Məmmədəli Məmməd oğlu Abbasov () — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR tikinti naziri (1962–1967) və Azərbaycan SSR sənaye tikintisi naziri (1967–1969).

Həyatı Məmmədəli Məmməd oğlu Abbasov 7 yanvar 1907-ci ildə Orconikidze (hazırkı Vladiqafqaz) şəhərində anadan olmuşdur. Əslən Naxçıvandandır. 1924–1929-cu ildə Leninqrad Dəmiryol İnstitutunun dəmiryol-inşaat fakültəsində təhsil almışdır.

Məmmədəli Abbasov 1930–1931-ci illərdə Bakı və Kirovabad şəhərlərində Azərbaycan Baş Su Qurğuları Tikintisi İdarəsinin baş sahə mühəndisi olmuşdur. 1932–1934-cü illərdə Sovet Ordusunda xidmət etmiş, 1935–1945-ci illərdə Bakı şəhərinin müxtəlif tikinti təşkilatlarında mühəndis işləmişdir. O, burada yol mühəndisi, yerli yollar inspektoru, sahə rəisi, sonra isə Bakı tikinti trestinin baş mühəndisinin müavini vəzifəsində çalışmışdır.

1937-ci ildə Azərbaycanın həmin dövrdəki ən böyük istilik elektrik stansiyası olan Sumqayıt İES-in tikintisinə başlanılarkən Məmmədəli Abbasov tikinti işlərinin baş mühəndisi təyin edilmişdir. Böyük Vətən müharibəsi illərində "Azərneft" neft kombinatı sistemində bir sıra məsul vəzifələrdə işləmişdir. 1946-cı ildən 1950-ci ilədək SSRİ Neft Sənayesi Nazirliyində Əsaslı Tikinti İdarəsinin rəisi və baş idarənin rəisi olmuşdur. 1951-ci ildən Azərbaycan Dəniz Neft Birliyi rəisinin müavini, 1957-ci ildən isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının əsaslı tikinti şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1962-ci ildən Azərbaycan SSR tikinti naziri olmuşdur.

Məmmədəli Abbasov 1964–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1966-cı ildən isə üzvü olmuşdur. Dörd çağırış (2-ci, 5–7-ci) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" və medallarla təltif edilmişdir.

Məmmədəli Abbasov 2000-ci il noyabrın 22-də Bakıda vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər