Səhnə işıqları (ing: Limelight) — 1952-ci ildə Çarli Çaplinin prodüseri, rejissoru olduğu və baş rolda oynadığı filmdir. Filmin musiqisi də Çaplin tərəfindən bəstələnmiş və filmdə baş rolu Çaplin Claire Bloom ilə bölüşmüşdür. Filmdə Baster Keaton da rol almışdır. Filmdə Claire Bloomun rəqs səhnələrini onun əvəzinə Melissa Hayden canlandırmışdır.
Süjet xətti
Kalvero zaman keçdikcə unudulmuş və nüfuzdan düşmüş keçmiş görkəmli komediya ustasıdır. Bir gün sərxoş halda motelə qayıdanda aşağıda yaşayan gənc qızı intihar etməkdən xilas edir. Evində bir müddətlik də olsa könülsüz formada bu qızı saxlamaq məcburiyyətində qalır, lakin Tereza (Terri) adlı bu gənc qız onun yaşaması üçün yeni bir ümidə çevrilir. Balerina olan Tereza isterik halına görə bir müddət yatağa məhkum olsa da, Kalveronun köməyi ilə günü-gündən yaxşılaşır.
Terrinin həyatına gətirdiyi təravətlə canlanan Kalvero yenidən teatrda iş axtarmağa başlayır; lakin bu onun düşündüyü qədər də asan deyildir. Dəyişən zamanla Kalveronun komediya hissi köhnəlir və onu yeni bir şeylə əvəz edə bilmir, ona görə də tapdığı bir neçə işdə də müvəffəqiyyət qazana bilmir. Əslində yuxularında həmişə yeni fikirlər tapır, oyananda isə onları xatırlaya bilmir.
Terriyə verdiyi cəsarət sayəsində gənc qız yenidən səhnəyə qayıdır və o, istedadlı olduğu üçün qısa bir müddət ərzində yenidən iş tapır; hətta bir müddət sonra məşhurlaşır. Kalvero da onunla eyni tamaşada iştirak edir. Lakin Terrinin əvvəllər sevdiyi gənc musiqiçi ilə yenidən görüşməsi və Kalveronun klounluq etdiyi bu tamaşada təsadüfən o qədər də müvəffəqiyyətli olmadığını öyrənməsi ilə Kalvero Terrini tərk edir və yoxa çıxır. Məqsədi ona aşiq olan Terrinin həyatını çətinləşdirməməkdir. Onun yaşıdı olan bir musiqiçi ilə birlikdə olmasını və karyerasını davam etdirməsini istəyir. Özü isə küçə musiqisi ilə küçələrdə yaşayır. Lakin onu həqiqətən sevən və onunla evlənmək istəyən Terri onu yenidən tapır və teatrda keçmişdəki şöhrətli günlərini xatırladacaq son tamaşa göstərməyə Kalveronu inandırır.
Kalvero son dəfə səhnədə özünü göstərməkdə qərarlıdır. O, köhnə dostlarından biri (Baster Kiton) ilə səhnədə nümayiş etdirdiyi qısa şousu ilə böyük alqış qazanır və illərdir üzünə gülməyən bəxti yenidən onun üzünə gülür. Lakin onun ürəyi bu qədər təzyiqə tab gətirmir və tamaşanın sonunda infarkt keçirir. Bunu tamaşaçılara bildirmir, lakin onun halı getdikcə pisləşir. Kalvero onun ardınca səhnəyə çıxan Terrini seyr edərkən ölür.
İstinadlar
Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:ABŞ-nin musiqili filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:Çarli Çaplinin filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:İngilis dilində komediya-dram filmləri Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri Kateqoriya:Qocalıq ilə əlaqədar filmlər Kateqoriya:United Artists filmləri Kateqoriya:1910-cu illər haqqında filmlər