Ni–Co ərintiləri maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq sahələrinə malikdir. Bu ərintilərin müstəsna maqnit xassələri onların mikroelektromexaniki sistemlərdə (MEMS) sərt maqnit daşıyıcısı kimi istifadəsinə imkan verir.
Bundan əlavə, ölkə iqtisadiyyatının ekoloji cəhətdən təmiz və davamlı hidrogen energetikası ilə təmin edilməsi məqsədilə, suyun elektrokimyəvi parçalanması prosesində qiymətli metallardan hazırlanan elektrodların əvəz olunması aktual məsələdir. Hidrogen istehsalının maya dəyərinin azaldılması üçün yüksək elektrokatalitik aktivliyə malik yeni elektrod materiallarının hazırlanması vacib hesab olunur. Elektrokatalitik xüsusiyyətlərə, yüksək mikrosərtliyə və aşınmaya davamlılığa malik nazik Co–Ni ərintilərinin elektrokimyəvi üsulla sintezi hidrogen istehsalının iqtisadi səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər.
Ni–Co ərintiləri geniş tərkib intervalında davamlı bərk məhlullar əmələ gətirdiyindən, onların elektrokatalitik xüsusiyyətlərini müxtəlif kimyəvi tərkiblər üzrə sistemli şəkildə öyrənmək mümkündür.
Xüsusiyyətləri Müxtəlif ferromaqnit materialları arasında kobalt–nikel (Co–Ni) ərintiləri təkmilləşdirilmiş maqnit və katalitik xüsusiyyətləri, eləcə də ayrıca Co nanostrukturları ilə müqayisədə daha üstün mexaniki xassələri ilə seçilir. Yüksək maqnit doyması, sərtlik, aşınmaya və korroziyaya davamlılıq bu ərintilərin tədqiqat və texnoloji tətbiqlər üçün cəlbediciliyini artırır.
Bu xüsusiyyətlər sayəsində Ni–Co ərintiləri mikroelektromexaniki sistemlərdə, maqnit sensorlarında və enerji texnologiyalarında perspektivli materiallar hesab olunur.
Elektrokimyəvi və struktur tədqiqatlar Sulu KOH məhlulunda alınmış Ni–Co ərintilərinin kristal quruluşu, kimyəvi tərkibi və korroziya məhsullarının paylanması rentgen difraksiyası (XRD), skanedici elektron mikroskopiyası (SEM) və transmisiya elektron mikroskopiyası (TEM) metodları ilə tədqiq edilmişdir. Ərintilərin korroziya xüsusiyyətləri üç müxtəlif temperaturda öyrənilmiş, korroziya prosesinin böyümə kinetikası müəyyən edilmiş və davamlı korroziya modeli təklif olunmuşdur.
Nanostrukturlar Silikon səth üzərində sintez edilmiş Co, Ni və CoxNi100−x (0 < x < 100) ərintili nanoklasterlərin optik, struktur və maqnit xassələri araşdırılmışdır. Tədqiqatlar göstərmişdir ki, təmiz Ni-dən təmiz Co-a qədər bütün tərkib diapazonunda nanoklasterlər altıbucaqlı kristal quruluşa malikdir.
Çöküntülərdə Co miqdarının artması qəfəs parametrlərinin böyüməsinə səbəb olur ki, bu da Co–Ni ərintisinin formalaşmasını təsdiqləyir. Eyni zamanda, Co miqdarının artması klasterlərin orta diametrinin böyüməsi ilə müşayiət olunur. Maqnit xassələrinin maksimum dəyərləri əsasən təmiz Co və Ni nümunələrində müşahidə edilmişdir. Bütün kompozitlər otaq temperaturunda superparamaqnit davranış nümayiş etdirir.
Nanotellərin sintezi Elektrokimyəvi çökdürülmə üsulu binar ərintilərdən ibarət nanotellərin alınması üçün nisbətən ucuz və səmərəli metod hesab olunur. Tədqiqatlarda Co–Ni ərintisindən ibarət nanotellərin faza çevrilməsi anodlaşdırılmış alüminium oksid (AAO) şablonundan istifadə etməklə, sabit cərəyan altında elektrokimyəvi çökmə üsulu ilə həyata keçirilmişdir.
Ədəbiyyat Maurel, F.; Knosp, B.; Backhaus-Ricoult, M. Characterization of Corrosion Products of AB5-Type Hydrogen Storage Alloys for Nickel–Metal Hydride Batteries. Journal of The Electrochemical Society, 2000, 147(1), 78–86. Mattei, G.; Julián de Fernández, C.; Mazzoldi, P.; Sada, C.; Battaglin, G.; Sangregorio, C.; Gatteschi, D. Synthesis, Structure, and Magnetic Properties of Co, Ni, and Co–Ni Alloy Nanocluster-Doped SiO2 Films by Sol–Gel Processing. Chemistry of Materials, 2002, 14(8), 3440–3447. Mukhtar, A.; Mehmood, T.; Wu, K. M. Investigation of Phase Transformation of CoNi Alloy Nanowires at High Potential. IOP Conference Series: Materials Science and Engineering, 2017, 239, 1–5.
Kateqoriya:Nikel