Xəzər Babazadə () — Azərbaycan şahmatçısı, beynəlxalq usta (2022-ci ildən etibarən). 2023-cü ilin mart ayının reytinqinə görə Azərbaycan şahmatçıları arasında 19-cu, dünya şahmatçıları arasında isə 853-cü və "Top 100 Juniors" reytinqində isə 66-cı yerdə qərarlaşıb.

Həyatı Xəzər Babazadə 2005-ci il martın 12-də Biləsuvar şəhərində anadan olub. O, 5 yaşından şahmat oynamağa başlayıb. Bakıda 269 nömrəli tam orta məktəbdə təhsil alıb.

Şahmat karyerası

Yerli turnirlərdə 2016-cı ilin mart ayında ilk dəfə şahmat üzrə Azərbaycan çempionatında iştirak etdi.

2018-ci ilin yanvar ayında şahmat üzrə Azərbaycan çempionatında 4,5/9 xalla turnirdə 8-ci pilləni tutdu.

2019-cu ilin yanvar ayında şahmat üzrə Azərbaycan çempionatında 4,5/9 xal topladı.

2022-ci ilin fevral ayında Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatında 5/9 xal topladı.

Beynəlxalq turnirlərdə 2015-ci ilin iyul ayında Gürcüstanın Poti şəhərində keçirilən 10-cu Poti Beynəlxalq Açıq Şahmat Festivalı "Nana Aleksandriya Kuboku - 2015" turnirində iştirak etdi.

2017-ci ilin avqust ayında BƏƏ-nin paytaxtı Əbu Dabi şəhərində keçirilən 24-cü Abu Dabi Beynəlxalq Şahmat Festivalı - Yeniyetmələr Turnirinin qalibi oldu.

2017-ci ilin avqusta ayında Bakıda keçirilən qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq yarışda 8,5/9 xalla turnirdə birinci yerə layiq görülüb.

2018-ci ildə "Nakhchivan Open" turnirində iştirak etmişdir.

2018-ci ilin mart ayında Gürcüstanın Batumi şəhərində keçirilən Şahmat üzrə Avropa Fərdi Çempionatında iştirak etdi.

2019-cu ilin sentyabr ayında baş tutan 2019 Baku Open turnirində 6,5/9 xalla yarışı 11-ci pillədə başa vurdu.

2019-cu ildə Babazadə FİDE tərəfindən FIDE Master (FM) tituluna layiq görüldü.

2020-ci ilin dekabr ayında Babazadə "Karabakh is Azerbaijan!" şahmat üzrə onlayn beynəlxalq turnirində iştirak etdi və 8,5/11 xalla turnirin qalibi oldu. O, bu turirdə eyni xala malik qrosmeyster Nodirbek Abdusattorovu əlavə göstəricilərdə üstələməyi bacarmışdı.

2021-ci ilin iyul ayında Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən "Serbia Chess Open | Maters" turnirində 5,5/9 xal topladı və 289 şahmatçı arasında 40–83-cü pillələri bölüşdü.

2021-ci ilin dekabr ayında Polşanın paytaxtı Varşava şəhərində keçirilən "FIDE World Rapid Championship" turnirində 6/13 xal topladı və 181şahmatçı arasında 109-cu pilləni tutdu.

2022-ci ilin iyun-iyul aylarında Serbiyanın Novi Sad şəhərində keçirilən "Serbia Chess Open | Maters" turnirində 5/8 xal topladı və 267 şahmatçı arasında 30-cu pilləni tutdu.

2022-ci ilin avqust ayında "Vüqar Həşimov Şahmat Akademiyası"nda mərhum qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 8/9 xalla turnirin qalibi oldu.

2022-ci ilin sentyabr ayında Rumıniyanın Mamaya şəhərində keçirilən 18 yaşa qədər gənclər arasında Dünya Çempionatında 7,5/11 xalla turniri 6-cı pillədə başa vurdu.

2022-ci ilin oktyabr ayında Avstriyanın Mayrhofen şəhərində keçirilən Şahmat Klubları üzrə 37-ci Avropa Kubokunda 4/5 xal topladı.

2022-ci ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən 18 yaşa qədər gənclər arasında Avropa Çempionatında 6,5/9 xalla 3–8-ci pillələrdə qərarlaşdı və əlavə göstəricilərə görə turniri 7-ci pillədə başa vurdu.

2022-ci ilin noyabr ayında Rusiyanın Xantı-Mansi şəhərində keçirilən "The Game has begun!" turnirində 4,5/9 xalla 5–6-cı pillələrdə yer aldı.

2022-ci ildə Babazadə FİDE tərəfində beynəlxalq usta (International Master (IM)) tituluna layiq görüldü.

2023-cü ilin sentyabrında Babazadə 18 yaşadək Avropa Şahmat Çempionatında gümüş medalın sahibi olmuşdur.

Şəxsi həyatı Xəzər Babazadə 2023-cü ilin martında blokçeyn əsaslı şirkət ilə birlikdə şahmat sənayesində ilklərdən olan NFT əməkdaşlığını açıqladı.

İstinadlar

Xarici keçidlər FIDE Chess Profile Khazar Babazada — 365Chess.com

Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Şahmat beynəlxalq ustaları