Lionel Andres Messi () — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Futbol tarixinin gəlib-keçmiş ən yaxşı futbolçularından biri olaraq qəbul edilir.

Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub.

Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını 8 dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.

Messi UEFA Çempionlar Liqası yarışlarında ardıcıl dörd dəfə bombardir olan ilk və yeganə oyunçudur, həmçinin Messi yarış tarixində ən çox het-trik atan oyunçusudur.2012-ci ilin martında Messi Çempionlar Liqasında ilk dəfə bir oyuna 5 qol vurmaqla tarixə düşdü. O, həmçinin Joze Altafininin Çempionlar Liqasında bir mövsümdə 14 qol vurma rekorduna da şərik çıxdı. Messi 2011–2012 mövsümündə 72 qol vuraraq Avropada yeni rekord müəyyənləşdirdi. Həmin mövsüm bir mövsümdə altı müxtəlif yarışda həm qol vurub, həm də məhsuldar ötürmə etməklə futbol tarixində ilkə imza atdı. 16 fevral 2013-cü ildə Messi "Barselona" karyerasında 300-cü qolu vurdu. 30 mart 2003-cü ildə Messi ardıcıl 19 La Liqa oyununda fərqləndi. Bununla o peşəkar futbol yarışında bütün rəqib komandalara qol vurmaqla tarixi düşdü. O ardıcıl 21 liqa oyununda qol vurmaqla öz rekordunu yenilədi və yalnız zədə bunun davamını gətirməyə mane oldu. 23 mart 2014-cü ildə Real Madridə qarşı oyunda het-trik edərək El-Klassikolarda ən çox het-trik edən futbolçu adına yiyələndi.

Messi bir çox göstəricilərdə Dünya rekordunu əldə edib: 289 qolla La Liqa tarixində ən çox qol vuran, 50 qolla bir La Liqa mövsümündə ən çox qol vuran, 91 qolla bir təqvim ilində ən çox qol vuran, Çempionlar Liqasında bir oyunda ən çox – 5 qol vuran və çempionlar liqasında ən çox – 5 dəfə bombardir olan oyunçudur.

Messi 2005-ci ildə FİFA 20 yaşadək futbolçular arasında Dünya Kuboku yarışında Argentina millisinin heyətində çıxış etdi, turniri ən yaxşı oyunçu və bombardir kimi tamamladı. 2006-cı ildə o, FİFA Dünya Kubokunda oynayan ən gənc argentinalı oyunçu kimi tarixə düşdü və həmçinin 2007-ci ildə Kopa Amerikada finalçı oldu, bu yarışda da Messi ən yaxşı gənc oyunçu seçildi. 2008-ci ildə Argentina Olimpiya milli futbol komandası ilə Olimpiya çempionu olaraq ilk uğurunu qazandı. SportsPro qəzeti Messini dünyada ən dəyərli ikinci oyunçu kimi qiymətləndirib. İstedadı və oyun tərzi ilə tez-tez bənzədildiyi Dieqo Maradona Messini öz xələfi kimi göstərib.

Messi 2021-ci Barselona maddi krizdə olduğu üçün heyətdən ayrıldı və sərbəst futbolçu oldu.PSJ onu heyətinə qatdı. Burada da çox yaxşı performans göstərə bilmədiyi və UEFA Çempionlar Liqasını burada qazana bilmədiyi üçün PSJ onunla yeni müqavilə imzalanmadı. O 2023-cü ildə Səudiyyə Ərəbistanı komandası Əl-Hilaldan təklif gəlsədə o bu təklifi qəbul etməyib, Devid Bekhemın komandası olan, İnter Mayamiyə transfer oldu. Mayaminin meri Frensis Suares "İnter Mayami"nin və şəhərin inkişafına verdiyi töhfələrə görə Lionel Messini simvolik açarla təltif edib.

Həyatı Lionel Andres Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində anadan olmuşdur. Atası Jorge Horasio Messi polad fabrikində işləyirdi, anası Selia Mariya Kussittini isə xidmətçi idi. Onun mənşəyi ata tərəfdən İtaliyanın Ankona şəhərinə gedib çıxırdı. Belə ki, onun ulu babası Ancelo Messi 1883-cü ildə oradan Argentinaya köçmüşdü. Rodrigo və Matias adlı iki böyük qardaşı, Maria Sol adlı özündən kiçik bir bacısı var. Hələ yaşı az olarkən Leo futbola maraq göstərməyə başlamışdı, o böyük qardaşları və sonralar peşəkar futbolçular olmuş Maksi Biançuççi və Emanuel Biançuççi ilə futbol oynayırdı. Beş yaşında olarkən Messi atasının məşqçilik etdiyi yerli Qrandoli futbol məktəbində məşqlərə başladı. 1995-ci ildə doğma şəhəri Rosarioda məskunlaşan "Nyuels Old Boyz" klubuna keçdi. O, komandanın gənc ulduzuna çevrildi və növbəti dörd ildə yalnız bir oyunda meydana çıxmadı. Messi təvəllüdünə uyğun olaraq "87-ci ilin maşını" ləqəbi ilə məşhurlaşdı.

11 yaşında Messiyə böyümə hormonu çatışmazlığı diaqnozu qoyuldu. Yerli klublardan "River Pleyt" Messinin müalicəsinə kömək etmək istəsə də, ayda 900 $ məbləği ödəyə bilməyəcəyini bildirdi. "Barselona"nın idman direktoru Karles Reksaç Messinin Kataloniyanın qərbində Leyda əyalətində yaşayan qohumları sayəsində onun istedadından xəbərdar idi və bir müddət sonra atası ilə Messini sınamaq üçün baxışa çağırdı. Reksaç Messiyə salfet kağızında yazılmış müqavilə təklif etdi.FT Weekend Magazine, 28 – 29 may 2011, 'Lionel Messi' by Ronald Reng Müqaviləyə görə Messi İspaniyaya köçəcəyi halda müalicə xərcini "Barselona" öz üzərinə götürəcəkdi. Messi və atası qeyd edilən vaxtda Barselonaya köçdü və Messi klubun gənclər akademiyasına daxil oldu.

Klub karyerası

Barselona Messi 2000–2003-cü illərdə "Barselona"nın Uşaq B və Ümid B & A komandalarında oynayıb. Ümid B komandasında 30 oyunda 37 dəfə fərqlənib. 2003-cü ildə o, maliyyə çətinliklərinə görə məcburən klubdan uzaqlaşdırılmalı olub, amma onun gənc məşqçiləri klub idarəçilərini onun saxlanması üçün razı sala biliblər (bu ixtisarlar dövründə Sesk Fabreqas klubdan göndərilib). 2003–2004 mövsümündə Messi beş müxtəlif komandanın heyətində çıxış edib: O, Gənc B komandasında bir oyun (bir qol) keçirib və Gənc A komandasına keçidi reallaşıb (21 qol, 14 oyun). Sonra 29 noyabr 2003-cü ildə Üçüncü Divizyonda çıxış edən "Barselona C" klubunda və növbəti – 2004-cü ilin 6 martında İkinci Divizyonda çıxış edən "Barselona B" klubunda debüt etdi. O, bir mövsüm ərzində hər iki komandada çıxış etdi (müvafiq olaraq 10 oyun, 5 qol və 5 oyun, 0 qol). Bu iki debütdən daha əvvəl 16 noyabr 2003-cü ildə 16 yaş və 145 günlüyündə Messi "Barselona"nın əsas komandasının heyətində "Portu"ya qarşı yoldaşlıq görüşündə ilk rəsmi oyununu keçirmişdi.

Bu oyundan bir il keçməmiş 16 oktyabr 2004-cü ildə (17 yaş və 114 günlüyündə) Frank Raykard "Espanyol"la oyunda Messiyə liqa oyununda debüt etmək şansı verdi. Messi "Barselona"nın heyətində oynamış və La Liqada oyuna çıxan üçüncü ən gənc oyunçudur. Ən gənc oyunçu adına sentyabr 2007-ci ildə meydana çıxan Boyan Krkiç sahibdir. 1 may 2005-ci ildə Messi 17 yaş, 10 ay və 7 günlüyündə "Albasete Balompie" klubuna qarşı oyunda ilk qolunu vurdu və La Liqada "Barselona"nın heyətində qol vuran ən gənc oyunçu adına yiyələndi, Messinin bu rekordu 2007-ci ildə onun məhsuldar ötürməsindən sonra qol vuran Boyan Krkiç tərəfindən qırıldı. Messi onun sabiq məşqçisi Raykard haqqında belə söyləyib:"Onun mənim karyeramı başlatmağını, cəmi on altı, on yeddi yaşım olarkən mənə etimad göstərməyi faktını heç vaxt unutmayacam."" Mövsüm ərzində Messi həmçinin İkinci Divizyonda "Barselona B" komandasının heyətində də çıxış etdi və 17 oyunda 6 dəfə fərqləndi.

2005–2006 mövsümü

16 sentyabrda son üç ayda ikinci dəfə "Barselona" Messiylə müqavilənin yeniləndiyini elan etdi; bu dəfə Messinin maaşı əsas heyət oyunçularının maaşı səviyyəsində oldu və müqavilə 2014-cü ilin iyun ayınadək uzadıldı. Messi 26 sentyabr 2005-ci ildə İspaniya vətəndaşlığını aldı və nəhayət İspaniyanın Birinci Divizyonunda debüt etməyi reallaşdı. Messinin Çempionlar Liqasındakı ilk oyunu evdə 27 sentyabrda italyan klubu "Udineze"yə qarşı olub. Messi əvəzlənərkən topla soyuqqanlı oyununa və Ronaldinyo ilə uğurlu ötürmələrinin qazandırdığı qələbəyə görə Nou Kampda azarkeşlər tərəfindən alqışlanıb.

Messi 17 liqa oyununda 6 dəfə fərqləndi və UEFA Çempionlar Liqasında altı oyuna bir qol vurdu. 7 mart 2006-cı ildə Çelsiyə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda əzələsi dartıldığına görə mövsümü erkən başa vurdu. Frank Raykardın başçılıq etdiyi "Barselona" mövsümü İspaniya və Avropa çempionu olaraq tamamladı.

2006–2007 mövsümü thumbnail|200px|left|18 aprel 2007-ci ildə "Barselona"-"Getafe" qarşılaşması zamanı Messinin qol ardınca qaçışı 2006–2007 mövsümündə Messi əsas heyət oyunçusuna çevrildi və 26 oyunda 14 qol vurdu. 17 oktyabrda "Real Zaraqoza"ya qarşı oyunda ayaq daraq sümüyünün qırılması ilə əlaqədər 3 ay futboldan kənarda qaldı. Messi Argentinada müalicə aldıqdan sonra 11 fevralda "Rasinq Santander" klubu ilə oyunun ikinci hissəsində meydana daxil oldu. 10 martda El Klassiko qarşılaşmasında "Barselona"nın 3–0 hesabı ilə geridə olduğu və bir nəfər azlıqda qaldığı qarşılaşmada 3 qol vuraraq het-trik edib. Sonuncu qolu əlavə olunmuş vaxtda vurub və bu qollarla komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, Messi 1994–1995 mövsümündə "Real Madrid"in heyətində El Klassikoda ilk het-trik edən İvan Zamoranodan sonra ikinci oyunçu olub. Messi həmçinin mövsüm ərzində qol vuran ən gənc oyunçu oldu. Mövsümün sonlarına doğru daha çox fərqlənməyə başladı: liqada vurduğu 14 qolun 11-ini son 13 oyunda vurdu.

Mütəmadi olaraq Maradona ilə müqayisə edilən Messi mövsüm ərzində onun vurduğu məşhur qolların bənzərini vuraraq müqayisənin həqiqətə uyğun olduğunu sübut etdi. 18 apreldə İspaniya Kral Kubokunun yarımfinal oyununda "Getafe"nin qapısından keçirdiyi iki topdan biri Dieqo Armando Maradonanın 1986-cı il Dünya Kubokunun finalında İngiltərənin qapısına vurduğu və "Əsrin qolu" adını qazanmış qola çox bənzəyirdi. Dünyanın ən məşhur KİV-ləri Messi və Maradona müqayisəsini edirdi və İspaniya mətbuatı Messini "Messidona" kimi təqdim edirdi. Maradonanın 21 il əvvəl Meksikada etdiyi kimi 62 metr irəlilədi, qapıçı da daxil olmaqla 6 oyunçunu geridə qoydu, oxşar mövqedən zərbə endirdi və qoldan sonra Maradonanın hərəkətinin bənzər olaraq küncdən zərbə dirəyinə tərəf qaçdı. Oyundan sonra mətbuat konfransında komanda yoldaşı Deko "Həyatımda gördüyüm ən yaxşı qol idi" fikrini söylədi. "Espanyol"a qarşı oyunda yenə Maradonanın Dünya çempionayının 1/4 finalında İngiltərə qarşı oyunda vurduğu və "Tanrının əli" adı verilən qola oxşar qol vurdu. Messi topa yüksələrkən əli ilə topa toxunaraq topu qapıçı Karloz Kameninin yanından qapıya göndərdi. "Espanyol" oyunçularının etirazlarına və lent yazısının açıq-aşkar həndbol qolu olduğunu göstərməsinə baxmayraq bu qol etibarlı sayıldı. "Barselona"da olduğu zaman Frank Raykard onun istəyinin əksinə olaraq meydançanın mərkəzinə açılmaq və sol ayağı zərbə vurmaq və ya keçid etməsi üçün sağ cinahdaa oynatmağı qərara aldı.

2007–2008 mövsümü thumbnail|180px|Messi 31 mart 2007-ci il tarixində baş tutmuş "Barselona" – "Deportivo" qarşılaşması zamanı. 2007–2008 mövsümündə Messi bir həftədə 5 qol vuraraq "Barselona"nın turnir cədvəlində dördlüyə daxil olmasına kömək etdi. 19 sentyabr 2007-ci ildə "Barselona" UEFA Çempionlar Liqasında "Olimpik Lyon"u 3–0 hesabı ilə məğlub edərkən qollardan birini Messi vurmuşdu. Üç gün sonra 22 sentyabrda "Sevilya" ilə qarşılaşmada iki dəfə fərqləndi və 26 sentyabrda "Real Zaraqoza" ilə oyundakı 4–1 hesablı oyunda iki qol vurdu. 27 fevralda "Valensiya"ya qarşı oyunda rəsmi oyunlarda 100-cü dəfə "Barselona"nın formasını geyindi. Bu oyundan bir neçə gün sonra "Seltik" ilə Çempionlar Liqası oyununda əzələ yırtılması səbəbindən 6 həftə meydandan kənarda qaldı. Messi son üç mövsümdə dördüncü dəfə eyni səbəbdən futboldan kənarda qalırdı