Azərbaycan Respublikasının Penitensiar Xidməti və ya əvvəlki adı ilə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi — Azərbaycan Respublikasında cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının fəaliyyətini təmin edən dövlət orqanı. Xidmət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin struktur bölməsidir və məhkumların, təqsirləndirilən və həbs edilmiş şəxslərin qanunla müəyyən olunmuş qaydada saxlanmasını, onların hüquqlarının qorunmasını və islahını həyata keçirir.https://www.coe.int/en/web/cooperation-in-police-and-deprivation-of-liberty/spera
Xidmətin mərkəzi aparatı Bakı şəhərində yerləşir.https://www.justice.gov.az/contacts
Tarixi Azərbaycan Respublikasında penitensiar sistemin müstəqil fəaliyyəti 1990-cı illərdən formalaşmağa başlamışdır. Sovet dövründə cəzaçəkmə müəssisələri SSRİ Daxili İşlər Nazirliyinin tabeliyində idi.
Azərbaycan Prezidenti Əbülfəz Elçibəy tərəfindən 9 yanvar 1993-cü ildə imzalanmış "Məhkəmə qərarlarının icrası sisteminin yenidən təşkili haqqında" fərmana əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsi tabeliyindəki bütün müəssisələrlə birlikdə (istintaq təcridxanalarından başqa), Azərbaycan Respublikası Daxili qoşunlarının tərkibində olan və islah-əmək müəssisələrində mühafizə və nəzarət funksiyalarını həyata keçirən 7535 nömrəli mühafizə batalyonu, 650 nömrəli alay, Bakı şəhəri Polis İdarəsinin tərkibinə daxil olan xüsusi müşayiət divizionu, rayon, şəhər polis idarə və şöbələrinin islah işləri müfəttişlikləri bütün ştat vahidləri və balansında olan əmlakla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibinə verilmiş, ştat vahidləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə icraçıları ştat vahidlərinin bazasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi yaradılmışdır. 1996-cı ildən bütövlüklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyinə keçmişdir.Azərbaycan Respublikasının hüquq sistemi (Umumi icmal)
1999-cu ildə Qobustan qiyamı zamanı Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirən zaman Mixail Slesaryov dərhal əməliyyat qrupu yaradaraq, qiyamı yatırmağa müvəffəq olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 avqust 2006-cı il tarixli sərəncamına görə, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi adı dəyişdirilərək Penitensiar Xidmət olmuşdur.
Həbsxanalar 2008–2009-cu illərdə Kürdəxanı həbsxanasının müasir binası inşa edilmişdir. Bu təcridxana köhnəlmiş Bayıl və Şüvəlan istintaq təcridxanalarını əvəz etmək məqsədilə tikilmişdir. Tikinti prosesi beynəlxalq standartlara uyğunlaşdırılma iddiası ilə həyata keçirilmiş və 2009-cu il mayın 29-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi açılışı olmuşdur. Tikintidə 600-dən çox işçi iştirak etmiş, Zabrat–Kürdəxanı şosesindən təcridxanaya qədər yeni yol çəkilmişdir. Müəssisənin tutumu 2500 nəfər üçün nəzərdə tutulmuşdur.
17 noyabr 2023-cü ildə Umbakı Penitensiar Kompleksi rəsmi olaraq fəaliyyətə başlamışdır. Kompleks qarışıq rejimli olmaqla iki zonadan ibarətdir: cəzaçəkmə müəssisəsi və istintaq təcridxanası. Cəzaçəkmə müəssisəsində ağır və digər cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılır. Kompleksin ümumi saxlanma limiti 1300 nəfərdir və 19 müxtəlif rejimli kamera tipli korpuslardan ibarətdir. Kameralarda məhkumlar üçün sanitar qovşaqlar, gəzinti yerləri və digər zəruri şərait yaradılmışdır.
2024-cü ilin yanvarında Lənkəranda yeni penitensiar kompleksin açılışı baş tutmuşdur.
Fəaliyyəti Xidmət 31 oktyabr 2019-cu il tarixli 21-N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərir.
thumb|right|Quruma aid avtomobil.
Qurum öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, "Cəzaların İcrası Məcəlləsi"nə, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna, Prezident fərman və sərəncamlarına, Ədliyyə Nazirliyi haqqında Əsasnaməyə, digər normativ-hüquqi aktlara, habelə Nazirliyin kollegiya qərarlarına və daxili əmrlərə əsasən həyata keçirir. Penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin fəaliyyəti "Hərbi xidmət haqqında", "Hərbi qulluqçularının statusu haqqında" Qanunlarla, "Hərbi xidmət keçmə haqqında Əsasnamə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi" və digər normativ aktlarla tənzimlənir. Qurum öz vəzifələrini yerinə yetirən və hüquqlarını həyata keçirən zaman digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Penitensiar xidmətin əsas fəaliyyət istiqamətləri müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə cəzalarının icrasını həyata keçirmək; penitensiar müəssisələrin, istintaq təcridxanalarının, təqsirləndirilən şəxslərin və məhkumların mühafizəsini və müşayiətini təmin edən hərbi qurumların fəaliyyətini təşkil etmək; məhkumların islahı üzrə tədbirləri həyata keçirmək; barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin saxlanmasını təmin etmək; penitensiar müəssisələrdən azad olunmuş şəxslərin sosial adaptasiyasına kömək göstərmək; mülki müdafiə və səfərbərlik işini təşkil etmək; hüquqi maarifləndirmə fəaliyyətində iştirak etmək və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərməkdir.https://penitensiar.justice.gov.az/about.php Penitensiar xidmətin vəzifələri əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, penitensiar müəssisələrdə hüquq və qaydanın təmin olunması, məhkumların hüquqlarının qorunması və cinayətlərin qarşısının alınması; həbs edilmiş şəxslərin tibbi, psixoloji və sosial təminatının təşkil edilməsi; məhkumların təhsil, dini azadlıq və əmək hüquqlarının həyata keçirilməsi; struktur qurumların fəaliyyəti və işçi heyətin qanuni mənafelərinin qorunması; əfv və amnistiya aktlarının icrası, penitensiar sahədə hüquqi təminatın həyata keçirilməsi; fövqəladə hallar, əməliyyat-axtarış və ictimai nəzarət işlərinin təşkili; beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək və beynəlxalq təcrübəni öyrənməkdir.
Penitensiar xidmətin müstəqil balansı, sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları vardır. Qurum Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və öz adı həkk olunmuş möhür, ştamp və blanklara malikdir. Onun saxlanma və fəaliyyət xərcləri dövlət büdcəsi və qanunvericiliyə zidd olmayan digər maliyyə mənbələri hesabına qarşılanır.
Penitensiar Xidmət həbsxana şəraitinin monitorinqi və islahatların həyata keçirilməsi üçün digər yerli və beynəlxalq qurumlarla, o cümlədən Azərbaycanın Ombudsmanı, Avropa Şurası və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq edir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan amnistiya aktları Penitensiar Xidmət tərəfindən icra olunur. Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycanın amnistiya siyasəti: hüquq, humanizm və sosial ədalət" adlı məqaləsinə görə, amnistiya fərmanları əksər hallarda ölkədə önəmli tarixi və ya milli günlərdə imzalanır. Buna nümunə kimi 2023-cü ildə yüzillik yubiley münasibətilə 801 məhkumun əhatə olunduğu fərman imzalanmışdır. Məqalədə qeyd olunmuşdur ki, Azərbaycanın amnistiya modeli hüquqi sistemlə humanizm prinsipinin harmoniyasını vurğulayır, dövlətin vətəndaşlarına qayğısı və hüquqi-sosial yanaşması bir arada təqdim edilir.
Strukturu Penitensiar xidmətin strukturu baş idarə və tabe qurumlardan ibarətdir. Xidmətin rəhbəri Penitensiar xidmətin rəisidir. Rəis və müavinləri xidməti vəzifələri üzrə şəxsən məsuliyyət daşıyır. Əməliyyat Şurası Penitensiar xidmətin fəaliyyət istiqamətlərinin icrasını və kadr məsələlərini müzakirə edən məsləhətçi orqandır. Rəis xidməti işlərin təşkilini təmin edir, struktur qurumların fəaliyyətinə nəzarət edir, kadr, maliyyə, əməliyyat-axtarış, ictimai və beynəlxalq əməkdaşlıq işlərini tənzimləyir. Müavinlər isə ona həvalə edilmiş sahələr üzrə fəaliyyətin təşkili və nəzarətinə cavabdehdirlər. Penitensiar xidmətin rəisi eyni zamanda Ədliyyə nazirinin müavinidir. Rəis Ədliyyə mazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 13 noyabr 1993-cü ildə Çingiz Əmirov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini—Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 mart 1997-ci il tarixli Sərəncamı ilə Aydın Qasımov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Məhkəmə Qərarları İcrası Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Aydın Qasımov 2005-ci ildə "cəzaçəkmə sistemində pozuntulara yol verdiyi üçün" vəzifəsindən azad edilmişdir. Nazim Ələkbərov bundan əvvəllər məhkəmə qərarlarının icrası Baş İdarəsi rəisinin vəzifələrini icra etmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 aprel 2006-cı il tarixli Sərəncamı ilə Nazim Ələkbərov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi təyin edilmişdir. 17 avqust 2006-cı ildə həmin baş idarənin Penitensiar xidmət adlandırılmasından sonra vəzifəsini ədliyyə nazirinin müavini — Penitensiar xidmətin rəisi kimi davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2011-ci il tarixli Sərəncamı ilə vəzifəsindən azad edilmişdir. 14 fevral 2011-ci ildə Mədət Quliyev ədliyyə nazirinin müavini — Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilmişdir. Ceyhun Həsənov 10 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur. 10 iyul 2023-cü ildə İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmiş, başqa bir sərəncamı ilə Mirsaleh Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Penitensiar xidmətin rəisi təyin olunmuşdur.
Tənqidi 2019-cu ildə Azərbaycanda olmuş AŞPA komitəsi siyasi məhbuslarla bağlı "sistemli problemlər" tapmış və islahatlara çağırış etmişdir.https://www.coe.int/en/web/baku/-/pace-committee-finds-azerbaijan-has-a-systemic-problem-of-political-prisoners-urges-reform-and-review-of-reported-cases ABŞ Dövlət Departamentinin 2023-cü il üçün insan hüquqları praktikasına dair hesabatında həbsdə qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara dair etibarlı hesabatların təfərrüatları əks olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Ədliyyə Nazirliyi Kateqoriya:Azərbaycan həbsxanaları Kateqoriya:Azərbaycanın məhkəmə sistemi