"Berserk", Yaponiyada həmçinin — Kentaro Miuranın eyniadlı manqa seriyasına əsaslanan Yaponiya anime televiziya serialı. Serial "Nippon Television" və "VAP" tərəfindən istehsal edilmiş, "Oriental Light and Magic" tərəfindən animasiya edilmişdir. "Berserk" serialının rejissoru Naohito Takahaşi olmuşdur. Serialın ssenarisi üzərində Atsuhiro Tomioka, Makoto İtakura, Şinzo Fucita, Şoci Yonemura və "Yu Yū Hakusho"nun baş ssenaristi Yukiyoşi Ohaşi olmaqla beş fərqli ssenarist işləmiş, konsepsiya məsləhətçisi isə Yasuhiro İmaqava olmuşdur. "Berserk" serialının bəstəkarı Susumu Hirasava olmuşdur. Personajları səsləndirən orijinal heyətə Nobutoşi Kanna (Qats), Toşiyuki Morikava (Qriffit), Yuko Miyamura (Kaska) və başqaları daxildir. Bir mövsümdə iyirmi beş seriyadan ibarət anime serialı 1997-ci ilin oktyabrından 1998-ci ilin aprelinə qədər "Nippon TV"-də yayımlanmışdır. Bu, "Berserk" manqasının birinci anime adaptasiyasıdır. Bundan başqa, 2012-ci ildə "The Golden Age Arc" film trilogiyası və 2016-cı ildə onun sikveli olan anime serialı yayımlanmışdır.

Anime serialının əsaslandığı manqanın quruluşu orta əsr Avropasından ilhamlanmışdır. Burada hadisələr demonlar və pərilər kimi varlıqların real olduğu Midlend adlı fentezi dünyasında cərəyan edir. Məzmunda diqqət mərkəzi uşaqlıqda yetim qalmış muzdlu döyüşçü Qatsın və "Şahin dəstəsi" adlı muzdlu qrupun lideri Qriffitin həyatı ətrafında cəmlənir. Dəhşətli hadisələrdən sonra Qatsın bədəninə vurulan damğaya görə o, daim demonlar tərəfindən təqib edilir. Qats Kaska və qarşılaşdığı başqa müttəfiqləri ilə birlikdə intiqam axtarışında yorucu bir səyahətə çıxır.

"Berserk" serialı Şimali Amerikada ingilisdilli buraxılış üçün 2001-ci ildə "Media Blasters" tərəfindən lisenziyalaşdırılmış, VHS və altı DVD diskdə 28 may 2002-ci ildən 27 may 2003-cü ilə qədər yayımlanmışdır. 2012-ci ilin dekabrında "Media Blasters" seriala olan hüquqlarının qüvvədən endiyini açıqlamışdır. Birləşmiş Krallıqda "Berserk" serialı "MVM Films" tərəfindən lisenziyalaşdırılmış, 3 sentyabr 2007-ci ildən 7 iyul 2008-ci ilə qədər altı DVD buraxılmışdır. Avstraliyada və Yeni Zelandiyada "Madman Entertainment" 2 dekabr 2002-ci il və 18 iyun 2003-cü il tarixləri arasında altı DVD buraxmışdır. Serial 1 dekabr 2022-ci ildə "Netflix" platformasının bəzi ölkələrdə mövcud olan versiyalarında yayımlanmışdır.

"Berserk" tənqidçilər tərəfindən universal olaraq müsbət qarşılanmışdır. Serial 1990-cı illərin ən zalım animelərindən biri hesab olunur və ümumiyyətlə, "Berserk" manqa seriyasına başlamaq üçün yaxşı vasitə hesab edilir. Serialın narrativi, personajları, quruluşu və Susumu Hirasavanın saundtreki təriflənmişdir. "Berserk" XXI əsrin əvvəllərində bir neçə adaptasiya və manqaya ilham mənbəyi olmuşdur.

