Namiq Zülfüqar oğlu Abaslı () — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub.

Həyatı Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.

Karyerası Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu.

2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu.

2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01). Rəqibi finala vəsiqə qazandığı üçün Namiq Abaslı təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Puerto-Riko təmsilçisi Luis Yabdiel Perez oldu. Həmin görüşdə rəqibinə ipponla qalib gələn Namiq Abaslı, növbəti mərhələdə Rusiya Milli Paralimpiya Komitəsinin nümayəndəsi Victor Rudenho ilə üz-üzə gəldi. Həmin görüşdə də rəqibindən üstün olan Namiq Abaslı, bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi 2012-ci il London Paralimpiadasının qalibi olan Ukrayna təmsilçisi David Xorava oldu. Həmin görüşdə rəqibinə vaza-ari ilə qalib gələn Namiq Abaslı, XVI Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Namiq Zülfüqar oğlu Abaslı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

İstinadlar

Kateqoriya:Azərbaycanın paralimpiya cüdoçuları Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında cüdoçular Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Paralimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan paralimpiyaçıları Kateqoriya:Azərbaycanın kişi cüdoçuları