Çuxur adam (; ) və ya Tanaru hindusu – Braziliyanın Rondoniya ştatının Amazon meşələrində tək yaşamış yerli. O, Tanaru yerli bölgəsinin yeganə sakini idi.

Çuxur adamın hansı dildə danışdığı, xalqının necə adlandığı və adının nə olduğu naməlumdur. 1970–90-cı illərdə braziliyalılar tərəfindən törədilmiş soyqırımdan sonra xalqının sağ qalan sonuncu nümayəndəsi olmuş, 1990-cı illərdən ölümünə qədər tək yaşamışdır. 1996-cı ildə Braziliyanın FUNAI təşkilatını onu uzaqdan müşahidə etməyə başlasa da, o, insanlardan uzaq durmağı seçmişdir.

Çuxur adam ovçu və yığıcı həyat tərzi sürmüş, tez-tez yer dəyişdirmişdir. Hər evinin yanında naməlum məqsədlə çuxur qazdığı üçün "Çuxur adam" kimi tanınmağa başlamışdır. 2022-ci ilin avqustunda evində ölü tapılmışdır.

Həyatı Çuxur adamın xalqı Braziliya]da yerlilərə qarşı baş vermiş soyqırım prosesi zamanı məhv edilmişdir. Xalqının böyük hissəsi 1970-ci illərdə braziliyalı sakinlər tərəfindən, sağ qalanlar isə 1995-ci ildə mədənçilər tərəfindən öldürülmüşdür. FUNAI 1996-cı ildə kəndlərinin qalıqlarını aşkar etmişdir. İzolyasiya şəraitində yaşadıqları üçün Çuxur adamın xalqının dili və adı bilinmir.

Xalqının soyqırımından sonra o, təkbaşına yaşamağa başlamışdır. Tez-tez evinin yerini dəyişir, daxma tikmək üçün samandan istifadə edirdi. Təbiətdə sağ qalmaq üçün meyvə və bal toplayır, bəzən maniok və qarğıdalı əkirdi. FUNAI onun tərəfindən tikilmiş 50-dən çox daxma aşkar etmişdir. Çuxur adam tərk etdiyi evlərin yanında dərin çuxur qazırdı. Bu çuxurların hansı məqsədlə qazıldığı naməlum olsa da, ehtimallara görə heyvanları tələyə salmaq və gizlənmək üçün idi. Çuxurlar ensiz və 1,8 metr dərinliyində idi. FUNAI tərəfindən 1996-cı ildə kəşf edilmiş kənddə 14 bu cür çuxur tapılmışdır.

FUNAI ilə kontakt Braziliyada yerlilərinin maraqlarını müdafiə edən Milli Hindu Fondu (FUNAI) ilk dəfə 1996-cı ildə Çuxur adamın varlığından xəbər tutmuşdur. 2007-ci ildə FUNAI onun yaşadığı 8.000 hektarlıq bölgəni yerli ərazi elan etmişdir. FUNAI Çuxur adamı müşahidə etməyə və əraziyə müdaxilənin qarşısını almağa başlamışdır. Buna baxmayaraq, 2009-cu ildə Çuxur adam silahlı bir adamın hücumuna məruz qalmış, lakin sağ qalmağı bacarmışdır.

Çuxur adam insanlarla əlaqə qurmasa da, müşahidə edildiyinin fərqində olmuşdur. FUNAI bəzən onun üçün alətlər və toxumlar qoyurdu.

Ölümü 24 avqust 2022-ci ildə FUNAI agenti tərəfindən Çuxur adamın ölü bədəni tapılmışdır. Onun iyul ayında öldüyü və ölərkən təxminən 60 yaşında olduğu aşkarlanmışdır. Yerlilər üzrə mütəxəssis Marselo dos Santos onun yaşadığı yerdə dəfn olunmalı olduğunu bildirmişdir.

İstinadlar

Xarici keçidlər (New Scientist)

Kateqoriya:Braziliyada yaşayan yerli xalqlar Kateqoriya:Sağ qalmışlar Kateqoriya:Əlaqə qurmayan xalqlar