"Global Media Group" və ya qısaca GMG — 2017-ci ildən fəaliyyət göstərən və Azərbaycan hökumətinin nəzarətində olan hakimiyyətyönümlü media-holdinq.

Şirkətlər qrupuna Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

"Global Media Group" MMC-nin tərkibində olan şirkətlər — "Report" İnformasiya Agentliyi, "Oxu. Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.

10–16 dekabr 2025-ci ildə "TÜV Austria Azərbaycan" MMC təşkilatlarda tətbiq olunan ISO 9001:2015 — Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 — Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 — Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə mexanizmlər beynəlxalq tələblərə uyğun şəkildə qiymətləndirilib.

GMG-nin Direktorlar Şurasının sədri azərbaycanlı sahibkar və sabiq dövlət məmuru Elnur Abdullayevdir.

2019–2023-cü illərdə Azərbaycandakı media direktoru azərbaycanlı jurnalist Həmid Həmidov idi.

SOCAR tərəfindən maliyyələşdirildiyi iddia edilir.

Oxu. Az Oxu.Az xəbər saytı 2013-cü ildən fəaliyyətdədir. Sayt dünyada və ölkədə baş verən xəbərləri təqdim edir. Sayt sutka ərzində üç dildə — Azərbaycan, Rus və Türk dillərində xəbərlər, analitik məqalələr, fotoreportajlar və videoçarxlar hazırlayır. Yarandığı ilk illərdə "Garant Holdinq"in media-qrupu olan "Garant Media Holdinq"in tərkibində olub.

2022-ci ilin martında Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") "Oxu.az" saytının bu ölkənin ərazisində yayılmasına blok qoyub. "Oxu.az" saytının baş redaktoru Ülvi Səfərov Amerikanın Səsinə müsahibəsində bunun səbəbini saytın yaydığı xəbərlərin Rusiyanın maraqlarına cavab verməməsi ilə izah edib.

Report İA

"Report" İA Azərbaycanın ən böyük informasiya agentliklərindəndir. "Report" 2014-cü ildən üç dildə ictimai-siyasi və sosial-iqtisadi sahələr üzrə baş verən hadisələr barədə məlumatları çatdırır. Agentliyin Türkiyə, ABŞ, Rusiya, Fransa və Ukraynada büroları var.

Baku.ws

"BAKU. WS" xəbər saytı 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayıb. Xəbər portalı dünya və yerli xəbərləri yayımlayır. Təsisçisi Orxan Məmmədovdur.

Baku TV

"Baku TV" 18 fevral 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. Dünyada və ölkədə baş verən xəbərləri tamaşaçılarına çatdırır. Azərbaycanın bütün bölgələri ilə yanaşı, kanalın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukrayna büroları fəaliyyət göstərir. Təsisçisi Orxan Məmmədov, rəhbəri Ramin Cəfərovdur.

Media.az "Media.az" saytı 1 mart 2018-ci ildən fəaliyyət göstərir. Azərbaycanın xəbər portallarından biri olaraq xəbərləri ancaq rus dilində təqdim edir. Təsisçisi Həmid Həmidov idi, baş redaktoru isə Cəmilə Ələkbərovadır.

Haber Global

"Haber Global" telekanalı 2018-ci ilin sentyabrından Türkiyənin ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərir. Telekanalın xəbər buraxılışları və proqramları ilə Türkiyənin xəbər portallarından olan "haberglobal.com.tr" rəsmi saytı vasitəsilə də tanış olmaq mümkündür. Kanalın rəhbəri Elnur Abdullayev, baş direktoru isə Məmməd Gülməmmədovdur.

Global Analytics 2020-ci ilin mayında yaradılmış "Global Analytics İnformasiya Mərkəzi" İctimai Birliyi ("Global Analytics") KİV-lərin monitorinqi ilə məşğul olur. Mərkəz müxtəlif KİV-lərdə ayrı-ayrı dillərdə Azərbaycanla bağlı analitik materialları izləyir.

Global Management "Global Management" MMC 2020-ci ildən autsorsinq sahəsində işləyir. Fəaliyyətinin əsas istiqamətləri maliyyə, idarəetmə, mühasibatlıq, marketinq, informasiya texnologiyaları, insan resursları və digər sahələrdir. MMC-nin fəaliyyəti beynəlxalq təcrübə və biznes proseslərinin analizlərinə əsaslanır. Rəsmi saytı management.azdır.

"Global Management" MMC-nin İdarə Heyətinin sədri Rövşən Nizamovdur.

Caliber. Az "Caliber.az" analiz-informasiya portalı 2021-ci ilin martından fəaliyyət göstərir. "Global Media Group" media holdinqinin tərkib hissəsidir. Portal rus, ingilis və erməni dillərində fəaliyyət göstərir.

PhotoStock "PhotoStockwww.photostock.az" layihəsi 2021-ci ilin mayından fəaliyyət göstərir. Portal müxtəlif mövzularda, yüksək keyfiyyətli, geniş sahə üzrə fotoşəkillər təklif edir. Fotobank istifadəçilərinə yalnız eksklüziv fotolar təqdim edir. Portal daha əvvəl "Global Photo Stock" adını daşıyıb. 2022-ci ilin iyulunda "photostock.az" rəsmi saytı fəaliyyətə başlayıb.

Каспий/Kaspi

"Каспий" qəzeti 1881-ci ildə rus dilində təsis edilib və 1919-cu ilə qədər nəşr olunub. 1999-cu ildə Sona Vəliyeva tərəfindən Azərbaycan, rus və ingilis dillərində yenidən fəaliyyəti bərpa edilib. 2020-ci ildən GMG-yə daxildir və həftəlik ictimai-siyasi qəzet olaraq, şənbə günləri rus dilində, 16 səhifədə, 2000 nüsxə tirajla, Azərbaycan dilində isə həftəlik, rəngli olmaqla yenə 16 səhifədə nəşr olunur.

Tut.az "Tut.az" alış-veriş saytı (TUT. AZ Məhdud Məsuliyyətli Cəmiyyət) da bu holdinqə daxildir. Direktoru Mustafayev Anar Əmir oğludur.

2025-ci il yanvar ayından Tut.az saytı xəbər portal kimi fəaliyyət göstərir.

Haqqin.az

Sayt 29 sentyabr 2011-ci il də jurnalist Eynulla Fətullayev yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Saytda insan hüquqları problemləri ilə bağlı məlumat və təhlillər, Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə baxış və şərhlər, tematik müsahibələr, ekspert rəyləri, o cümlədən sual–cavab mövzulu məzmun dərc olunur. Xarici KİV-lərdə "Azərbaycan hakimiyyətinə tərəfli", "Azərbaycan müxalifət partiyalarını tənqid edən", "aqressiv" və "Azərbaycanın təhlükəsizlik xidmətləri ilə bağlı sayt" kimi xarakterizə edilmişdir. "Eurasianet"in jurnalisti Coşua Kuçera qeyd etmişdir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyevin dövlət müşaviri Fuad Ələsgərov tərəfindən maliyyələşdirilir və "Bakının rusdilli elitasına yönləndirilmişdir".

2026-cı ildə E. Fətullayev saytı satıb və sayt hazırda GMG-nin tərkibindədir.

Digər Tərkibinə "big.az", "sonxeber.az" xəbər saytlarının daxil olduğu "Big Group" media-qrupunun, həmçinin "Qaynarinfo", "Ölkə.az", "AzPolitika.info" və başqa bir sıra reytinqli Azərbaycan xəbər saytlarının GMG-yə aid olduğu iddia edilir.

Kiberhücumlar 20 fevral 2025-ci ildə MMC-yə məxsus olan saytlar kiberhücuma məruz qalıb.

Həmçinin bax APA Group Yeni Müsavat Gündəlik Teleqraf Yeni Çağ (media qrup) Day (media-şirkət) Səs Media Qrup Modern Media Qrupu Garant Media Holdinq Liatris Holding Xalq Cəbhəsi

İstinadlar

Mənbə

Xarici keçidlər

Kateqoriya:Azərbaycan holdinqləri Kateqoriya:Azərbaycan kütləvi informasiya vasitələri