycan yolları Kateqoriya:Ağdam rayonu Kateqoriya:Bərdə rayonu Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri