Kateqoriya:XVII əsr Fransa zadəganları Avstriyalı Mariya Tereza (; ) — İspaniya kralı IV Filippin qızı, Fransa kraliçası.
10 sentyabr 1638-ci ildə Madriddəki el-Eskorial sarayında dünyaya gəldi. Atası İspaniya kralı IV Filipp, anası isə Fransa kralı IV Henrixin qızı İzabelladır. 7 oktyabrda vəftiz edildi və Avilalı Terezanın şərəfinə adlandırıldı. Modena hersoqu I Françesko d'Este onun xaç atası oldu.
Fransız əsilli anasının təsirində qaldı və həmyaşıdı olan dayısı oğlu döfen Lüdoviklə gələcəkdə evləndiriləcəyinə inandırıldı. Ancaq 6 oktyabr 1644-cü ildə anası vəfat etdi və 6 yaşlı Tereza atasının himayəsində qatı katolik dini təlim-tərbiyə ilə böyüdü.
Yaşca böyük qardaşı Baltazar Karlosun 1646-cı ildə vəfatından sonra Tereza atasının yeganə varisi kimi vəliəhd elan olundu. Qadın olaraq gələcəkdə taxta çıxması mümküb olsa da, atası IV Filipp oğul varis xəyalında idi və bu məqsədlə, 1649-cu ildə Müqəddəs Roma imperatoru III Ferdinandın qızı Marianna ilə evləndi. Həm ögey anası, həm də bibisi qızı olan Avstriyalı Marianna ilə yaş fərqi az idi və bu səbəblə, yaxın dostluq əlaqələri oldu.
Artıq atasının varisi olduğu üçün onunla birgə rəsmi mərasimlərdə iştirak etməyə və siyasət dərsləri almağa başladı. 12 iyul 1651-ci ildə atasının yeni övladı dünyaya gəldi. Marqarita Tereza adını alan bu bacısının xaç anası oldu və ömrünün sonunadək məktublaşaraq yaxın münasibət saxladı. Ancaq daha sonra ard-arda 3 qardaşının dünyaya gəlməsi onu taxt sırlamasında geri plana saldı. Beləcə, ögey anasıyla münasibətləri soyudu.
Artıq taxt varisi olmadığı üçün dərhal siyasi bir evliliklə ölkədən göndərilməsinə qərar verildi. İlk namizədlər Habsburq ailəsindən olan ögey dayıları Ferdinand və Leopold oldu. Ancaq Habsburqlarla həm qohum, həm də dost münasibətləri vardı. Bu səbəblə, aralarındakı müharibə yeni sonlanan Fransa ilə bir sülh bağlanmalı və bu sülhü gücləndirmək üçün siyasi bir evlilik planlaşdırılmalı idi. Bu müzakirələrin mərkəzində isə əlbəttə ki, kralın ən böyük qızı kimi Mariya Tereza yer alırdı. Davam edən sülh danışıqlarının ardından 1659-cu ilin noyabrında gənc Fransa kralı XIV Lüdoviklə evlilik sözləşməsi imzalandı. Şərtlərə görə, Mariya Tereza və onun şəcərəsindən gələnlər İspaniya taxt-tacındakı bütün hüquqlarını itirəcəkdi.
Cütlüyün formal nigahı 2 iyun 1660-cı ildə bağlandı. 5 gün sonra Fransa-İspaniya sərhəddində bir mərasim tərtib olundu və bu mərasimdə ilk dəfə əriylə və onun bir çox ailə fərdiylə tanış oldu. Cütlüyün toy mərasimi isə 9 iyun 1660-cı ildə baş tutdu. 26 avqustda Parisə mərasimlə daxil olan cütlük Luvr sarayında məskunlaşdı. Qaynanası olan dayısı arvadı dul-kraliça Annanın himayəsinə girdi və ondan fransız dili, ədəbiyyatı, saray adətlərini öyrəndi. Cütlük bir-birinə aşiq olsa da, XIV Lüdovik qısa zaman sonra saray məşuqələriylə vaxt keçirməyə başladı. Bunlar arasında qardaşı arvadı (üstəlik bibisi qızı idi) Henretta Mariya Stüart da vardı. Vaxtının çoxunu ayinlərə qatılaraq, kart oyunları və qumar oynayaraq keçirən Mariya Tereza əsasən siyasətdən uzaq qaldı. Ancaq 1667-ci ildə ərinin ölkə sərhəddindəki səfəri əsnasında qısa müddətlik naibə oldu.
Cütlüyün bu nigahdan 6 övladı doğulsa da, bunlardan yalnız biri yetkinlik yaşına çatdı.
Lüdovik (1661-1711) Anna Yelizaveta (1662), yaşı tamam olmadan öldü. Mariya Anna (1664), yaşı tamam olmadan öldü. Mariya Tereza (1667-1672) Filipp Çarlz (1668-1671) Lüdovik Fransisk (1672), yaşı tamam olmadan öldü.
1666-cı ildə qaynanası dul-kraliça Annanın vəfatından sonra saraydakı ən güclü tərəfdaşını itirdi. XIV Lüdovikin saysız-hesabsız məşuqələri və gizli eşq yaşadığı zadəgan xanımlar sarayda ağalıq etməyə başladı. Üstəlik kral məşuqələrindən doğulan övladlarını leqallaşdırmaq niyyətində idi. Bu isə, Mariya Terezanın yeganə oğlu döfen Lüdovikin taxt hüququnu riskə atırdı.
1679-cu ildə qaynı Orlean hersoqu Filippin qızı Mariya Luizanı ögey qardaşı İspaniya kralı II Karlosla evləndirdi. Ertəsi il isə oğlunu Bavariya kürfürstü Ferdinandın qızı Mariya Anna Viktoriya ilə evləndirdi.
1680-1682-ci illərdə XIV Lüdovik protestantlara qarşı zülm siyasəti yürütməyə başladı. Qatı katolik olmasına baxmayaraq, Mariya Tereza bu tədbirlərə qarşı çıxdı. 6 may 1682-ci ildə kral sarayı Versala köçürüldü.
Ancaq çox keçmədən kraliçanın səhhəti pisləşdi. Qoltuq altında meydana gələn irinli çibanla uzun müddət mübarizə aparsa da, sepsisə çevrildi. 30 iyul 1683-cü ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:Habsburqlar Kateqoriya:XVII əsr monarxları Kateqoriya:Madrid şəxsləri Kateqoriya:İspaniya infantları