Əvəz Abdulhəsən oğlu Cəbiyev () — tibb elmləri doktoru, professor.

Masallı rayonunun ilk tibb elmləri doktoru, Ərkivan kəndinin isə ilk alimi olub. Masallı Rayon Mərkəzi Xəstəxanası Ə. Cəbiyevin adını daşıyır.Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.

Həyatı Əvəz Cəbiyev 28 aprel 1922-ci ildə Masallı rayonunun Ərkivan kəndinin Cəbili məhəlləsində anadan olub. 20 oktyabr 1977-ci ildə 55 yaşında Bakı şəhərində vəfat edib, Ərkivanın Cəbili qəbiristanlığında dəfn edilmişdir. 2022-ci ilin 14 may tarixində 100 illik yubileyi həkimin anadan olduğu məkan Masallı şəhərində təntənəli surətdə keçirilmişdir.

Təhsili Əvəz Cəbiyev ilk təhsilini Ərkivan kənd orta məktəbində alıb. 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Təhsilini institutun aspiranturasında davam edib və daha sonra 1952-ci ildə Leninqradda (indiki Sankt-Peterburq), 1968-ci ildə isə İ.M.Seçenov adına Moskva Tibb İnstitutunda ixtisasartırma kursları keçib. Əvəz Cəbiyev mühəndis olmaq istəyib, lakin alim və həkim Mirkazım Aslanlı-Sarəng onu həkim olmağa ruhlandırıb.

Karyerası 1940–1943-cü illərdə Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs deyib. Cəbiyev 1943–1944-cü illərdə Masallı rayonunun Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında çalışıb. 1948-ci ilin mart ayında Azərbaycan Dövlət Tibb İnstitutunda aspirant kimi infeksiya xəstəlikləri kafedrasında fəaliyyətini davam etdirib. Cəbiyev 1951–1952-ci illərdə Bakı şəhər 3 saylı tibb məktəbində, 1952–1956-cı illərdə N.A.Semaşko adına xəstəxanada işləyib. Əvəz Cəbiyev 1952-ci ildə Sankt-Peterburqda, 1968-ci ildə isə Moskvada ixtisasartırma kursları keçib. O, 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun birinci müalicə kafedrasına assistent, 1963-cü ilin martında dosent, 1969-cu ilin iyununda professor adına layiq görülüb və ömrünün sonunadək institutda (indiki Azərbaycan Tibb Universiteti) orada işləyib.

Elmi fəaliyyəti Əvəz Cəbiyev 1954-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsini almaq üçün "Endemik səpkili yatalaq xəstəliyində karbohidratlar mübadiləsi" mövzusunda dissertasiya müdafiə edib. Bu, onun ilk elmi uğuru olub. 1968-ci ilin mayında isə alim "Azərbaycanın müxtəlif əhali qrupları arasında ürəyin işemik xəstəliyinin epidemiologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1973-cü ilədək Əvəz Cəbiyevin 54 elmi əsəri ölkə mətbuatında dərc olunub. O, xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə, simpozium və müşavirələrdə mühazirələr oxuyub, məruzələrlə çıxış edib. Onun elmi fəaliyyətində ateroskleroz xəstəliyinin araşdırılması da xüsusi yer tutur. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, doktorluq dissertasiyası müdafiəsində Əvəz Cəbiyevin elmi məsləhətçisi olmuş A. L. Myasnikov "Hipertoniya xəstəliyi və ateroskleroz" adlı monoqrafiyasında məhz onun fikirlərinə istinad edərək ateroskleroz xəstəliyi haqqında vacib qeydləri yazmışdı.Vaqif Yusifli, "Çağırış" qəzeti.17 iyun 1972

Mənbə Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009. Masallının ilk tibb elmləri doktoru, Ərkivanın ilk alimi Bu gün Masallının ilk tibb elmləri doktoru Əvəz Cəbiyevin ad günüdür MASALLININ İLK TİBB ELMLƏRİ DOKTORU ƏVƏZ CƏBİYEVİN 100 İLLİK YUBİLEYİ

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Professorlar