Səfər Hüseynzadə Əliməmmədov (Alməmmədov) () — Azərbaycan-sovet dövlət xadimi, hüquqşünas, jurnalist, Ermənistan, Qırğızıstan və Azərbaycanın xalq ədliyyə komissarı (ədliyyə naziri).
Həyatı Səfər Hüseynzadə Əliməmmədov 1901-ci ildə İrəvan qəzasının Qaradağlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. İrəvan rus-tatar məktəbini bitirmişdir.
Sovet hakimiyyəti dövründə Səfər Əliməmmədov partiya təşkilatlarında çalışmış, 1928–1929-cu illərdə Ağbaba Partiya Komitəsinin təlimatçısı olmuşdur. Daha sonra o, Ağbaba və Vedi rayon partiya komitələrinin katibi, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı olmuşdur. ÜİK(b)P MK yanında marksizm-leninizm kurslarını bitirmişdir. 12 noyabr 1936-cı ildən 17 mart 1937-ci ilədək "Qızıl şəfəq" qəzetinin redaktoru işləmiş, 1937–1938-ci illərdə Ermənistan KP MK-nin Partiya orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Səfər Əliməmmədov 14 iyul 1938-ci ildə, 1-ci çağırış Ermənistan SSR Ali Sovetinin ilk sessiyasında formalaşdırılmış hökumətin tərkibinə Ermənistan SSR xalq ədliyyə komissarı olaraq daxil edilmişdir. 27 dekabr 1940-cı ilədək bu vəzifədə çalışmışdır. Daha sonra SSRİ Xalq Ədliyyə Komissarlığında şöbə rəisi işləmişdir. Ardınca o, Qırğızıstana göndərilmiş və 22 avqust 1942-ci ildən 4 iyun 1945-ci ilədək Qırğızıstan SSR xalq ədliyyə komissarı vəzifəsində çalışmışdır. 1945-ci ildə Azərbaycana gəlmiş və 27 avqust 1945-ci ildə Azərbaycan SSR xalq ədliyyə komissarı (ədliyyə naziri) təyin olunmuş, 1954-cü ilədək bu vəzifədə çalışmışdır.
Səfər Əliməmmədov sonrakı illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının baş arbitri işləmiş, 1966-cı ildən 1970-ci ildə pensiyaya çıxanadək Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyinin Hüquq şöbəsinin rəisi, baş hüquq məsləhətçisi olmuşdur.
Səfər Əliməmmədov 1926-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1-ci çağırış Ermənistan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ermənistan KP MK-nin üzvü, Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir.
Səfər Əliməmmədov 1977-ci ilin aprel ayıda vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Ermənistan siyasətçiləri Kateqoriya:Azərbaycan SSR ədliyyə nazirləri Kateqoriya:Azərbaycan SSR xalq ədliyyə komissarları Kateqoriya:Ermənistan SSR xalq komissarları və nazirləri Kateqoriya:Ermənistan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Ermənistan azərbaycanlıları