Ataçay nekropolu — Xızı rayonu, Böyük Qafqaz dağ silsiləsinin cənub-şərq ətəklərindən Xəzər dənizi sahillərinədək olan ərazini əhatə etmiş nekropol.

Ərazidə XX əsrin əvvəllərindən Azərbaycanın şimal-şərq bölgəsində arxeoloji tədqiqatlar aparılmışdır. Tarix elmləri üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbərliyi ilə Xızı arxeoloji ekspedisiyası tərəfindən Xızı rayonu ərazisində planlı şəkildə tədqiqatlara 2009-cu ildən başlanılmışdır. Ərazidə arxeoloji kəşfiyyat işləri nəticəsində bir çox nekropol qeydə alinmışdır. Onlardan biri də Ataçay nekropolu olmuşdur. Ataçay nekropolu Xızıdan Altıağaca gedən yolun ayrıcında yerləşir. Xızı-Altıağac yolunun və həmin yolun Fındığan kəndinə gedən qolunun çəkilişi zamanı və eyni zamanda, nekropolun dağ yamacında yerləşməsi səbəbindən qəbirlərin bəzisi dağıntılara məruz qalmışdır.

2010-cu ildə Xızı arxeoloji ekspedisiyası erkən orta əsrlərə aid 11 ədəd daş qutu qəbir tədqiq etmişdir. Qeyd edək ki, Xızı rayonunda məhz bu nekropolda əvvəllər aparılmış arxeoloji-kəşfiyyat işləri zamanı ilkin olaraq 3 daş qutu qəbir aşkar edilmişdir. Təpənin yamacının üst hissəsində yerləşən qəbirlər heç bir material verməmiş, yalnız aşağıda yolun kənarında açılmış (xatırldaq ki, burada salınmış yol nekropolun ərazisini iki yerə ayırır) 2 daş qutu qəbirdən bəzi bəzək əşyaları tapılmışdır. Bunlar tunc qolbaq, üzük və muncuqlar olmuşdur. Skeletlərə görə demək olur ki, qəbirlər yeniyetmə uşaqlara aiddir.

Ataçay nekropulunun daş qutu qəbirləri şaquli şəkildə qoyulmuş daş lövhələrdən, iki və ya üç sıra düzülmüş yastı daşlardan ibarətdir. Analoji qəbir konstruksiyası Dağıstan abidələrində də izlənilir. Azərbaycanın şimal-şərq bölgəsində daş qutu qəbirlər Şamaxı rayonu ərazisində yerləşən Xınıslı, Qusar rayonu ərazisində yerləşən Qursanpel, Şoranpel və Enıx abidələrində aşkar olunmuşdur.

Aşkar edilmiş qəbirlər 1 saylı daş qutu qəbir 1 saylı daş qutu qəbir uşağa məxsus olub uzunluğu 140 sm, eni 55 sm, dərinliyi isə 30–35 sm olmuşdur. Qəbrin baş tərəfi və şimal divarı uzun və bütöv daşlarla, cənub divarı isə aşağı tərəfdən uzun və onun üstündəki xırda daşlarla əhatələnmişdir. Mərhum qəbrə arxası üstə və yarıbükülmüş vəziyyətdə, başı qərbə doğru, sag qolu yanına uzadılmış, sol qolu qarnı üstə qoyulmuş və ayaqları qövsvari şəkildə bükülmüşdür. Skeletin aşağı ətrafı daha salamat qalmış və baş tərəfinin ətrafında xırda saxsı fraqmentləri, kəllə sümüyünün üst tərəfində ağac qırıqları aşkar olunmuş, ətrafına xırda çay daşları düzülmüşdür. Qəbir boyu skeletin hər bir tərəfindən kömür qalıqları aşkarlanmışdır.

2 saylı daş qutu qəbir 2 saylı daş qutu qəbir körpə uşağa məxsus olmuşdur. Yarıdağılmış vəziyyətdə olan bu qəbrin uzunluğu təqribən 100 sm, eni 50 sm, dərinliyi 30 sm, istiqaməti isə şərq-qərb istiqamətində müəyyən olunmuşdur. Qəbrin divarları iri və bütöv daşlarla əhatələnmiş, üst hissəsindən xırda çay daşları ilə örtülmüşdür. Lakin örtük daşı aşkar edilməmişdir. Qəbirdəki skeletin yuxarı hissəsi salamat qalmış, kəllə sümüyü çox kövrək olduğu üçün parçalanmışdır. Skelet arxası üstə uzadılmış vəziyyətdə olsa da, kəllə sümüyü parçalanması nəticəsində mərhumun üzünün hansı istiqamətdə olduğu dəqiq müəyyənləşdirilməmiş və ümumiyyətlə, konkret dəfn adəti izlənilə bilməmişdir. Qəbirdə hec bir avadanlığa rast gəlinməmişdir

3 saylı daş qutu qəbir 3 saylı daş qutu qəbir 1-ci qazıntı sahəsinin şimal-qərbində yer səthindən 40 sm dərinlikdə tapılmışdır. Qəbrin uzunluğu 180 sm, eni 90 sm, istiqaməti şimala doğru olmuşdur. Qəbrin yan divarları iki cərgə iri, yastı sal daşlardan hörülmüş və üstü də eyni şəkildə ortülmüşdür. Mərhum qəbrə arxası üstə uzadılmış, əlləri qarnı üstə olmuş, başının altına yastı çay daşı qoyulmuşdur. Sol əlinin adsız barmağına qızıl üzük taxılmışdır. Üzük nazik qızıl məftildən hazırlanmışdır. Üzüyün sonluqları açıqdır, bir ucu hamar, o biri ucu burulmuşdur. Burulmuş tərfin içi boş, inkrustasiya olunmuş bikonik başlıqla bimişdir. Hamar olan tərəfi üç mirvari ilə tamamlanmışdır. Üzüyün diametri 1,8 sm-dir. Qəbirdən başqa bir avadanlıq tapılmamışdır.

4 saylı daş qutu qəbir 4 saylı daş qutu qəbir 1-ci sahənin qərb divarının yanında yerləşib 5–6 yaşlarında uşağa məxsusdur. Qəbrin uzunluğu 110 sm, eni 60 sm, dərinliyi 50–55 sm-dir. Skeletin başı cənub-qərb, ayaqları şimal-şərq istiqamətində olmuşdur. Mərhum qəbrə arxası üstə və üzü cənub-qərbə doğru qoyulmuşdur. Skelet dağıldığı üçün qollarının hansı quruluşda olması müəyyənləşdirilməmişdir. Qəbirdən kömür qalıqları, qara və qırmızı rəngli bikonik, uzunsov və damcıvari formada olan əqiq muncuqlar və sarı sümükdən hazırlanmış uzəri naxışlı asma bəzək tapılmışdır. Asmanın iki küncündə deşiyi olan iki çıxıntısı var. Çox güman ki, deşiklər asmaq üçündür. Onlardan biri sınmışdır. Hər iki küncdə şaquli şəkildə paralel xətlər cızılmışdır. Üzərində mərkəzdə nöqtələri olan beş dairə inkrustasiya olunmuşdur. Onlar xətlər arasında üç sırada şaquli vəziyyətdə yerləşirdi. Asmanın ölçüsü 2,8x1,8 sm, qalınlığı 0,4 sm-dir. Skeletin sağ tərəfindən aşağı hissədə orta həcmli saxsı qabın oturacaq hissəsinin qırığı aşkar olunmuşdur.

