– Tatsuki Fucimoto tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyası. Manqanın birinci hekayə arkı 2018-ci ilin dekabrından 2020-ci ilin dekabrına qədər "Shueisha" nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında serializasiya olunmuşdur. İkinci hekayə arkı 2022-ci ilin iyulundan 2026-cı ilin martına qədər "Shueisha" nəşriyyatının "Shōnen Jump+" tətbiqi və saytında serializasiya olunmuşdur. 2026-ci ilin iyununa qədər 24 tankobon cildi buraxılmışdır.
Manqa seriyasında hadisələr insanların kollektiv qorxularından doğan iblisləri ovlamaqla vəzifələndirilmiş iblis ovçularının ətrafında cərəyan edir. Kasıb bir yeniyetmə olan Denci Mişar iblisi Poçita sayəsində onun güclərini əldə edir və bədən üzvlərini mişara çevirə bilir. O, Yaponiya üçün təhlükəli iblisləri ovlamaqla məşğul olan İctimai Təhlükəsizlik Bürosuna qoşulur. İkinci hekayə arkının əsas personajı isə Mişar-adamı ovlamaq istəyən Müharibə iblisi Yoru ilə müqavilə bağlayan Asa Mitaka adlı lisey şagirdidir.
Seriya əsasında "MAPPA" studiyası tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2022-ci ilin payızında yayımlanmışdır. "Mişar Adam. Film: Rezenin hekayəsi" adlı anime filmi adaptasiyasının premyerası 2025-ci ilin sentyabrında baş tutmuşdur. 2025-ci ilin dekabrında davam animesi anons edilmişdir. Manqa seriyası bir neçə mükafata layiq görülmüşdür: 2021-ci ildə Shogakukan Mükafatının, 2021–2023-cü illərdə isə ardıcıl üç dəfə Harvi Mükafatının qalibi olmuşdur.
Məzmun Dünya Hadisələr 1990-cı illərdə SSRİ-nin hələ də mövcud olduğu alternativ dünyada baş verir. Bu dünyada insanların kollektiv qorxularından doğulmuş iblislər mövcuddur. İblis ovçularının vəzifəsi təhlükəli iblisləri ortadan qaldırmaqdır və bəzən onların güclərini əldə etmək üçün onlarla müqavilələr bağlayırlar. İnsan bədənini (adətən ölmüş olanların) ələ keçirmiş iblislər ifrit adlanır. Bəzi insanlar isə digər iblislərlə birləşərək hibridə çevrilə bilirlər. İblislər reinkarnasiya qabiliyyətinə malikdirlər, Cənnətlə Yer arasında gedib gəlirlər: bir iblis Yerdə öləndə, Cəhənnəmə qayıdır, Cəhənnəmdə öləndə Yerə qayıdır. Yeganə istisna hal Mişar iblisidir. Mişar iblisi digər bir iblisi udanda onun mövcudiyyəti tamamilə silinir. Bu səbəbdən bu dünyada Holokost, QİÇS və nüvə silahları tamamilə unudulub.
Hekayə
Yoxsulluq içində yaşayan yeniyetmə Denci ölmüş atasının yakuzaya olan borcunu ödəmək üçün iblis ovçusu kimi işləyir. O, Mişar iblisi olan, itəoxşar Poçitanın köməyi ilə iblisləri ovlayır. Yakuza Denciyə xəyanət edib onu Zombi iblisi ilə öldürəndə Poçita Denci ilə birləşib onu hibridə çevirir. Poçita onun sadə, adi həyat yaşamasını arzulayır. Denci sinəsindəki ipi çəkərək Mişar-adama çevrilir və yakuza ilə Zombi iblisini öldürür.
Denci daha sonra hökumətin dəstəyi ilə fəaliyyət göstərən İctimai Təhlükəsizlik Bürosunun üzvü olur. Peşəkar iblis ovçularının olduğu bu büro Makima tərəfindən idarə olunur və əsas məqsədi Silah iblisini ovlamaqdır. Denci təcrübəli iblis ovçusu Aki Hayakava və Qan iblisindən yaranmış ifrit Paver ilə komanda olur.
İstehsal Tatsuki Fucimoto "Fire Punch" manqası üzərisində işləyərkən başından mişar çıxan personajı təsəvvüründə canlandırmış və manqanın ideyasını buradan götürmüşdür. Personaj iblislərə qarşı döyüşdüyü üçün əvvəlcə ona yapon dilində mələk mənasına gələn "Tenşi" adını vermiş, lakin cingiltili samitli sözlərin "daha təhlükəli səsləndiyini" düşündüyü üçün bu adı "Denci" adı ilə əvəz etmişdir. O, "Fire Punch" manqasından fərqli olaraq yumor hissinə malik olan və məsələləri çoxda ciddiyə almayan bir protaqonistin olduğu manqa yaratmaq istəmişdir.
Fucimoto manqanı yazmağa başlayanda sonluğunu öncədən fikirləşdiyini qeyd etmişdir. Lakin hər şeyi öncədən planlaşdırarsa, oxucuların da olanları təxmin edə biləcəyini düşünmüş, bu səbəbdən manqanı yazarkən oxuculara sürprizlər yaşatmaq üçün baş verəcəkləri "təxmin etmədən" yazmağa çalışmışdır.
Media Manqa
"Chainsaw Man" manqası Tatsuki Fucimoto tərəfindən yazılmış və illüstrasiya olunmuşdur. Manqanın adlı birinci hissəsi 3 dekabr 2018-ci ildən 14 dekabr 2020-ci ilə qədər "Shueisha" nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında serializasiya olunmuşdur. 19 dekabr 2020-ci ildə manqanın adlı, Dencinin məktəbə getdiyi ikinci hissəsi anons edilmişdir. İkinci hissə 13 iyul 2020-ci ildə "Shueisha" nəşriyyatının "Shōnen Jump+" tətbiqi və saytında serializasiya olunmağa başlamışdır. Manqanın ilk tankobon cildi 4 mart 2019-cu ildə buraxılmışdır. 4 iyun 2026-ci ilə qədər 24 tankobon cildi buraxılmışdır. İkinci hissə 24 mart 2026-cı ildə başa çatmışdır.
Anime
"MAPPA" studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası 12 oktyabrdan 28 dekabr 2022-ci ilə qədər yayımlanmışdır.
Film
"Mişar Adam. Film: Rezenin hekayəsi" adlı anime filmi adaptasiyasının Yaponiya premyerası 19 sentyabr 2025-ci ildə baş tutmuşdur. Film Azərbaycanda 30 oktyabr 2025-ci ildə buraxılmışdır. 2025-ci ilin dekabrında "Sui-qəsdçi arkı"nın anime adaptasiyası anons edilmişdir.
Digər 2026-cı ilin iyununda smartfon oyunu anons edilmişdir. Oyunun açılış animasiyası "MAPPA" studiyası tərəfindən hazırlanmışdır.
Qəbul "Chainsaw Man" manqası bir sıra mükafatlara lqyi görülmüşdür. Manqa 2021-ci ildən "Ən yaxşı şonen manqası" kateqoriyasında Shogakukan Manqa Mükafatının, 2021–2023-cü illərdə ardıcıl üç dəfə "Ən yaxşı manqa" kateqoriyasında Harvi Mükafatının qalibi olmuşdur.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2018-ci ilin manqaları Kateqoriya:Alternativ tarix anime və manqaları Kateqoriya:Qaranlıq fentezi anime və manqaları Kateqoriya:Qara yumor anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Anime və manqada iblislər Kateqoriya:Shueisha manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Shogakukan Manqa Mükafatının qalibləri Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Ekşn teleserialları