Hacıbaba Şərif oğlu Əfəndiyev () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin (1970–1985) və Sovet (Dövlət) Nəzarəti Komissiyasının sədri (1958–1962).

Həyatı Hacıbaba Şərif oğlu Əfəndiyev 1914-cü ildə hazırkı Zaqatala rayonunun Əliabad kəndində anadan olmuşdur. Zaqatalada ibtidai məktəbi məktəbi bitirdikdən sonra o, Bakıya gələrək burada əvvəlcə yeddiillik məktəbi, sonra isə 1933-cü ildə kommunal-inşaat texnikumunu bitirmişdir. O, inşaatçı-texnik diplomunu alaraq bir müddət Bakı tikinti trestində böyük onbaşı vəzifəsində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda oxumuşdur. 1939-cu ildə institutun memarlıq-inşaat fakültəsini bitirmişdir.

Hacıbaba Əfəndiyev institutu bitirdikdən sonra Bakı tikinti trestinə iş icraçısı vəzifəsinə göndərilmiş, burada bir il işlədikdən sonra Sovet Ordusu sıralarında xidmətə başlamışdır. O, Böyük Vətən müharibəsi illərində Stalinqrad ətrafında döyüşən ordu hissələrində vuruşmuş, birləşmənin mühəndis xidməti rəisinin müavini olmuşdur. Ağır yaralandıqdan sonra o, 1943-cü ildə ordudan tərxis edilərək Bakıya qayıtmışdır. Müharibə illərində, 1941-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmişdir.

Bakıya gəldikdən sonra Hacıbaba Əfəndiyev şəhər rayon partiya komitəsinə təlimatçı göndərilmiş, bir az sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatının təşkilat-təlimat şöbəsində təlimatçı vəzifəsinə keçirilmişdir. 1944-cü ildə o, həmin şöbənin müdir müavini təyin edilmişdir. Bunun ardınca üç il təhsil aldıqdan sonra Hacıbaba Əfəndiyev 1950-ci ildə Bakıya qayıtmış və Azərbaycan Kommunist Partiyası Bakı Partiya Komitəsinin partiya, həmkarlar və komsomol təşkilatları şöbəsinin müdiri təyin edilmişdir. Bir il sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində həmin vəzifəyə keçirilmiş, 1954-cü ildə isə Azərbaycan KP MK-nın katibi seçilmişdir.

Hacıbaba Əfəndiyev 1958-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Sovet Nəzarəti Komissiyasının, Dövlət Nəzarəti Komissiyasının sədri, 1963–1965-ci illərdə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyası sədrinin müavini, 1965-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədrinin müavini işləmişdir. 1970-ci ildən isə həmin komitənin sədri olmuşdur.

Hacıbaba Əfəndiyev 1956–1961-ci illərdə Azərbaycan KP MK üzvü, 1961–1964-cü illərdə Azərbaycan KP Təftiş Komissiyasının üzvü, 1964–1971-ci illərdə Azərbaycan KP MK üzvlüyünə namizəd, 1971-ci ildən isə üzvü, Mərkəzi Komitənin Siyasi Bürosunun üzvlüyünə namizəd olmuşdur. Yeddi çağırış (3–5, 8–11-ci) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Sov.İKP-nin 25 və 26-cı qurultaylarının nümayəndəsi olmuşdur. "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni, iki "Şərəf nişanı" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.

Hacıbaba Əfəndiyev ağır xəstəlikdən sonra 9 fevral 1988-ci ildə 74 yaşında vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax Azərbaycan SSR hökuməti (1955–1959) Azərbaycan SSR hökuməti (1959–1963) Azərbaycan SSR hökuməti (1967–1971) Azərbaycan SSR hökuməti (1971–1975) Azərbaycan SSR hökuməti (1975–1980)

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri