Arif Firuz oğlu Abbaslı () — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Arif Firuz oğlu Abbaslı 1993-cü il, dekabrın 15-də Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub.

2008-ci ildə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbindən, 2012-ci ildə Heydər Əliyev adına hərbi liseydən məzun olub.

2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 23 iyun 2016-cı il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 23 iyun 2019-cu il tarixli əmri ilə "baş leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 4 il ərzində xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ zirvələri istiqamətində gedən xüsusi əməliyyata, həmçinin Cəbrayılın, Hadrutun və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 12-də Füzuli rayonu ərazisində xidməti vəzifəsinin icrası zamanı şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Ləman adında bir qızı var.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar