Mehri və Vəfa - Ümmi İsa tərəfindən qələmə alınan, Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri. Azərbaycan ədəbi dilinin qrammatik quruluşunu tarixi inkişafda öyrənmək baxımından əhəmiyyətli mənbə hesab edilən poemanın müəllifi Azərbaycan şairi Ümmi İsadır. Poema dilinin sadə və anlaşıqlı olması ilə seçilir ki, bu da onun folklor, canlı danışıq dili əsasında yazılmasından irəli gəlir. “Kitabi-Dədə Qorqud” və “Dastani-Əhməd Hərami”yə nisbətən “Mehri və Vəfa” poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir.

Tədqiqi İki qəhrəmanlı eşq məsnəvilərindən biri olan “Mehri və Vəfa” türk və İran ədəbiyyatında ortaq xüsusiyyətlərə malik olan məsnəvilərdəndir. Mənbəsini İran ədəbiyyatından götürən hekayə klassik məsnəvinin mövzusu kimi aşiqlərin müxtəlif hadisələrdən və maneələrdən sonra bir-biri ilə görüşməsindən bəhs edir. IX Əsrin şairlərindən Arşi Dəhləvi və onun qardaşı Mir Məhəmməd Mömini Arşın "Mehri və Vəfa" adlı şeirləri var. Mir Məhəmmədin “Mehri və Vəfa” əsərinin nüsxəsi, Paris Milli Kitabxanası Supp 1100 nömrəli qeydiyyatdadır. Arşi “Mehriü Vəfa”nı Həzəc bəhrində yazıb. Bu məsnəvi 2200 beytdən ibarətdir. Şair iddia edir ki, “Mehri və Vəfa” mövzusunu ilk dəfə o qələmə alıb. Bir digər ədəbiyyatşünas alimlər isə Mehri və Vəfa hekayəsini ilk dəfə XII əsrdə Rəşidi Səmərqəndi tərəfindən yazıldığı fikrini irəli sürüblər. Rəşidinin bu əsərindən romantik mənzumə kimi bilinir. Dövlətşah öz təzkirəsində Rəşidinin Mehri və Vəfa məsnəvisindən "o dastanda həqiqətən sözün haqqını vermişdi" deyə bəhs edir. Sonralar yazılmış fars və türkcə “Mehri və Vəfa" məsnəvilərinin  çoxu onun təsiri altında olmuşdur. Türk dilli ədəbiyyatda isə bilinən ilk Mehri və Vəfa məsnəvisini Ümmi İsa qələmə almışdır.

Pоеmanın müəllifinin adının İsa оlduğunu biz yalnız əsərdən öyrənirik:

“Ümma, İsa, nеcə bir bu qеyli-qal, Dilə haqdan kim, qılasan ittisal”.

Təəssüf ki, başqa hеç bir mənbədə bu şairin nə adına, nə də haqqında məlumata təsadüf еdilmir. Оna görə də оnun yaşadığı tarixi dövr haqqında fikir söyləmək mümkün deyil. Bununla bеlə, professor Yaqub Babayevə görə əsərin pоеtik linqvistikası, dil xüsusiyyətləri, lеksik məziyyətləri və üslubi sistеmi bütünlüklə XIII-XIV yüzilliklərdəki ana dilli еpik sənət nümunələrini xatırladır. Babayev “Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII-XIV əsrlər)” adlı kitabında yazır:

“XIII-XIV əsrlər ana dilli abidələrimizdə оlduğu kimi burada da ismin hal şəkilçiləri tam sabitləşməmişdir və biri digərinin yеrində işlənir, fеlin zaman şəkilçiləri bоl-bоl bir-birini əvəz еdir, şəxs şəkilçilərinin arxaik fоrmaları sıx-sıx işlənir. Dоğrudur, bu xüsusiyyətə sоnrakı dövrdə yaranmış ana dilli əsərlərimizdə də rast gəlirik. Lakin sоnrakı əsrlər üçün dеyilən əlamət xеyli azalır, sabitləşmə nəzərə çarpacaq dərəcədə güclənir, adı çəkilən qrammatik əlamətlər daha çоx nоrmativ xaraktеr alır, öz daimi yеrini tutmağa mеyllənir. XIII-XIV yüzilliklərdə isə bu qrammatik əlamətlərdə daha çоx sərbəstlik, işlənmə tеzliyinin bоlluğu, kəmiyyət artıqlığı müşahidə оlunur. Bu mənada ''Mеhri və Vəfa''- dan məhz XIII-XIV yüzilliklərin qоxusu gəlir.”

Ədəbiyyatşünas alimlərimizdən K.Şərifli və A.Şərifli bu əsəri üzə çıxararaq iki dəfə ön sözlə birlikdə çap еtdirmişlər. A.Şərifli “Ümmi İsanın “Mehri və Vəfa” məsnəvisinin paleoqrafik, orfoqrafik və leksikoloji tədqiqi” mövzusunda dissertasiya yazmışdır.

Prof. Q.Kazımov özünün “Seçilmiş əsərləri”ndə poemanın dilini “Dastani-Əhməd Hərami”nin dili ilə müqayisəli şəkildə təhlil etmiş, leksik və morfoloji quruluşu haqqında məlumat verərək, onun, əslində, hansı dövrün məhsulu olduğunu müəyyənləşdirməyə çalışmışdır. Alim bu qənaətə gəlmişdir ki, pоеmanın yaranma tarixini XIII əsrdən də əvvələ aid еtmək оlar.

Türk ədəbiyyatşünas alim Agah Sirri Levənt Ümmi İsanı XV əsrdə yaşamış şair kimi qeyd edir. Türk ədəbiyyatında XV əsrdən əvvəl yazılmış məsnəviləri araşdırdığı kitabında Amil Çələbioğlu Ümmi İsanın məsnəvisini XIV əsr abidəsi kimi dəyərləndirir. O yazır ki, şair əsərini hicri 774-cü ildə (1372-73) tamamladığını məsnəvisinin sonundakı qoşmada açıq şəkildə bildirir. Ona görə də şairin də bu illərdə yaşadığı təxmin edilir:

Yedi yüz yetmiş dört yılıdur tamam

Olmışıdı rəsuldan sonra vəssalam

İşbu kitabı tamam eylədim

Nəzmilə şərhin cihana söylədüm

Sujeti Poemanın sujeti belədir:

Rum padşahının üç oğlu var idi. Bir gün padşah xəstələnir. Vəziyyətinin getdikcə ağırlaşdığını görən vəzirləri padşahdan onun vəsiyyətini soruşurlar. Padşah vəsiyyət olaraq üç oğlu üçün xəzinə otağında üç küp qoyduğunu söyləyir. Ölməzdən əvvəl onlara deyir ki, “hər qabda bir hikmət var və ölkəni o hikmətlə idarə etsinlər”. Padşah öləndə vəzirlər xəzinəyə gedib görürlər ki, böyük küpdə torpaq, orta küpdə sümük, ən kiçik küpdə isə qızıl var. Küplərin ölçüsünə görə “böyük küpdəki torpaq ölkə deməkdir, böyük oğul padşah olsun, ortadakı küpdəki sümük məmləkətin heyvanlarından xəbər verir. Heyvanlar ortancıl oğula verilməlidir. Kiçik küpdəki qızılları isə kiçik oğul götürsün” deyirlər. Rum padşahının kiçik оğlu Vəfa atası öz payına düşən küp qızılı yоxsullara, еhtiyacı оlanlara, əlsiz-ayaqsızlara sərf еdib kasıblaşdıqdan sоnra bu məmləkətdən baş götürüb gеtmək qərarına gəlir. Barmağındakı üzüyü satıb bir az yemək alır. Qalan pulu ilə gələcəyini öyrənmək üçün dövrünün falçısı rəmmalın yanına gedir. Rəmmal deyir ki, "Sən bir şahzadəsən və başına çox şey gələcək, lakin sonradan xoşbəxtlik tapacaqsan. İçindən su axan bir şəhərə çatacaqsan, lakin o şəhərdə qalmamalısan". Daha sonra bulaq başında qarşılaşacağı canavarın arxasınca getsə qırx hücrədən ibarət bir xəzinəyə və gözəl bir qıza sahib olacağını xəbər verir. Vəfa öyrəndiklərinə sevinərək yola düşür və falçının dediyi hər şeyi edir. O, həm xəzinəni, həm də Mehrini və onun dayəsini tapır. Mehrinin gözəlliyini görəndə ona aşiq olur. Sonra Vəfa Mehrinin dayəsi ilə düşmənlərdən qaçarkən mindikləri qayığın tufan nəticəsində dağıldığını və Xızır peyğəmbərin köməyi ilə bu vəziyyətdən xilas olduqlarını öyrənir. Mehri ilə yaşamağa qərar verən Vəfa qırx hücrəli xəzinəni görür. Mehri birindən başqa bütün otaqları göstərir. Bir gün Mehri yatarkən Vəfa açarı tapıb qırxıncı otağı açır. İçəridə ağacların insanlar kimi danışdığını görür. O, ağacların arasından bitən köynəklərdən birini götürmək istəyərkən qəfil əsən külək onu uçurur. Vəziyyəti öyrənən Mehri çox əsəbiləşir və başlarına fəlakətlər gələcəyini söyləyib, ayrılaq deyir. Köynək Məğrib əyalətində yaşayan bir kəndlinin tarlasına düşür. Əkinçi köynəyi kənd ağasına, kənd ağası isə vəzirə çatdırır. Köynəyi görən sultan “bu gözəl köynək ancaq huriyə aid ola bilər” deyərək sahibinə aşiq olur və adamlarına köynəyin sahibini gətirməyi əmr edir. Vəzir və ağalar məşhur cadugərdən kömək istəyirlər. Cadugər deyir ki, köynəyin sahibi rum elində yaşayan bir gözəldir və onu sultana gətirə bilər. Kasıb və yaşlı qadın qiyafəsində olan ifritə ata minib Mehri ilə Vəfanın yaşadığı yerə gəlir. Allahın adını çəkərək yalvarır. Başlarına pis hadisələr gələcəyini bilən Mehri qapını açmaq istəmir, lakin Vəfanın təkidinə müqavimət göstərə bilmir və cadugəri içəri buraxır. Cadugər içəri girib tilsim atır və hər ikisi huşunu itirir. Cadugər Vəfanın boğazını kəsir və huşunu itirmiş Mehrini küpünə qoyub sultanın sarayına gətirir. Gözünü açanda sultanı görən Mehri bu vəziyyətdən qurtulmaq üçün sultandan bir il başqa sarayda dayəsi ilə oturub sevgilisinin ölümünə yas tutmaq üçün icazə istəyir. Nəhayət, Mehrinin öz istəyi ilə gələcəyini düşünən sultan bu şərti qəbul edir. Yas tutan Mehri bütün paltarlarını qara rəngə boyayır. Sevgilisinin vəziyyətini görən sultan bütün ölkədə matəm elan edir və ölkədə yaşayan hər kəsə qara geyinməyi məcbur edir. Vəfanın bütün var-dövlətini xərclədiyini öyrənən qardaşları onun taleyi ilə maraqlanır. Ortancıl qardaş Vəfanı tapmaq üçün yola düşür və rəmmalın yanına gəlir. Rəmmal ona əvvəl ağlayıb, sonra isə güləcəyini deyir. Saraya çatanda qardaşı Vəfanın öldürüldüyünü eşidir  ağlayır. Xızır gəlib Vəfanı dirildir. Dirilən Vəfa dərhal Mehrini soruşur. Ortancıl qardaşının xəbərdarlığına baxmayaraq sevgilisini tapmaqda israr edən Vəfa bağda qalan iki köynəyi, bir il solmayan çiçəyi və bir kisə qızıllı götürüb yola düşür. On bir ay yol gedən və qarşılaşdığı hər kəsdən Mehrini soruşan Vəfa, Məğrib vilayətinə gəlib çıxır. Vəfa Mehrinin sarayına tərəvəz daşıyan adamın səbətinə çiçəyi qoyur. Çiçəyi qoxusundan tanıyan Mehri toya hazırlıq görmək üçün sultana xəbər göndərir. Mehri sultanın ona göndərdiyi atları Vəfaya verir. Toy məclisi sərxoş olarkən Mehri və Vəfa yola düşüb gizlənmək üçün bir mağaraya girirlər. Ertəsi gün vəziyyəti anlayan sultan ifritəni Mehrini tapmağa göndərir. İki sevgilini tapa bilməyən Sultan, ifritəni qılıncla öldürür. Sevgisindən dəli olan sultan, Mehrini tapmaq üçün ayaqyalın yola düşür.

