– Yaponiyanın Kioto prefekturasının Uci şəhərində yerləşən videooyun muzeyi. "Nintendo" şirkətinin tarixinə və məhsullarına həsr olunmuşdur.
Tarixi Nintendo Muzeyinin yaradılması 2021-ci ildə Nintendo Qalereyası müvəqqəti adı ilə anons edilmişdir. Muzeyin tikintisinin 2024-cü ilin martında başa çatacağı açıqlansa da, tikinti işləri 2024-cü ilin mayında başa çatmışdır. 2 oktyabr 2024-cü ildə açılmışdır. Dünyanın ilk rəsmi Nintendo muzeyidir.
Xüsusiyyətlər Muzey şirkətin Uci şəhərində yerləşən keçmiş fabrik binasında yaradılmışdır. Uci Oqura fabriki tanınan bu bina 1969-cu ildə tikilmiş və oyun kartlarının istehsalında istifadə olunmuşdur.
İkimərtəbəli muzey kompleksi üç əsas binadan ibarətdir. Burada şirkətin tarixinə aid materiallar, nadir konsollar, prototiplər, interaktiv oyunlar, "Super Mario"nun atası Şiqeru Miyamotonun xüsusi imzası sərgilənir. Muzeyin əsas attraksionu "Kəşf et" bölməsidir. Bu bölmədə şirkətin istehsal etdiyi hər məhsul, 8 xüsusi interaktiv videoyun kolleksiyası nümayiş etdirilir. "Böyük kontrolyor" bölməsində ziyarətçilər klassik "Nintendo" oyunlarını oynaya bilirlər. Burada "Zapper & Scope" (1973) və "Love Tester" (1969) kimi minioyunları oynamaq təklif olunur. Ziyarətçilərə oyun oynamaq üçün 10 rəqəmsal jeton təqdim olunur. Əlavə jeton almağa icazə verilmədiyi üçün ziyarətçilərin oyun seçimlərini diqqətli etmələri tələb olunur. Ziyarətçilər muzeydə öz hanafuda kartlarını da yarada bilirlər.
Muzey biletləri püşkatma sistemi üzrə satılır. Ziyarətçilər muzeyin saytındakı püşkatmaya qatılıb ən az üç ay gözləməlidirlər. Muzeydə "Hatena Burger" adlı özəl burger restoranı yerləşir. Burada 270.000 müxtəlif kombinasiyada hazırlana bilən özəl burger təklif olunur. Muzeyin suvenir mağazasında coystik formasında balışlar və hanafuda kartları satılır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2024-cü ildə yaradılmış muzeylər Kateqoriya:Nintendo Kateqoriya:Videooyun muzeyləri Kateqoriya:Kioto prefekturasındakı muzeylər Kateqoriya:Uci