Əbu Abdillah Səid ibn Cübeyr ibn Hişam əl-Əsədi (; ) — hədis və təfsir sahələrindəki rəvayətləri ilə tanınan tabiin.
Bioqrafiyası Hicri 45-ci ildə (665) Məkkədə və ya Kufədə anadan olub.
Ədi ibn Hətim, Abdullah ibn Abbas, Abdullah ibn Ömər, Abdullah ibn Zübeyr, Əbu Səid əl-Xudri, Ənəs ibn Malik, Əbu Əbdürrəhman Suləmi və başqalarından elm öyrənib.
Əbu Saleh əs-Səmman, Mücahid ibn Cəbr, İkrimə əl-Bərbəri, Simək ibn Hərb, Zöhri, Meymun ibn Mehran, Əmr ibn Dinar, Əbu İshaq əs-Səbii, Əməş, Əyyub əs-Sixtiyani ona tələbəlik ediblər.
Əməvilərə qarşı olduğu üçün Həccac ibn Yusif tərəfindən edam etdirilmişdir.
Hədis, qiraət və təfsir elmlərindəki yeri Səid hədis tənqidçiləri tərəfindən "siqa", "alim", "abid" və "zahid bir şəxs" olaraq adlandırılmış, hədis, təfsir və fiqh kimi islam elmlərində dominant hesab edilmişdir. O, həmçinin mənbələrdə "şeyxül-uləmə" (; ) adlandırılmış, "Kütübi-sittə" və digər hədis məcmuələrində onun nəql etdiyi rəvayətlərə yer verilmişdir.
Səidin "Müshəfü Səid ibn Cübeyr" adı ilə tanınan bir Quran nüsxəsinin mövcud olduğu, qiraət elmini İbn Abbasdan "ərz" yolu ilə öyrəndiyi, Ramazan aylarında imamlıq etdiyi zaman bir gecə Abdullah ibn Məsudun, bir gecə Zeyd ibn Sabitin, bir gecə isə başqa bir şəxsin qiraətinə uyğun şəkildə namaz qıldırdığı qeyd olunur. Məşhur yeddi qaridən biri olan Əbu Əmr ibn Əla qiraət elmini ondan öyrənmişdir. Onun oxunuş tərzinə dair nümunələr hədis mənbələrində və rəvayət təfsirlərində yer verilmişdir.
Əbu Hətim ər-Razinin bildirdiyinə görə, xəlifə Əbdülməlik ibn Mərvan, Səid ibn Cübeyrdən bir Quran təfsiri yazmasını istəmiş, o da bu sahədə ilk sistemli təfsir olan əsərini qələmə alaraq xəlifəyə təqdim etmişdir. Bu əsər sonralar Əta ibn Dinar tərəfindən rəvayət edilmişdir. Həccac ilə mübarizəyə başladığı (80/699) tarixdən əvvəl yazıldığı məlum olan bu təfsirdəki rəvayətlər Əbd ibn Humeyd, Təbəri, İbn əl-Münzir ən-Nisaburi, İbn Əbu Hətim, Əbul-Fida ibn Kəsir və Süyuti kimi rəvayət təfsirçiləri tərəfindən nəql olunmuşdur.
Səid ibn Cübeyr, mütəşabih, mübhəm və mücməl ayələri təfsir edərkən ilk olaraq onları açıqlayan mübəyyən və müfəssəl ayələrə müraciət etmiş, hədislərə də yer vermişdir. Lakin bəzən hədis eşitmədiyi şəxslərdən rəvayət edərkən aradakı ravini atlamışdır. Sənədi qeyd edilməyən xəbərlərin etibarlı bəzi hədis mənbələrində mövcud olduğu bildirilməkdədir. Bəzən İsrailiyyat mənbələrinə əsaslanaraq izahlar vermiş, şeirlə dəlil gətirmiş, müxtəlif səhabələrin fikirlərinə müraciət etmiş, ayələrin nazil olma səbəbləri, nəsx və mənsub məsələlərinə yer vermişdir. Haqqında rəvayət olmayan ayələrin təfsirində isə dilçilərin fikirlərinə əsaslanmış, öz fikirlərini bildirərkən bəzən sözlərini and içərək təsdiqləmişdir. Səidin fəraiz (miras hüququ) elmində dərin bilik sahibi olduğu, müəllimi Abdullah ibn Ömərin ona yönəldilən fəraiz suallarını Səidə havalə etdiyi də qeyd olunur.
Haqqında qələmə alınmış əsərlər Xətib Əli ibn Hüseyn əl-Haşimi, Salam Məhəmməd Əli əl-Bayati, Məhəmməd Əbdürrəhim, Sezai Özəl, Məhəmməd ibn Abdullah əz-Zahim, Əli Akpınar, Əli ibn Hüseyn Səvadi Məşhur, Orxan Karmış, Fəxri Gökcan, Həsən əs-Səid və başqaları onun haqqında kitab, məqalə və doktorluq dissertasiyası qələmə almışlar.
İstinadlar
Kateqoriya:Tabiinlər Kateqoriya:Ravilər Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Müsəlman teoloqlar