Tatev monastırı () – Ermənistan Respublikasının Sünik mərzi ərazisində, Tatev kəndi yaxınlığındakı böyük bazalt qayanın üzərində inşa olunmuş IX əsr monastırıdır. Müasir dövrdə Tatev sözü əsasən monastırla əlaqəli olaraq işlədilir. Monastır kompleksi əsrlərdir ki, Oxçu çayının (Vorotan çayı) sahilində ucalmaqdadır. Sünik kilsəsinin mərkəzi olan Tatev bölgənin tarixində mühüm rol oynamışdır.
XIV–XV əsrlərdə Tatev monastırı orta əsrlərin ən mühüm erməni universitetlərindən biri olan Tatev Universitetinə ev sahibliyi etmiş, burada elm, din, fəlsəfə tədris edilmiş, kitabların üzü köçürülmüş və miniatürçü rəssamlar çalışmışdır. Erməni tarixinin ən çətin dövrlərində (ermənilərin yaşadığı ərazilər türk sülalələrinin qurğunu dövlətlərin hakimiyyəti altında olduğu orta əsrlərdə) Tatev Universitetinin alimləri erməni mədəniyyətinin qorunub saxlanmasında mühüm rol oynamışlar.
Müasir dövrdə monastır Sünikin əsas turistik obyektidir. 2010-cu ildə Tatevi Halidzor kəndi ilə birləşdirən "Tatev qanadları" adlı kanat yolu çəkilmişdir. Bu kanat dünyanın "ən uzun dayanıqsız ikiqat kanat yolu" kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.
Etimologiyası Erməni ənənəsinə görə monastır həvari Müqəddəs Faddeyin bölgədə xristianlığı təbliğ edərkən şəhid olmuş şagirdi Estatiusun şərəfinə adlandırılmışdır. Sonradan onun adı tələffüzdə dəyişərək Tatev formasına düşmüşdür.Bax: Lusamut.net .
Məşhur xalq etimologiyası isə monastır kompleksinə daxil olan əsas kilsə binasının inşası ilə əlaqədardı. Belə ki, kilsənin inşası tamamlandıqdan sonra memarın tələbəsi xaçı ucaltmaq üçün qübbənin üstünə çıxır. Lakin işini tamamlayıb aşağı düşərkən yıxılır və ölməməsi üçün dua edərək Tanrıdan ona qanad verməsini istəyir və bu ifadə erməni dilində "ta tev" şəklində səslənir.Bax: Tatev Village in the Annals of History .
Məbədin adının türk dilində etimologiyasına görə ad "tat" və "ev" sözlərindən ibarətdir.Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 141–143 Tat sözü Azərbaycanda qədim dövrlərdən həyat keçirən türklərə (həmçinin Sasanilərin hakimiyyəti dövründə Azərbaycana köçürülmüş irandilli əhaliyə) aid edilməklə yanaşı, "tat ev" ifadəsi "böyük ev" anlamında da işlədilmişdir.
Tarixi thumb|left|270px|Tarixi Sünik ərazisi. Tatev monastırı Ermənistanın cənub-şərqində, qədim Sünik vilayətinin ərazisində, Gorus şəhəri yaxınlığında, İrəvandan 280 km aralıda yerləşir. Tatev yaylağı hələ xristianlıqdan əvvəl məskunlaşmış və burada paqan məbədi mövcud olmuşdur. IV əsrdə bölgədə xristianlığın yayılmasından sonra paqan məbədinin yerində kiçik xristian kilsəsi inşa edilmişdi.
IX əsrdə Tatevin yepiskop qərargahı elan edilməsindən sonra Tatev monastırının inşasına başlanmışdır. Sünik tarixçisi Stepannos Orbeli özünün "Sünik vilayətinin tarixi" adlı əsərində 848–906-cı illərdə Sünik knyazı Aşot Süni tərəfindən Qeqarqunik hakimi II Qriqor Supan və şahzadə Cagikin dəstəyi ilə köhnə kilsənin yanında yeni kilsənin inşasına başlanmasından bəhs edilir.Nicholas Holding, Deirdre Holding. Armenia with Nagorno Karabagh . — 3-е изд. — Bradt Travel Guides, 2011. — Т. 3. — С. 256:On the north facade are also representations of the founders of the church – Prince Ashot, his wife Shushan, Grigor Supan, the ruler of Gegharkunik, and Prince Dzagik. Sünikin müstəqilliyinin elan olunması ilə Tatevin iqtisadi və siyasi əhəmiyyətinin artmasından sonra Sünik yepiskopu İohannın (Hovannes) müraciəti əsasında çar Aşot Süni ərazidə yeni monastır kompleksinin inşasına qərar verdi.
Lakin, Ermənistan katolikosu I Ananiya Mokaçinin göstəişi ilə Tatevə hücum edən erməni ordusu monastırı dağıtmış, Katolikos Ananiya isə monastırı lənətləmişdir. Sünik knyazı I Vasakın hakimiyyətə gəlməsindən sonra Tatev monastırını yenidən bərpa edilmiş və müdafiə sistemini möhkəmləndirilmişdir. XI əsrdə monastırda 1000-dən çox monax yaşayır, həmçinin çoxsaylı kəndlilər monastıra xidmət edirdi. left|thumb|270px|Monastır kompleksi 1918-ci ildə. 1040-cı ildə II Smbat 2000 nəfərlik ordu ilə Şəddadilər sülaləsindən olan Əbüləsvar Şavura qarşı döyüşdə iştirak etmiş və onun məğlub edilməsində mühüm rol oynamışdır.V. Minorsky. Studies in Caucasian History. — CUP Archive, 1953. — С. 51 Bunun əvəzinə 1044-cü ildə Ərdəbil, Əhər və Lənkəranın müsəlman əmirləri Sünikə soxularaq onun mədəni-ruhani mərkəzi olan Tatev monastırını ələ keçirmiş, Müqəddəs Qriqori kilsəsi və onu əhatə edən binaları dağıtmışlar. Müsəlmanların geri çəkilməsindən sonra II Smabt ömrünün sonuna kim Sünikin bərpa edilməsi ilə məşğul olmuşdur. 1087-ci ildə V Sünik knyazı Sənəkərimin hakimiyyəti dövründə kompleksin şimalında Müqəddəs Məryəm ana kilsəsi inşa olunmuşdu.
XII əsrdə Səlcuqluların Cənubi Qafqaza yürüşləri zamanı və 1136-cı ildə baş vermiş zəlzələdə monastır kompleksi ciddi dağıntılara məruz qalmışdı. 1170-ci ildə monastır kompleksini ələ keçirən Səlcuqlular yanğın törətmişdilər və bu zaman monastırda saxlanan 10.000-dən çox əlyazma yanaraq məhv olmuşdu. XII əsrin sonlarında yepiskop Stepannosun göstərişi ilə monastır kompleksi yenidən bərpa olunmuşdu.See Find Armenia
Monqolların Azərbaycanda hakimiyyəti dövründə və Hülakülər sülaləsi zamanında monastır kompleksi vergilərdən azad edilmişdi. Sünikin yerli sülaləsi olan Orbelilərin dəstəyi ilə monastır əvvəlki iqtisadi gücünü bərpa etmişdi. 1286-cı ildə monastırın Orbelilərin nəzarəti altına keçmiş və Mitropolit təyin olunan Stepannos Orbeli Sünik kilsəsinin yeparxiyalarını vahid mərkəz ətrafında birləşdirməyə çalışmışdır. XIV əsrdə Tatev Universitetinin əsasının qoyulmasından sonra Tatev monastırı həm də böyük mədəniyyət mərkəzinə çevrilmişdir.
Teymurun Sünikə hücumu (1381–1387) zamanı talanmış və yandırılmış Tatev monasıtırı tabeliyində olan ərazilərin də böyük bir hissəsini itirmişdir. 1434-cü ildə Teymuri Sultan Şahruxun Azərbaycana yürüşü zamanı Tatev növbəti dəfə zərbə almışdır.
