Şamaxı şəhər stadionu — Azərbaycanın Şamaxı şəhərində yerləşən futbol stadionu. Stadionun açılışı 1 noyabr 2021-ci ildə baş tutmuşdur. Stadionda Şamaxı FK ev oyunlarını keçirir.
Tarixi Stadionun inşası üçün ayrılan maliyyə vəsaitinin 87%-i UEFA tərəfindən, 13%-i isə AFFA tərəfindən təmin olunub və Şamaxı rayon İcra Hakimiyyətinin birgə layihəsi ilə tikilib. İnşaat işləri 2020-ci ildə başlayıb. Açılış 1 noyabr 2021-ci ildə baş tutub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
10 noyabr 2021-ci ildə alınan qərara əsəsən 2022-ci ildən "Keşlə" FK adını "Şamaxı" FK dəyişərək Şamaxı şəhərini təmsil edir və ev oyunlarını da bu stadionda keçirir.
Stadionda ilk oyun 9 aprel 2022-ci ildə baş tutmuş və "Şamaxı" ilə "Neftçi" klubları (1:2) arasında keçirilmişdir. İlk qolu 10-cu dəqiqədə "Şamaxı"nın heyətində Rəhman Hacıyev vurmuşdur.
Xüsusiyyətlər Stadionun azarkeş tutumu 2200 nəfərdir və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olması planlaşdırılır. UEFA klub yarışlarının I, II və III təsnifat mərhələlərinin, eləcə də, əsas milli komandadan başqa bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Əsas meydanın tribunaları tavanla örtülüb və ətrafında qaçış zolağı yerləşir. Ot örtüyü sünidir. Stadion ərazisindəki idman kompleksində güləş və cüdo üçün nəzərdə tutulan zal, eləcə də, fitnes zalı tikilib. Bunlardan əlavə, stadionun ərazisində süni örtüklü iki minimeydança inşa edilib və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.
Qeydlər
İstinadlar
Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Şamaxı rayonunda futbol Kateqoriya:Şamaxı rayonundakı tikililər Kateqoriya:2021-ci ildə Azərbaycanda idman Kateqoriya:Şamaxı FK Kateqoriya:Azərbaycan futbol stadionları