Məzmunu Qurma

Kentaro Miuranın "Berserk" manqasının quruluşu orta əsr Avropasından ilhamlanmışdır. Burada hadisələr demonlar və pərilər kimi varlıqların real olduğu Midlend adlı fentezi dünyasında cərəyan edir. Məzmunda diqqət mərkəzi uşaqlıqda yetim qalmış muzdlu döyüşçü Qatsın və "Şahin dəstəsi" adlı muzdlu qrupun lideri Qriffitin həyatı ətrafında cəmlənir. Dəhşətli hadisələrdən sonra Qatsın bədəninə vurulan damğaya görə o, daim demonlar tərəfindən təqib edilir. Qats Kaska və qarşılaşdığı başqa müttəfiqləri ilə birlikdə intiqam axtarışında yorucu bir səyahətə çıxır.

Süjet Hadisələr Qatsın meyxanaya daxil olması ilə başlayır. Burada bir qrup əsgər azyaşlı qızı incidir və Qats bir nəfərdən başqa bütün əsgərləri öldürür, sağ qalana isə ustası Barona "Qara qılıncoynadan"ın gəldiyini deməsini əmr edir. Bundan xəbər tutan Baron hakimiyyətdə olduğu şəhəri yandırır, Qats isə Baronu taparaq öldürür, onun boynundan sirli iblis artefaktı olan "Behelit"ini çıxarır. Çox keçməmiş, Qats keçmişindəki hadisələri xatırlayır.

Qats sadəcə sağ qalmaq iradəsi ilə müxtəlif döyüşlərdə dolaşan yalqız muzdlu döyüşçüdür. O, "Şahin dəstəsi" adlı muzdlu dəstənin iddialı və xarizmatik lideri Qriffit tərəfindən məğlub edildikdən sonra Qats qrupun üzvü olmaq məcburiyyətində qalır. Qatsın nüfuzu sürətlə yüksəlir və Qriffitin ən yaxşı döyüşçüsünə çevrilir. Bir gün Qriffit Qatsa öz "Behelit"ini göstərir və özünə məxsus padşahlığı idarə etmək arzusunu ortaya qoyur. Üç ildən sonra "Şahin dəstəsi"nin gücü və sayı artmışdır, Qats isə qrupun komandiri olaraq xidmət edirdi.

250px|thumb|Qats ilə Ölümsüz Zodd arasında baş tutan döyüşdən kadr. VI epizod.

Qats döyüşlərin birində qorxulu nəhəng döyüşçü Ölümsüz Zodd ilə qarşılaşır. Zodd Qatsı və Qriffiti öldürməyə az qalmış Qriffitin "Behelit"ini görmüş və onları buraxmışdır. O, bundan əvvəl Qatsa Qriffitin arzusunun puç olacağı təqdirdə onun qaçılmaz ölüm ilə üzləcəyi ilə bağlı xəbərdarlıq edir. Müalicə alan Qriffit Midlandın kralının qızı olan Şarlottla yaxınlaşmağa başlayır. Bir gün Qats Qriffit ilə Şarlott arasındakı söhbətə qulaq asır. Qriffit onun yalnız öz arzusu olan birini əsl dost hesab etdiyini deyir. Midland krallığı nəhayət Tudor imperiyasına qarşı Yüzillik müharibədə qalib gəlməkdə kömək etsin deyə "Şahin dəstəsi"ni işə götürür. Bu dövrdə Qats "Şahin dəstəsi"nin bölmə komandiri və yeganə qadın üzvü Kaska ilə ən yaxın münasibətini möhkəmləndirir. Döyüşdə itkin düşən Qats və Kaska tələyə düşür. Qats Kaskanın qaçmasına imkan yaradır və Tudor qüvvələrinə qarşı tək vuruşur. Kaska dəstək qüvvələri ilə qayıtdıqdan sonra Qatsın yüz nəfəri tək başına məhv edib.

Tudor taxt-tac varisliyi uğrunda daxili qarşıdurma baş verməsi ilə Midland Doldri qalasında Tudorun dayaqlarını məhv edərək müharibədə qalib gəlmək şansı görür. İlk hücumun uğursuzluğundan sonra Midland kralı qalanı tutmaq üçün ikinci cəhddə Qriffiti sərkərdə təyin edir. "Şahin dəstəsi"nin həlledici qələbəsindən bir müddət sonra Qats Qriffitin arzusu üçün yaşamağı dayandırmaq məqsədilə qrupdan ayrılır. Qats və Qriffitin duel edir, sonuncunun böyük məğlubiyyətdən sonra Qats qərarını bir daha təsdiqləyir və qrupdan uzaqlaşır. Qatsın getməsinə görə psixoloji sarsıntı yaşayan Qriffit mühakimə etmədən şahzadə Şarlottla cinsi əlaqədə olur. Saray səlahiyyətliləri baş verənlərdən xəbərdar olur və ərazidən qaçmağa çalışan Qriffit həbs edilir, zindana atılır və işgəncəyə məruz qalır, "Şahin dəstəsi"nin üzvləri isə axtarışa verilir.

Daha yaxşı bir qılıncoynadan olmaq üçün bir il boyunca məşq edən Qats sonda öyrənir ki, "Şahin dəstəsi" qanundan kənarda qalıb və Kaska liderliyi ələ keçirib. Qats onlara kömək etməyə gedir və muzdlularla döyüşən qrupu məhv olmaqdan xilas edir. Bu zaman Kaska Qriffitin problemlərinə görə Qastı günahlandırır, lakin bunun onun günahı olmadığını başa düşür və onlar cinsi əlaqədə olurlar. Kaska Qatsa Qriffiti həbsdə saxlanıldığı Yenidən doğuş qülləsindən xilas etmək üçün plan cızdığını bildirir, Qats ona kömək etməyə razı olur və Qriffit xilas edildikdən sonra Kaskadan ona qoşulmasını xahiş edir. Onlar daha sonra onlar Yenidən doğuş qülləsinin aşağı hissəsində zindana girərək Qriffiti mutilyasiya və lal edilmiş halda tapırlar.

Yenidən doğuş qülləsindən qaçan qayıdan "Şahin dəstəsi"nin üzvləri Qriffitin vəziyyətinə görə özlərini çarəsiz hiss edirlər. Kaska Qatsa Qriffitin qayğısına qalmalı və Qats öz yolunu davam etdirməli olduğunu deyir. Onları eşidən və ümidsizliyə qapılan Qriffit vaqonda yola düşür və təsadüfən çaya çırpılır. Boğazını iti ağacın kökünə sancaraq uğursuz formada intihar etmək cəhdindən sonra Qriffit həbsdə olduğu müddətdə itirdiyi "Behelit"ini tapır, istəmədən boynundan sızan qanla onu aktivləşdirir və beləliklə, "Tutulma" adlanan hadisəni başladır. Burada olan hər kəs başqa müstəviyə göndərilir.

Arxidemonlar qrupu olan "Tanrı əli" Qriffitə onların son üzvü seçildiyini və yoldaşlarını "həvarilər"ə qurban verməli olduğunu bildirir. Bu "həvarilər" Zodd kimi sevdiklərini və öz insanlığını qurban verərək güclü demonlara çevrilən insanlardır. Bütün "Şahin dəstəsi" qurbanlıq kimi damğalanır. Qats və Kaskadan başqa, demək olar ki, bütün qrup "həvarilər" tərəfindən öldürülür. "Tanrı əli"nin beşinci üzvü Femto olaraq yenidən doğulan Qriffit Qatsın qarşısında Kaskaya təcavüz edir. "Həvarilər" tərəfindən məhdudlaşdırılan Qats Femtonu dayandırmaq üçün sol qolunu kəsir və sağ gözünü itirir, lakin, hər halda, uğursuz olur.

Fleşforvardda göstərilir ki, Qatsın "Tutulma"dan sağ çıxıb və bir müddət sonra o, "Tanrı əli" və "həvarilər"dən qisas almaq üçün axtarışa başlayan "Qara qılıncoynadan" kimi tanınır.

Səsləndirmə heyəti

Serialın orijinal yaponca səsləndirmə heyətinin əsas üzvləri Nobutoşi Kanna (Qats), Toşiyuki Morikava (Qriffit) və Yuko Miyamura (Kaska) olmuşdur. Serialın ingiliscə dublyajı 2002-ci ildə "NYAV Post" tərəfindən hazırlanmışdır. Burada əsas səsləndirmə heyəti Mark Dirayson (Qats), Kevin T. Kollins (Qriffit) və Keri Keranen (Kaska) olmuşdur. Həmçinin, Şon Şemmel "Berserk"də bir neçə personajı səsləndirir və o, rolundan asılı olmayaraq eyni səsdən istifadə edir. Orijinal yaponca səsləndirmə və ingiliscə dublyaj heyəti aşağıdakı kimidir:

+PersonajYaponcaİngiliscəQatsNobutoşi KannaMark DiraysonSerialın uzunboylu, əzələli, qarasaçlı, bütün həyatı boyu qeyri-təbii dərəcədə iri olan qılıncla vuruşmağa üstünlük verən protaqonisti.QriffitToşiyuki MorikavaKevin T. Kollins"Şahin dəstəsi"nin qeyri-adi səviyyədə yaraşıqlı, ağıllı və hiyləgər lideri. Onun həyatının məqsədi öz ölkəsinin padşahı olmaqdır və bu məqsəd üçün hər şeyi qurban verməyə hazırdır.KaskaYuko MiyamuraKeri Keranen"Şahin dəstəsi"nin komandirlərindən biri və yeganə qadın üzvü. Qriffitin onu təcavüzkar zadəgandan xilas etməsindən sonra komandirinə inanılmaz dərəcədə sadiq qalmışdır.RikertAkiko YacimaMişell Nyuman"Şahin dəstəsi"nin üzvlərindən olan azyaşlı muzdlu döyüşçü.CudoAkira İşiidaKristofer Kromer"Şahin dəstəsi"nin insanların duyğularını oxumaq qabiliyyətinə malik muzdlu döyüşçüsü.PippinMasuo AmadaCeff Vard"Şahin dəstəsi"nin fleqmatik və səssiz olan ən güclü döyüşçülərindən biri. Onun gücü və intuisiyası "Şahin dəstəsi"nə tez-tez döyüş meydanında böyük xidmət göstərirmişdir.KorkusTomohiro NişimuraMark Sebastian"Şahin dəstəsi" tərəfindən məhv edilən quldur dəstəsinin keçmiş lideri, Qriffitin ən erkən və ən sadiq yoldaşlarından biri. O, illər boyu Qatsı bəyənməmişdir.Nosferatu ZoddKenci UtsumiDevid Brimmer"Ölümsüz Zodd" olaraq da tanınan qüdrətli döyüşçü və "həvari". O, son 300 ildir ki, yorulmadan mübarizə aparır və döyüş sənətində onunla müqayisə oluna biləcək insan tapmağa çalışır.VoidUnşo İşizukaCon Evner"Tanrı əli"nin ən yaşlı və böyük üzvü. Hər qurbanlıq mərasimində qurbanları sadəcə o damğalayır.SlanAtsuko TanakaK. L. Cons"Tanrı əli"ndə yeganə qadın. Qara qanadlara və uzun, çadıra bənzər saçlara malikdir.UbikÇafurinKristian Kollinqvud"Tanrı əli"nin ən danışqan üzvü. Onun əsas rolu "Behelit" tərəfindən seçilmiş insanları qurban verməyə razı olsunlar deyə manipulyasiya etməkdir.QastonMasahito KavanaqoŞon ŞemmelQatsın köməkçisi və yaxın dostu.

İstehsalı

"Berserk" serialının rejissoru Naohito Takahaşi olmuşdur. "Berserk" serialı "Nippon Television" və "VAP" tərəfindən istehsal olunmuş, "Oriental Light and Magic" tərəfindən animasiya edilmişdir. Serialın ssenarisi üzərində Atsuhiro Tomioka, Makoto İtakura, Şinzo Fucita, Şoci Yonemura və "Yu Yū Hakusho"nun baş ssenaristi Yukiyoşi Ohaşi olmaqla beş fərqli ssenarist işləmiş, konsepsiya məsləhətçisi isə Yasuhiro İmaqava olmuşdur. Takahaşi burada Osamu Dezakinin bölünmüş ekran, sərt işıqlandırma, holland bucağı ilə statik kadrlar, açıqcaları xatırladan pastel rənglər kimi rəsm texnikasından istifadə edirdi. Serial aşağı büdcə ilə çəkildiyinə görə, o, əsasən statik təsvirlərlə kinetik illüziyalar yaratmalı olmuşdur. Takahaşi, demək olar ki, hər təkrar istifadə edilmiş animasiya döngəsini, tərpənməz kadr planını və yöndəmsiz hərəkət ardıcıllığını əksər halda məzmunun xeyrinə işləməyi bacarmışdır. Hər halda, serialın istehsalı logistika problemlərindən əziyyət çəkmişdir.