Əbül-Həsən Əbdülcəbbar ibn Əhməd ibn Əbdilcəbbar əl-Həmədani (; ) — Bəsrə mötəziləsinin ən tanınmış kəlamçısı və şafii fəqihi.

Bioqrafiyası Hicri 320–325-ci (932–937) illər arasında dünyaya gəldiyini demək olar. Doğum yeri Qərbi İrandakı Əsədabaddır.

İlk təhsilini Əsədabaddakı elm adamlarından alıb. Bu periodda etiqada Əşariyyəni, fiqhdə Şafii məzhəbini mənimsəyib. Bəsrəyə gedərək mötəzilə alimlərindən Əbu Haşim əl-Cübbəinin tələbəsi Əbu İshaq İbrahim ibn Əyyaşın dərslərində iştirak edib və onun təsirinə düşərək mötəzili olub. Bir müddət Əbu Əhməd ibn Sələmədən dərslər alıb. Mötəzilə alimi Əbu Abdullah əl-Bəsridən elm öyrənmək məqsədilə Bağdada gedib, lakin Əbu Abdullah ona şafii məzhəbində qalmağı tövsiyə edərək onu öz dərs halqasına qəbul etməyib. Buna baxmayaraq, Qazı Əbdülcəbbarın elmi yaradıcılıq və dərs fəaliyyətinə məhz bu fəqihin yanında başladığı, bəzi əsərlərini onun nəzarəti altında qələmə aldığı qeyd olunur. Onun elmi fəaliyyət məqsədilə səfər etdiyi digər elm mərkəzləri arasında Əskəri-Mükrəm və Ramhörmüz kimi şəhərləri də sadalamaq mümkündür.

Dövrün Büveyhi hökmdarının məsləhətçisi və mötəzili alimləri himayə etməsi ilə məşhur olan Sahib ibn Abbadın dəvəti ilə İsfahana gedib. Burada sünni alimlərə qarşı təşkil edilən elmi debatlarda iştirak edib. Sahib ibn Abbad vəzir olduqdan sonra onu Reyə dəvət edərək qazıl-quzat təyin etdirib. Səlahiyyət arealına Qəzvin, Zəncan, Qum və Dəmavənd daxil olsa da, sonralar bu əraziyə Cürcan və Təbəristan da əlavə edilib. Sahib ibn Abbadın ölümünə qədər bu vəzifədə qalan Əbdülcəbbar, Sahib ibn Abbadın ölümündən sonra çətin vəziyyətə düşür. Belə ki sahibin ölümündən sonra hökmdar Fəxrüd-Dövlənin əmri ilə vəzifədən azad edilərək, əmlakı müsadirə edilir. Əbdülcəbbarın həyatının qalan hissəsini Rey şəhərində əsər yazmaq və dərs verməklə keçirdiyi məlumdur.

Mənbələr onun 389-cu (999) ildə Həcc ziyarətinə getdiyini, qayıdarkən qısa müddət Bağdadda qaldığını, həyatının sonlarına yaxın isə təxminən bir il Qəzvində yaşadığını qeyd edirlər.

Qazı Əbdülcəbbar hicri 415-ci ilin Zilqadə ayında (yanvar 1025) Rey şəhərində vəfat etmiş və elə orada dəfn olunmuşdur.

Müəllimləri və tələbələri Qazı Əbdülcəbbarın adlarını nadir hallarda çəkdiyi kəlam müəllimləri arasında Əbu İshaq İbrahim ibn Əyyaş və Əbu Abdullah əl-Bəsri kimi alimləri də vardır. Hər iki alimin İbn Həllad əl-Bəsri vasitəsilə Əbu Haşim əl-Cübbainin tələbəsi olmaları, Əbdülcəbbarın düşüncə tərzinin formalaşmasında Əbu Əli əl-Cübbəi ilə oğlu Əbu Haşimin əhəmiyyətli rol oynadığını sübut edir. Əsərlərində tez-tez bu alimlərə istinad olunan Qazı Əbdülcəbbara aid kitablar, əsərləri dövrümüzə gəlib çatmayan bu iki mötəzilə aliminin kəlam görüşləri haqqında məlumat əldə etmək imkanı verir.

Tələbələri Əbdülcəbbarın dərs halqasından bəhrələnərək yetişən çox sayda alim olmuşdur. İbn əl-Murtəza və Hakim əl-Cüşəmi, mötəzilə məktəbinin on ikinci təbəqəsinin demək olar ki, tamamilə onun tələbə və dostlarından ibarət olduğunu qeyd edirlər. Bunlar arasında Bəsrə məktəbinin son nümayəndələrindən Əbu Rəşid ən-Nisaburi, fiqh üsulu sahəsində "əl-Mutəməd" adlı əsəri ilə tanınan Əbül-Hüseyn əl-Bəsri, müəlliminin əsərini "əl-Məcmu fil-Muhit bit-təklif" adı ilə şərh edən İbn Məttaveyh, müəlliminin imamət mövzusundakı görüşlərinə rəddiyə yazan Şərif əl-Murtəza, adı daha çox Qazı Əbdülcəbbara nisbət edilən "Şərhul-Üsulil-xəmsə" əsəri ilə tanınan Qivaməddin Mənqədim və Əbu Yusif əl-Qəzvini kimi şəxsiyyətləri qeyd etmək mümkündür.

Əsərləri Əbdülcəbbar islam elmlərinin müxtəlif sahələrinə aid əsərlər qələmə almışdır: "Mütəşabihül-Quran", "Tənzihül-Quran ənil-mətain", "Təsbitü dəlailin-nübüvvə" və s.

İstinadlar Kateqoriya:Müsəlman teoloqlar