Bunda sonra Vəfa ilə Mеhrinin başına yеni macəralar gəlir. Əvvəl bir zənci, sоnra bir sərraf Mеhrini ələ kеçirmək istəyir. Lakin Mеhri tədbir və hiylə ilə оnların əlindən qurtarır. Bununla bеlə Mеhri ilə Vəfa ayrı düşürlər. Mеhri bir ölkəyə gəlib çıxır, оnu оrada şah qоyurlar. Vəfa da axtara-axtara gəlib buraya çıxır. Vəfanın məqsədli оlaraq çəkdirib şəhərin görkəmli yеrində qоydurduğu şəkildən оnu tanıyır. Оnlar görüşürlər. Tоy еdib еvləndikdən sоnra Mеhri şahlığı Vəfaya vеrir.

Obrazlar Hekayədə insanlar iki yerə bölünür: əsas qəhrəmanların yanında olanlar və onlara qarşı olanlar. Əsərdə insan olmayanların da personaya daxil edildiyi görünür. Baş qəhrəmanlardan (Mehri və Vəfa) başqa bütün qəhrəmanlar ya sevgililərin yanında olur, ya da onları ayırmağa çalışır.

Əsl qəhrəmanların yanında olanlar: Xızır, İlyas, qoca vəzir, Vəfanın böyük qardaşı, kiçik qardaşı, bağban.

Baş qəhrəmanlarla qarşı olanlar: Məğrib-Zəmin sultanı, vəzir, Zəngi sultanı, sərraf, cadugər, dindar qadın, bəy, qonşu qadın.

Mehri obrazı. Klassik ədəbiyyatımızda məşuq rolunun qarşılığıdır. Lakin Mehri çərçivəyə salınan aşiqdən fərqli olaraq o, öz qəddarlığı, iztirabları ilə qarşımıza çıxmır. Onun ən mühüm xüsusiyyətləri mərhəmət və zəkadır. Mehri Ümman padşahının qızıdır. Əsərdə Mehr, Mehri Banu, Banu adları ilə görünən Mehri əfsanəvi bir gözəlliyə sahibdir. Mehri o qədər gözəldir ki, Vəfa onu ilk dəfə görəndə huşunu itirir. Bu hadisə yeddi dəfə təkrarlanır. Əsərdə Mehrinin xüsusiyyətləri sadalanarkən,çox vaxt mübaliğələrdən istifadə olunub. Əsərdə Mehridən bəhs olunarkən “taxt üzərində mələk oturmuş, üzünün nuru bütün sarayı işıqlandırmış” cümləsi buna nümunədir. Zahiri xüsusiyyətlərindən başqa, Mehri həm də çox ağıllı insandır. O, nə olacağını qabaqcadan görmək qabiliyyətinə malikdir. Vəfanın yaratdığı çətinlikləri aradan qaldıran Mehridir. Elə buna görə də o, əsərdə güclü qadın obrazı kimi təsvir olunub. Mehri ağıllı olduğu qədər də mərhəmətlidir. Hekayənin sonunda tutduğu adamları cəzalandırmır, hər birinə iyirmi min qızıl verib evlərinə göndərir.

Vəfa obrazı. O,Rum padşahının kiçik oğludur. O, divan ədəbiyyatında Mehri kimi o da aşiq rolunu daşıyır. Vəfa divan poeziyasında gözü yaşlı aşiq obrazıdır.Onun bu cəhəti

“Kimsəsiz yox heç kimsə həmən hər kimsənin var kimsəsi

Kimsəsiz qaldım mədəd ey kimsəsizlər kimsəsi”

kimi beytlərlə verilib. Vəfanın başqa bir xüsusiyyəti də odur ki, o, Mehridən fərqli olaraq çox zəif bir xarakterdir. Hekayədə sevgililərin bir-birindən ayrılmasına səbəb olacaq bütün hadisələrin səbəbkarı Vəfadır. Buna baxmayaraq, Vəfa da Mehri kimi mərhəmətli bir insandır. O kasıblara kömək etmək üçün bir küp qızılın hamısını xərcləyib bitirir. Mehirini əlindən alanları cəzalandırmır.

Dil xüsusiyyətləri