Məsruq əl-Kufi () və ya Əbu Aişə Məsruq ibn əl-Əcdə ibn Malik əl-Həmdani əl-Vadii əl-Kufi (; ) — Kufə məktəbinə mənsub mühəddis və fəqih. O, Tabiindəndir.

Bioqrafiyası Hicrət (622) ilində dünyaya gəldiyi məlumdur. Məsruq əslən yəmənli olub, müxədrəmdəndir. Mənsub olduğu qəbilə İslam fətihləri vaxtı Kufədə məskunlaşmışdır. Dayısı tanınmış cəngavər Əmr ibn Mədikəribdir. Məsruq, uşaq vaxtı oğurlanıb sonra tapıldığı üçün ona bu ad verilmişdir.

Atası müsəlman olan Məsruq, Məhəmmədin vəfatından əvvəl müsəlman olmuşdur.

Mədinəyə səfər edən Məsruq, Əbu Bəkrin arxasında namaz qılmış, Ömər və Əli ilə görüşmüşdür. Ömər, Məsruqun atasının adının Əcdə olduğu öyrəndikdə, Məhəmmədin "Əcdə şeytandandır" sözünü xatırladaraq, onun adını Məsruq ibn Əbdürrəhman şəklində dəyişdirmişdir.

Hakim ən-Nisaburi ilə Zəhəbi onu tabiin nəslinin ikinci təbəqəsindən hesab etmişlər.

Aişə tərəfindən övladı kimi sevilən Məsruq, öz qızına Aişə adını qoymuş və nəticədə künyəsi Əbu Aişə olmuşdur.

Mənbələrə görə, o, abid və zahid bir şəxs olmuşdur. Rəvayətə görə ayaqları şişənə qədər namaz qılmışdır.

Məsruq müxtəlif hərbi yürüşlərdə o, cümlədən Qadisiyyə döyüşündə iştirak etmişdir. Bu döyüşdə ciddi yaralar alaraq əlil olmuşdur. Siffeyn döyüşündə Qurandan bəzi ayələr oxuyaraq, tərəflərin döyüşməsinin qarşısını almağa çalışmışdır.

Bir müddət qazılıq edən Məsruq, bu müddət ərzində nə beytül-maldan maaş tələb etmiş, nə də ona müraciət edənlərdən hədiyyə qəbul etmişdir.

O, Ziyad ibn Əbih tərəfindən Vasit yaxınlığındakı Silsiləyə zəkat amili təyin edilmişdir. Burada iki il işlədikdən sonra hicri 62 və ya 63-cü (682 və ya 683) ildə vəfat etmişdir.

Elmi mövqeyi Məsruq, Əbu Bəkr, Ömər, Əli, Muəz ibn Cəbəl, İbn Məsud, Übeyy ibn Kəb, Zeyd ibn Sabit, Həbbab ibn Ərət, İbn Ömər, Abdullah ibn Əmr, Məqil ibn Sinan, Muğirə ibn Şöbə, Aişə, Ümmü Ruman və Ümmü Sələmə kimi səhabələrdən hədis rəvayət etmişdir.

Ondan da Şəbi, İbrahim ən-Nəxai, Şəqiq ibn Sələmə, Yəhya ibn Cəzzar, Məhəmməd ibn Müntəşir (qardaşı oğlu), Əbdürrəhman ibn Abdullah ibn Məsud, Məkhul, Əbu İshaq əs-Səbii kimi alimlər hədis rəvayət ediblər.

O, Abdullah ibn Məsudun qiraət və sünnəni tədris edən ən qabaqcıl tələbələrindən hesab olunur. Fətva verməkdə Şüreyhdən məharətli olduğu, bəzən Şüreyhin ondan məsləhət aldığı rəvayət edilmişdir. Məsruq, İbn Səd, Yəhya ibn Məin, Əli ibn Mədini, Əbül-Həsən əl-İcli kimi hədis tənqidçiləri tərəfindən etibarlı hesab olunmuş və onun rəvayətlərinə "Kütubi-Sittə"də yer verilmişdir.

Qurradan olduğu üçün Kufə təfsir məktəbinin müfəssirlərindən hesab olunmuşdur.

İstinadlar

Kateqoriya:Tabiinlər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:VII əsr ərəbləri