Osama Vinladen Ximenes Lopes (; ) — Peru futbolçusu, Peru Premyer Diviziyasında çıxış edən "Union Komersio" İK-nin yarımmüdafiəçisi.
Klub karyerası Osama Vinladen Ximenes Lopes 7 oktyabr 2002-ci ildə Rioxada anadan olmuşdur. Vinladen 30 may 2018-ci ildə Peru Premyer Diviziyasında çıxış edən "Union Komersio" İK-nin heyətində "Universidad San-Martin" İK ilə matçda peşəkar səviyyədə debüt etmişdir. O, 87-ci dəqiqədə əvəzedici kimi meydana çıxmışdır və "Union Komersio" matçda 0–0 hesabla heç-heçə qalmışdır.
Beynəlxalq karyerası Vinladen 2017 Cənubi Amerika U-15 Çempionatında iştirak edən Peru U-15 komandasının bir hissəsi idi.
Şəxsi həyatı Vinladen Üsamə bin Ladenin adını daşıyır. Orfoqrafik fərq ispan dilində "b" və "v" hərflərinin tələffüzünün oxşarlığı ilə əlaqədardır. Vinladenin İraq lideri Səddam Hüseynin şərəfinə adlandırılmış Sadam Huseyn adlı bir qardaşı var. Bundan əlavə, atası üçüncü övladının adını Corc Buşun şərəfinə qoymağı planlaşdırmışdı, lakin qız olduğu üzə çıxdığına görə bundan imtina etmişdir.
Vinladen qeyri-adi adı ilə bağlı bunları demişdir: "Peruda Hitler adlı bir şəxs də var. İsa dünyanı xilas etmişdi və zərər verən Xesuslar da var. İnsanları öldürən bir Üsamə olduğu üçün, məncə, ad haqqında qanunun olması lazım deyil. Bu, gördüklərimə görə çox diqqət çəkir".
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Peru futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri