thumb|Azərbaycan Mədəniyyət Fondu

Azərbaycan Mədəniyyət Fondu və ya əvvəlki adı ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu (AMDF) — Azərbaycanın qeyri-hökumət xeyriyyə fondu.

Tarixi 1995-ci ildə Mehriban Əliyevanın və ABŞ-nin Bakıdakı səfiri Riçard Kozlariçin həyat yoldaşı Enn Kozlariçin təşəbbüsü və onların həmsədrliyi ilə "Azərbaycan Mədəniyyətinin Dostları" (Az. MD) Fondu yaradılmışdır. Bu münasibətlə aprelin 29-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gecə keçirilmişdir.

2008-ci ildə Azərbaycan Mədəniyyət Fondu (indiki Azərbaycan Yaradıcılıq Fondu) adını "Azərbaycan Yaradıcılıq Fondu" etdikdən sonra "Azərbaycan Mədəniyyətinin Dostları Fondu" "Azərbaycan Mədəniyyət Fondu" adlandırılıb.

Fondun əsas məqsədi Azərbaycan incəsənətinin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir. Fondun işi 3 istiqamətdədir — mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirlik fondun əsas məqsədidir.

Fond Azərbaycanın görkəmli incəsənət xadimlərinin yubiley gecələrini təşkil etmiş, "Azərbaycan-İrs" jurnalının xüsusi nömrələrini çap etdirmiş, müxtəlif sənətkarların mahnı albomlarının diskini buraxdırmışdır.

Fəaliyyət dövrü ərzində Fondun Azərbərbaycanda keçirdiyi xarici ölkə incəsənət xadimlərinin konsertləri, teatr tamaşaları, təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri və s. tədbirlər beynəlxalq miqyaslı hadisələr olmuşdur. Dünya şöhrətli incəsənət xadimlərinin Bakıdakı çıxışları da bu qəbildəndir.

Bu istiqamətdə təşkil olunan tədbirlər arasında "Musiqinin Böyük İpək Yolu" Beynəlxalq Klassik Musiqi festivalı və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (AKMMA) ilə birgə keçirilən Koreya Mədəniyyəti Günləri də var.

Azərbaycan muğamını dünya miqyasında təbliğ etmək və eyni zamanda, yaymaq, həmçinin bu sənəti yaşadan musiqiçi və müğənnilərə qayğı göstərmək Fondun qarşısında duran mühüm işlərdəndir. Bu istiqamətdə atılan addımlar arasında "Bakı Muğam Mərkəzi"nin yaradılması, nəfis, əhatəli, rəngarəng şəkildə tərtib edilmiş "Qarabağ xanəndələri" musiqili albomun buraxılması və onun dünyanın bir çox mötəbər incəsənət mərkəzlərində yayılması, "Bakı payızı" Beynəlxalq festivalı, IX Şərq-Qərb Bakı beynəlxalq kino festivalı, "Reklam acgözləri gecəsi" — beynəlxalq reklam filmlərinin nümayişi, 2007 ildə artıq üçüncü dəfə keçirilən Beynəlxalq Bakı Caz Festivalı (BBCF) ənənəyə çevrilmişdir.

Həmçinin bax Azərbaycan Yaradıcılıq Fondu Mədəniyyət Nazirliyi Heydər Əliyev Fondu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI I FƏSİL Azərbaycan Mədəniyyətinin Dostları Fondu Muğam Ensiklopediyası — Azərbaycan Mədəniyyətinin Dostlari Fondu (AMDF)

Kateqoriya:Azərbaycan fondları Kateqoriya:Azərbaycan film şirkətləri