Qarsəddin Xəlil bəy Zeynəddin Qaraca bəy oğlu Zülqədər (, ; ) — türkman Zülqədəroğulları bəyliyinin 1353-cü ildən 1386-cı ilə qədər hakimiyyətdə olmuş ikinci hökmdarı.

O, Zülqədəroğulları sülaləsinin qurucusu olan atası Zeynəddin Qaraca bəyin dövründə hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Xəlil bəy atasının ölümündən sonra mübarizəni davam etdirmiş və Zülqədəroğulları bəyliyinin nüfuzunu daha da genişləndirmişdir. O, Məmlük sultanlığı ilə toqquşaraq dövlətin Zülqədəroğulları bəyliyi arasında olan gərginliyin artmasına səbəb olmuşdur. Xəlil bəyin Məmlüklərin şimal sərhədində həyata keçirdiyi basqınlar Məmlük sultanı Bərkuk tərəfindən Zülqədəroğulları sülaləsində ixtilaf yaratmağa təhrik etmişdir. Xəlil bəy Ramazanoğulları və Qadı Burhanəddin ilə birləşərək Ərətna bəyliyi və Məmlük sultanlığına qarşı ittifaqlar qurmuş, nəticədə bir neçə qələbə əldə etmişdir. Sultan Bərkuk Xəlil bəyin Məmlüklər tərəfindən Harput yaxınlığında yerləşən ərazilərin hakimi kimk tanınmaq istəyən qardaşı Səriməddin İbrahimi Xəlil bəyi öldürməyə təhrik etmişdir. Qarsəddin Xəlil bəy pusquda öldürülmüş və onun yerinə digər qardaşı Sülü Şaban bəy keçmişdir.

Erkən həyatı Qarsəddin Xəlil bəy Məmlüklər tərəfindən regionun bir hissəsini idarə etmək hüququ verilmiş yerli türkman bəylərindən biri Zeynəddin Qaraca bəyin oğlu idi. Qaraca bəy Elxanlılar dövlətindən ayrılaraq türk-monqol zabiti Ərətna tərəfindən idarə olunan Ərətna bəyliyinin Mərkəzi və Şərqi Anadoluda ortaya çıxdığı dövrdə Zülqədəroğulları bəyliyini qurmuşdur. Məmlük sultanı Nəsrəddin Məhəmməd 1337-ci ildə Qaraca bəyi "Türkmanların əmiri" və Maraşdan Əlbistana qədər uzanan torpaqların naibi kimi tanımışdır. Başqa bir lokal hökmdar – Taraqlı Xəlil bəy ibn Tarafi, daha əvvəl Ərətna bəyliyindən Əlbistanı ələ keçirmişdi. Bu, Qaraca bəyin siyasi mövcudluğuna təhdid yaratdığına görə Qaraca bəy öz oğlu Qarsəddin Xəlil bəyi Taraqlı Xəlil bəyə qarşı hücum rəhbərliyinə göndərmişdi. Əlbistan 1335-ci və ya 1337-ci ildə Zülqədəroğulları bəyliyi tərəfindən ələ keçirilmiş, Taraqlı Xəlil bəy məğlub edilmişdir. Beləliklə, Əlbistan dövlətin süqutuna qədər Zülqədəroğulları bəyliyinin paytaxtı olmuşdur.

thumb|right|Zülqədəroğulları bəyliyindən əvvəl Anadolunun cənubu və Suriyanın şimalı.

Zülqədəroğulları–Məmlüklər münasibətləri Qaraca bəyin Hələb valisi ilə əlaqələri ilə sıx bağlı idi. Hələb valisi vəzifəsinə Arqunşahın təyin edilməsi illərdir gərgin olan münasibətləri düzəltmişdi. Buna baxmayaraq, tezliklə Qaraca bəyin Məmlüklərlə münasibətləri yenidən pisləşmişdi. 1347-ci ildə Qahirədə Əbu Məali Həsən hakimiyyətə gəlmiş və 1348-ci ilin martında Qaraca bəyin rəqibi Əriktayı yenidən Hələb valisi təyin etmişdir. Qaraca bəy bunu sultanın düşmənçilik əlaməti kimi qiymətləndirmişdi. O, Məmlük sultanlığında tez-tez hakimiyyət dəyişikliyi və çevrilişlər səbəbindən yaranan qeyri-sabitlikdən istifadə edərək əsl müstəqilliyə nail olmaq üçün yaxşı fürsət əldə etmişdir. 1349-cu ildə Qaraca bəyin müttəfiqi Arqunşahın öldürülməsi onun Məmlüklərə qarşı nifrətini daha da artırmışdı. O, tərəddüd etmədən Suriyada Qahirəyə qarşı bütün üsyanlara qoşulmağa başlamışdır.

1348-ci ildə Qaraca özünü məktublarında özünü "Məlik əz-Zahir" adlandırırdı. Həmçinin, həmin il qələbələrindən cəsarət alan Qaraca bəy "Məlik əl-Qahir" kimi öz müstəqilliyini elan etmişdir. 1352-ci ilin avqustunda Baybuğa Suriyada özünü sultan elan etmişdir, Qaraca bəy də bu üsyana qatılmış və Yalbuğanı məğlub etmişdir. Dəməşq valisi Arqun Kamil Qaraca bəyi cəzalandırmaq üçün Əlbistana yollanmışdır. Onun rəhbərliyi altında 10–25 min nəfər qoşundan ibarət Məmlük ordusu və Zülqədəroğullarına düşmən olan türkmanlar var idi. Məmlük ordusu Əlbistanı ələ keçirmiş, şəhəri və ətraf kəndləri yandırmışdır. Məmlük koalisiyasına qarşı dura bilməyəcəyini anlayan Qaraca bəy Düldül dağına çəkilmişdir. O, dağın ətəyində və aşırımında iyirmi gün Məmlük koalisiyası ilə toqquşmuşdur, lakin nəticədə məğlub olaraq döyüş meydanından qaçmışdır. Onun iki oğlu, o cümlədən varisi Qarsəddin Xəlil bəy 20 nəfər əsgəri ilə birlikdə Məmlük qüvvələrinə qarşı müqavimət göstərməyə çalışmış, lakin məğlub olaraq əsir alınmışdılar.

1353-cü ildə Kayseridə Qaraca bəy Ərətna hökmdarı I Qiyasəddin Məhəmməd bəyin sarayında sığınacaq tapmışdır. Məmlüklərin tələbi ilə o, zəncirlənərək 22 sentyabr 1353-cü ildə Hələbə göndərilmiş və buna görə Məhəmməd bəyə 500 min dinar ödənilmişdir. Qaraca bəyin oğullarından biri bədəvi lideri Cabbar ibn Müənna ilə Hələbə hücum edərək atasını xilas etmək üçün razılaşmışdı. Bu cəhd uğursuz olmuş və döyüşdə 700 nəfər həlak olmuşdur. Bu, sultan Salehi daha da qəzəbləndirmişdir. O, Qaraca bəyin Qahirəyə köçürülməsini tələb etmişdir. Sultan Saleh onu şəxsən danlamış və Qahirə qalasında həbs etmişdir. Qaraca bəy 48 gün həbsdə qaldıqdan sonra, 11 dekabr 1353-cü ildə işgəncə ilə öldürülmüşdür. Onun cəsədi üç gün ərzində Bab-Züvəylədə asılı vəziyyətdə qalmışdır.

Hakimiyyəti

İqtidara yüksəlişi Qaraca bəyin ölümündən sonra Xəlil bəy Məmlüklər tərəfindən yeni hökmdar kimi tanınmamışdı. 10 iyun 1354-cü ildə Ramazanoğulları bəyliyinin hökmdarı Ramazan bəy Qahirəyə Məmlük sultanı Bərkuk üçün min at hədiyyə ilə getmiş və Qaraca bəyin torpaqlarını idarə etmək hüququ istəmişdir. Məmlüklər Ramazan bəyi "Türkmanların əmiri" kimi tanımışdılar. Çukurovada Üçok tayfa konfederasiyasına rəhbərlik edən Ramazanoğulları bəyləri Zülqədəroğulları bəyləri və Xəlil bəyin təsiri altında olan qonşu Bozox tayfa konfederasiyasının üzərində hakimiyyətlərini qura bilməmişdilər. Ramazanoğulları bəylərinin gücünü möhkəmləndirə bilmədiyi və Zülqədəroğulları bəyləri ilə Ramazanoğulları bəyləri arasında toqquşma ehtimalı ortaya çıxdığı aydınlaşan zaman Məmlüklər 1355-ci ildə Xəlil bəyi Zülqədəroğulları bəyliyinin yeni hökmdarı kimi tanımışdılar.

Xəlil bəy öz hakimiyyəti dövründə Zülqədəroğulları bəyliyinin sərhədlərini genişləndirmiş, Məmlüklər və Ərətna bəyliyi ilə tez-tez qarşılıqlı əlaqədə olmuşdur. Xəlil bəyin atası kimi müstəqil olmaq və nüfuzunu artırmaq arzusu Zülqədəroğulları–Məmlüklər münasibətlərini gərginləşdirmişdir. Nəticədə, Xəlil bəyin nəzarətində olan ərazilər Maraş, Zamantu, Darəndə, Divriği, Malatya, Harput, Besni, Amid və Amikdən ibarət idi.

Ərətna ilə mübarizə Xəlil bəy Ərətna bəyliyində Ərətna bəyin oğullarının hakimiyyəti bölüşdüyü dövrün qarışıqlıqdan istifadə etmişdi. 1352-ci və ya 1353-cü ildə, hökmdar kimi tanınmazdan əvvəl, Xəlil bəy Zülqədəroğulları bəyliyinin torpaqlarını Fərat dəhlizinə doğru genişləndirməyə və atasına edilən xəyanətə görə qisas almağa çalışmışdır. Buna görə Xəlil bəy Malatya və Zamantu qalasını ələ keçirməyə cəhd göstərmişdir. O, Ərətna bəyliyinə hücum edərək Harput və Besnini ələ keçirmiş, bəyliyin sərhədlərini Zamantı çayına qədər genişləndirmişdir. 1360-cı ildə başqa bir türkman bəyi olan Ömər Malatyanı ələ keçirmişdi, lakin həmin il Ömər vəfat etmişdir. Onun ölümündən sonra Xəlil bəy Malatyanı ələ keçirmək qərarına gəlmişdir, lakin şəhər sakinləri Malatyanı Məmlüklərə təhvil vermişdilər. Buna baxmayaraq, Xəlil bəy Zamantunu ələ keçirmiş və onu Zülqədəroğulları bəyliyinin əsas ərazisi kimi anneksasiya etmişdir.

Bu, Xəlil bəy ilə Məmlüklər arasında münasibətlərin pozulmasına səbəb olmuşdur. Zülqədəroğulları bəyliyi Hələbə basqınlar etməyə başlamış və Malatyanın valisi Antepə kömək çağırmışdır, lakin Məmlük ordusu məğlub olaraq Hələbə geri çəkilməli olmuşdur. Bu qələbədən sonra Xəlil bəy Malatyanı mühasirəyə almışdır. Mehmed Ərətnaoğlunun Malatyanın müdafiəçi qüvvələrinə kömək etməyə gəlməyinə baxmayaraq, Xəlil bəy Malatyanın yeni valisi Əsəndəmir Tazini məğlub etmişdir. Malatyanı xilas etmək üçün sultan II Əşrəf Şaban Suriya qoşunlarını Hələb valisi Qutluboğanın komandanlığı altında toplamaq məcburiyyətində qalmışdır. Zülqədəroğulları bəyliyinə qarşı yeni ekspedisiya haqqında məlumat alan Xəlil bəy Əlbistana qayıtmağa məcbur olmuşdur.

1364-cü ildə Ərətnaoğulları monqol tayfa başçıları Babuk və Dövlət tərəfindən basqına məruz qalmışdı. Mehmed Ərətnaoğlu Məmlük sultanından kömək istəmişdi, çünki o, tayfa başçılarına təkbaşına qarşı dura bilmirdi. Məmlük qoşunları yürüşdə olab zaman Xəlil bəy fürsətdən istifadə edərək Harputu mühasirəyə almışdır. Vali Ələddin Məlikşah şəhəri saxlaya bilməmişdir və Xəlil bəy Harputu fəth etmişdir. Harputda mövqeyini möhkəmləndirən Xəlil bəy Malatyaya yenidən təhdid olmuş və Ərətna bəyliyinə basqınlar etmişdir. Bu vəziyyətə görə Məmlüklər Xəlil bəyə qarşı yeni ekspedisiya təşkil etməyə başlamışdır. Hələbin valisi Seyfəddin Gürcü 1366-cı ilin mayında Suriyada qurulmuş ordu ilə Harputa yaxınlaşmış, lakin dörd ay davam edən uğursuz mühasirədən sonra Məmlük qoşunları Hələbə qayıtmışdır. Məmlük qüvvələri çəkildikdən sonra Xəlil bəy sultana üzr məktubu göndərmək qərarına gəlmişdir. Əfv cavabı və saraya gəlmək dəvəti alan Xəlil bəy Qahirəyə getmişdir. Harputu qaytarmaq vədini verən Xəlil bəy şərəfli xalat və hökmdar mövqeyinin tanınması zəmanəti almışdır, lakin Zülqədəroğulları bəyliyinin ərazilərinə qayıtdıqdan sonra Xəlil öz vədini yerinə yetirməmiş və Harputu qaytarmamışdır. Qahirədə Zülqədəroğulları bəyliyinə yeni ekspedisiyaya hazırlaşmağa başlanmışdır. Şeyxlər Aydəmir və Əsəndəmirin komandanlığı altında ordu 1366-cı ilin sonunda Harputa yaxınlaşmışdır. Xəlil bəy belə böyük bir orduya qarşı dura bilməmiş və şəhəri təhvil vermişdir. Xəlil bəy həbs olunmuş və Hələbə göndərilmişdir, lakin tezliklə sultanın əmri ilə azad edilmişdir.