Müasir dövr XVII–XVIII əsrlərdə Səfəvilərin hakimiyyəti dövründə kompleksdə monastır həyatı yenidən canlanmağa başlamış, kompleksdə bərpa işləri həyata keçirilmiş və bir neçə yeni bina inşa olunmuşdur. 1796-cı ildə Ağa Məhəmməd xan Qacarın yürüşü zamanı monastır kompleksi növbəti dəfə zərbə almışdır. 1822-ci ildə Qarabağ xanlığının Çar Rusiyasının tərkibinə qatılmasından sonra 1836-cı ildə Müqəddəs Sinod Alban Həvari Kilsəsi kimi Sünik Kilsəsinin də müstəqilliyinə son qoymuş və Sünik kilsəsi Erməni Qriqoryan Kilsəsinin yeparxiyalarından birinə çevrilmişdir.
1921-ci ildə Tatev monastırında keçirilən toplantıdan sonra Dağlıq Ermənistan Respublikasının qurulması elan edilmişdi. Dövlət Tatev kanyonu, Qarakilsə və Qndevaz ərazilərini əhatə edirdi. Gorus şəhəri tanınmamış dövlətin paytaxtı, Qaregin Njde isə rəhbəri elan edildi.
1931-ci ildə baş vermiş zəlzələ zamanı monastıra ciddi ziyan dəydi, Müqəddəs Pavel və Pyotr kilsəsinin qüvvəsi çökdü və zəng qülləsi dağıldı. Sonrakı dövrdə kilsənin dağılmış hissələri bərpa edilsə də, zəng qülləsi bu günə kimi dağılmış olaraq qalmaqdadır.
Memarlıq xüsusiyyətləri right|250px|thumb|Yağ dəyirmənının daxili görünüşü Qala divarları ilə əhatə olunmuş Tatev monastır kompleksinə üç kilsə (Müq. Pavel və Pyotr, Müq. Qriqori Maarifçi, Müq. Məryəm), kitabxana, yemək zalı, zəng qülləsi, mavzoley və digər kiçik adminstrativ binalar daxildir.
Müqəddəs Pavel və Pyotr kilsəsi 895–906-cı illərdə inşa edilmişdir. 1043-cü ildə kilsənin cənub divarına bitişik tağlı zal inşa edilmişdi. Bundan qısa müddəs sonra, 1087-ci ildə kompleksi qoruyan qala divarının şimal tərəfində Müqəddəs Məryəm kilsəsi inşa olunmuşdu. 1295-ci ildə Stepannos Orbelinin təşəbbüsü ilə zəlzələ nəticəsində dağılmış Müqəddəs Qriqori Maarifçi kilsəsinin təməlləri üzərində yeni kilsənin inşasına başlanmışdır. 1787-ci ildə Müqəddəs Qriqori kilsəsinin qərb divarı yaxınlığında Qriqor Tatevatsinin mavzoleyi inşa edilmiş, XIX əsrdə isə Müqəddəs Pavel və Pyotr kilsəsinin qərbində zəng qülləsi inşa edilmiş və mavzoleyə vestibül əlavə olunmuşdur.
Bundan başqa monastır, Qavazan kimi tanınan sütuna da malikdir. Bu sütun X əsrdə Müqəddəs Pavel və Pyotr kilsəsinin inşasının tamamlanmasından sonra ucaldılmış və müxtəlif zəlzələlər və hücumlara baxmayaraq toxunulmaz qalmışdır. XIV əsrdə yaşayış, inzibati və digər binalarla yanaşı kompleksin cənub, qərb və şimal tərəflərini əhatə edən qala divarları inşa edilmişdir. XVIII əsrdə kompleksə yepiskop iqamətgahı, rahib hücrələri, yeməkxana binası, mətbəx, çörəkxana və şərab anbarı əlavə edilmişdir. Əsas qala divarlarının yanında dağlı tavanlarla örtülmüş on altı sinif otağı inşa olunmuşdu.
Monastırın qala divarlarından kənarda, şimal-şərqdə zeytun istehsalı yeri vardır. Həmin məkan dörd istehsal otağından ibarətdir ki, onların da ikisi qübbəli saxlama kamerası, ikisi isə tağlı tavanlı istehsal otaqlarıdır. Bu dəyirman bütün Cənubi Qafqazda dövrümüzə çatmış ən yaxşı dəyirmanlardan birdir ki, ora əsrlərin zeytun istehsalı haqqında ətraflı təəssürat yaradır.
Tatev monastırındakı məktəb binaları memarlıq baxımından orta əsrlərin monastır məktəblərinin memarlığına uyğundur.
Müqəddəs Pavel və Pyotr kilsəsi left|thumb|200px|Müqəddəs Pavel və Pyotr kilsəsi Müqəddəs Pavel və Pyotr kilsəsi İsanın iki həvarisinin şərəfinə inşa edilib. Bu kilsə həm də Həvarilər kilsəsi və ya kafedral kimi tanınır. Ehtimal ki, bu kilsə özündən əvvəl həmin ərazidə olmuş daha qədim bir kilsənin yerində inşa edilib və qədim kilsənin adını da miras alıb. Kilsənin qərb divarında yepiskop Hovannesin (İohann) sifarişi ilə hazırlanmış və kilsənin inşa tarixi haqqında məlumat verən xaçkar vardır. right|150px|thumb|Müqəddəs Pavel və Pyotr kilsəsinin planı Müqəddəs Pavel və Pyotr kilsəsi monastır kompleksində dövrümüzə çatan ən qədim tikilidir. Kilsə yepiskop Hovannesin xeyir-duası, çar Aşot Süninin təşkilatçılığı və maddi dəstəyi, onun həyat yoldaşı Şahzadə Şuşan, həmçinin, Qeqarqunik hakimi II Qriqor Supan və şahzadə Cagikin dəstəyi ilə inşa olunmuşdur.
Kompleksin ərazisində qərbdən şərqə uzanan kilsə dördbucaqlı bazilika formasında inşa edilmişdir. Kilsənin şərq tərəfində iki tərəfdən depozitari ilə əhatə olunmuş apsidanın ortasında altar yerləşir. Mərkəzi qübbə şərqdən iki sütunla dəstəklənisə də, qərbdən əvvəlki tikilinin qalıqlarına söykənir. İki səviyyəli qübbə maili istiqamətdə kirəmitlə örtülmüşdür. Həm daxildən, həm də xaricdən kilsənin divarları yonulmuş daşlarla üzlənmişdir. Divarlarda və qübbədə olan nazik pəncərələr neflərin işıqlandırılmasını təmin edir. Kilsənin şərq fasadında onun inşasında nişlər və nişlərin də üstündə kilsənin inşasını təmin edən çar Aşot Süni və şahzadə Şuşanın ilanlarla əhatə olunmuş portret-barelyefləri var.
930-cu ildə yepiskop Hakob Dvinetsinin xeyir-duası ilə kilsənin interyeri freskolarla bəzədilmişdir. Bu işlə Konstantinopoldan dəvət edilmiş fransız rəssamları və yerli rəssamlar birlikdə məşğul olmuşlar. Əsas fiqurların üzləri şərq cizgilərinə malikdirlər və interyerdəki bütün yazılar erməni dilindədir. Şərq apsidasında taxta çıxmış İsa tələbələri və digər müqəddəslərlə birlikdə təsvir edilmişdir. Qərb divarında məşhər, şimal divarında isə İsanın doğulması təsvirləri çəkilib. Həmin freskaların az bir hissəsi dövrümüzə çatıb.
Müqəddəs Qriqori Marifçi kilsəsi left|thumb|200px|Müqəddəs Qriqori Marifçi kilsəsi Müqəddəs Qriqori kilsəsi Müqəddəs Pavel və Pyotr kafedralının cənub divarının yanında inşa edilmişdir. Kilsə 836–848-ci illərdə Sünik şahzadəsi Filippin maddi dəstəyi və sifarişi ilə inşa edilmişdi. XI əsrdə Səlcuqluların yürüşündən sonra kilsə bərpa edilsə də, 1138-ci il zəlzələsi zamanı dağılmışdı. Bir əsrdən artıq xaraba vəziyyətdə qalan kilsə 1295-ci ildə yenidən bərpa edilmişdir.
Müqəddəs Qriqor kilsəsi sadə memarlıq quruluşuna malikdir. Binanın qübbəsi yoxdur. Şimal və cənub tərəfdən üç sütunla dəstəklənən binanın damı maili kirəmitlərlə örtülmüşdür. Kilsənin girişi gözəl həndəsi naxışlarla bəzədilmişdir.
right|thumb|160px|Müqəddəs Məryəm ana kilsəsi
Müqəddəs Məryəm ana kilsəsi