Volter Veston (; ) – İngiltərə missioneri və alpinisti. "Yaponiya alpinizminin atası" hesab olunur.

Həyatı Volter Veston 25 dekabr 1860-cı ildə İngiltərənin Derbi şəhərində yerləşən Parker küçəsində doğulmuşdur. O, rezin məhsulların istehsalı ilə məşğul olan Con Vestonun və onun həyat yoldaşı Emma Batlendin altıncı oğlu idi. Veston 1876–80-ci illərdə Derbi məktəbində təhsil almış, burada bir neçə il müddətində 1 mil üzrə qaçış rekordunu (4 dəqiqə, 47 saniyə) öz əlində saxlamışdır. Daha sonra Kembricdə yerləşən Kler kollecinə daxil olmuş, 1883-cü ildə bakalavr, 1997-ci ildə isə magistr dərəcəsi ilə məzun olmuşdur.

Veston Ridli-Holl kollecində təhsil aldıqdan sonra 1885-ci ildə diakon, 1886-cı ildə isə rahib olmuşdur. 1885-ci ildə Ridinq şəhərində Sent-Cons kollecində dini vəzifəyə təyin olunmuşdur. Veston bu illərdə alpinizmə maraq göstərməyə başlamış, 1886 və 1887-ci illərdə Alp dağlarına dırmaşmışdır. O, bir il London limanında köməkçi kapellan kimi işləmiş, 1897–1902-ci illərdə Uimbldonda yerləşən Krest kilsəsinin keşişi olmuşdur. Daha sonra 1911-ci ilə kimi Surreydə vikar vəzifəsini icra etmişdir.

Yaponiya Veston 1888-ci ildə Yaponiyaya gedərək Kumamoto şəhərində Xristian Missioner Cəmiyyəti üçün işləməyə başlamışdır. 1889–95-ci illərdə Britaniyanın Kobe şəhərindəki kapellanı olmuşdur. 1902–05-ci illərdə həyat yoldaşı ilə birlikdə İncilin Təbliğatı Cəmiyyətinin missioneri kimi Yokohamada yaşamışdır. 1911-ci ildə Yaponiyaya qayıdaraq 1915-ci ilə qədər Britaniyanın Yokohamadakı kapellanı olmuşdur.

Veston 1890-cı ildə Fuci dağına dırmaşdıqdan sonra Yaponiyanın Çubu regionunda müxtəlif zirvələri fəth etməyə başlamışdır. 1896-cı ildə yazdığı "Yapon Alp dağlarında alpinizm və səyahət" adlı kitabı Yaponiya alpinizmini Qərb dünyasına tanıtmışdır. Bu kitab daha sonra yapon dilinə tərcümə olunmuşdur. 1906-cı ildə Yaponiya Alpinizm Klubunu qurmuş və klubun ilk fəxri üzvü seçilmişdir. 1915-ci ildə Londonda daimi məskunlaşdıqdan sonra Yaponiyada alpinizmlə bağlı mütəxəssis kimi tanınmış, Yaponiya Cəmiyyətinin üzvü olmuşdur. Yaponiyadakı səyahətlərinə görə 1917-ci ildə Kral Coğrafiya Cəmiyyəti tərəfindən mükafatlandırılmışdır. 1937-ci ildə Yaponiya imperatoru tərəfindən "Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuş, həmin il Yaponiya Alpinizm Klubu tərəfindən Yapon Alp dağlarında onun şərəfinə bürünc lövhə quraşdırılmışdır.

Veston 27 mart 1940-cı ildə Londonun Kensinqton rayonunda öz evində ölmüşdür. 30 martda baş tutan yas mərasimindən sonra kremasiya edilmiş və 1 apreldə Patni-Veyl qəbiristanlığında dəfn olunmuşdur.

Şəxsi həyatı Veston 2 aprel 1902-ci ildə mühəndis Frensis Foksun ikinci qızı Frensis Emili ilə evlənmişdir. Emili də onun kimi alpinist olmuş, 1937-ci ildə ölmüşdür. Veston bütün həyatını kor bir gözlə keçirmiş, dini baxışlarından təsirlənərək alpinizmə maraq göstərmişdir.

Əsərləri "Yapon Alp dağlarında alpinizm və səyahət" (1896) "Uzaq Şərqin oyun meydançası" (1918) "Nabələd Yaponiyada bir yolçu" (1925) "Yaponiya" (1926)

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiyadakı Britaniya qürbətçiləri Kateqoriya:Britaniya alpinistləri Kateqoriya:Yaponiyada alpinizm Kateqoriya:Yaponiyada anqlikanizm Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:İngilis anqlikanlar