On il sonra Xəlil bəy Harputu yenidən fəth etmişdir. Bununla əlaqədar olaraq, Məmlük sultanı Bərkuk 1378-ci ildə Mübarəkşahın komandanlığı altında Hələbdən Zülqədəroğulları bəyliyinə ekspedisiya təşkil etmişdir. Mübarəkşah döyüş meydanında öldürülmüş və Malatyanın valisi Xəttat Yalbuğa Xəlil bəy tərəfindən məğlub edilmişdir.

Məmlüklər ilə mübarizə Xəlil bəy Ərətnaoğulları və Məmlüklərə qarşı müharibəsində Ramazanoğulları bəyliyinin dəstəyindən istifadə edirdi. Birlikdə Hələbə və Suriyanın şimal rayonlarına hücum edən bəylərin qoşunları Malatyanı ələ keçirə bilməmişdi, lakin 1379-cu ilin fevralında Hələbin valisi Teymurbayın rəhbərlik etdiyi Məmlük ordusu Yumurtalıqda Xəlil bəy və Ramazanoğulları tərəfindən tamamilə məğlub edilmişdir.

1379-cu ilin sonunda Məmlüklər Dəməşqin valisi Baydəmir Xarəzminin komandanlığı altında başqa bir hərbi kampaniya təşkil etmişdilər. Bərkuk bəzi şəhərlərə yeni valilər təyin etmiş və bütün Suriya naiblərinə Xəlil bəyə qarşı mübarizə aparmaq üçün qoşunlarını gətirməyi əmr etmişdir. Həmçinin, Bərkuk verdiyi fərman ilə Xəlil bəyi vəzifəsindən azad edərək Əlbistana Malatyanın valisi Altunboğanı təyin etmişdir, Malatyaya isə Altunboğanın yerinə Besninin valisi Teymurbuğa Mintaş təyin olunmuşdur, lakin bu təyinatlar sadəcə de-yure olaraq qalmışdır və orduya Böyük Həciv Şögen rəhbərlik etmişdir. Birəcik valisi Sudun Muzəffəri və Malatyanın valisi Mintaş ordunun sıralarına qoşulmuşdular. Zülqədəroğulları ordusu Maraş yaxınlığında böyük qələbə qazanmışdır. Mintaş yaralanmış, Həciv Şögen döyüş meydanında həlak olmuş, Əlbistana çata bilməyən və oranın valisi təyin edilmiş Altunbuğa isə digər komandirlərlə birlikdə Hələbə qaçmışdır. Ramazanoğulları bəyliyi ilə birlikdə Xəlil bəy Amik vadisinə irəliləmiş, onu ilhaq etmiş və Hələbin ətrafını talan etmişdir.

Bərkuk 1381-ci ildə yeni ekspedisiya təşkil etmişdir və bu ekspedisiyada bütün Suriya naibləri iştirak etmişdir. Hələbə Dəməşq valisi Aşıq Teymur Mərdani, Hələb valisi İnal Yusuli, Həma valisi Daşteymur Qasımi, Safed valisi Daşteymur Əlai, Tərabülüs əş-Şam valisi Gümüşbuğa Yalbuğavi öz qoşunları ilə gəlmişdilər. Ordunun sıralarına Bozdoğanoğlu Ziyanülmülkün komandanlığı altında türkmanlar, ərəb və kürd qəbilələri də qoşulmuşdular. Çağdaş tarixçi Bədrəddin Ayni bu nəhəng ordunun Antep vasitəsilə hərəkət etdiyini müşahidə etmişdir. Ordu 3 iyul 1381-ci ildə Maraşa yaxınlaşmışdır.