5 saylı daş qutu qəbir 5 saylı daş qutu qəbir qazıntı sahəsinin şimal divarı yaxınlığından aşkar olunmuşdur. Yeniyetmə uşağa məxsus olan qəbrin uzunluğu 130 sm, eni 50 sm, dərinliyi 20 sm-dir. Skeletin başı qərb, ayaqları şərq istiqamətində olub sağ böyrü ustə yarımbükülü vəziyyətdə, üzü cənuba doğru olmuş, sağ qolu yanına uzadılmış, sol qolu qarnı üzərinə qoyulmuşdur. Başının altında daş düzümünə rast gəlinmişdir. Skeletin boyun, kəllə sümüyünün altından və sağ çiynindən yuxarıda saxsı qab qırıqları tapılmışdır. Qəbirdən aşkar olunan tunc bəzəklər nazik tunc lövhədən hazırlanmış üzərində dörd nazik xətti olan və ucları birləşməyən dairəvi bəzək, nazik məftildən hazırlanmış sırğa və üzərində rombvari bəzəyi olan düymədən (diametri 1,3 sm) ibarədir. Skeletin sağ qulağı yanından tapılan tunc sırğanın bir ucu düz, digər ucu ilgək şəklində qatlanmışdır. İlgəyə tunc halqa keçirilmişdir. Digər bəzək olan tunc düymənin əks tərəfində çıxıntı izləri görünür, bu da çox güman ki, onun bərkidilməsi üçün olmuşdur. Boyun fəqərəsi və döş qəfəsinin yanından pasta, əqiq, sədəf və şüşədən hazırlanmış uzunsov,yumru,rombşəkilli,çəlləkşəkilli, silindrik və diskşəkilli formalarda müxtəlif rəngli muncuqlar tapılmışdır. Muncuqlar arasında bir gözmuncuğu və bir xaçvari muncuq da olmuşdur. Skeletin sinəsi üzərində açıq yaşıl-sarımtıl rəngə çalan medalyon formalı şüşə aşkar olunmuşdur. Onun küncləri işləmə nəticəsində rombşəkilli forma almışdır (diametri 3,7 sm). Bu şüşənin qəbrə hansı məqsədlə qoyulduğunu söyləmək çətindir. Amma ehtimal etmək olar ki, dini ayin elementlərindən biri olmuşdur. Bundan başqa, ağ pastadan hazırlanmış üç badamvari və deşiksiz (hər üçünün diametri 1,8 sm-dir) bəzək əşyası tapılmışdır. Qəbir boyu kömür parçalarına rast gəlinmişdir.

6 saylı daş qutu qəbir 6 saylı daş qutu qəbir iki sırada bir-birinin üzərinə düzülmüş çay daşlarından ibarət olub uzunluğu 200 sm, eni 90 sm, dərinliyi isə 45 sm olmuşdur. Skelet arxası üstə uzadılmış, qolları qarnı üzərində çarpazlanmış, başı qərbə, ayaqları şərqə və üzü cənuba doğru istiqamətlənmişdir. Qəbirdə heç bir avadanlığa rast gəlinməmişdir.

7 saylı daş qutu qəbir thumb|Ataçay nekropolu,daş qutu qəbirlərindən maddi-mədəniyyət nümunələri aşkarlanarkən,2010-cu ul 7 saylı daş qutu qəbir qazıntı sahəsinin cənub tərəində yerləşib uzunluğu 215 sm, eni 55 sm, dərinliyi 40 sm olmuşdur. Mərhum qəbrə arxası üstə, başı qərbə, ayaqları şərqə, üzü cənuba doğru və əlləri qarnı üzərində çarpazlanmış vəziyyətdə qoyulmuşdur. Skeletin baş tərəfində və ayağının yanında bir yastı çay daşı və eyni daşlardan üç ədədi hər iki yanında bir sırada qoyulmuşdur. Qəbirdən kiçik saxsı qırıqları, skeletin sol biləyindən üç ədəd bütöv formada tunc və bir dəmir qolbaq, sağ biləyində iki tunc və bir dəmir qolbaq, hər iki əlinin barmaqlarından tunc üzüklər aşkar olunmuşdur. Boyun fəqərəsinin yanında pasta, kükürd, əqiq və şüşədən hazırlanmış müxtəlif rəngli, uzunsov, konusvari,bikonik muncuqlar,sağ əlinin yanından ağ, hamar sədəfdən hazırlanmış yumru bəzək əşyası tapılmışdır. Çox güman ki, bu bəzək üzük qaşı idi. Qəbir boyu kömür parçalarına rast gəlinmişdir.

8 saylı daş qutu qəbir 8 saylı daş qutu qəbir uşaq qəbri olub uzunluğu 105 sm, eni 35 sm, dərinliyi 30 sm-dir. Skeletin istiqaməti cənub-qərb istiqamətində olub arxası üstə olmuşdur. Əlləri qarnı üstündə çarpazlanmışdır. Mərhumun altına çay daşı döşənmiş, üstünə oxra səpilmişdir. Qəbirdən saxsı qırıqları və kömür parçaları aşkar olunmuşdur. Qəbirdən heç bir avadanlıq tapılmamışdır.

9 saylı daş qutu qəbir 9 saylı daş qutu qəbir ikinci qazıntı sahəsinin şimal-şərq divarının yanından aşkar olunmuşdur. Körpə uşağa məxsus olan qəbrin uzunluğu 90 sm, eni 40 sm, dərinliyi 35 sm olmuşdur. Mərhum qəbrə arxası üstə, başı qərb, ayaqları şərq istiqamətində, üzü cənuba doğru qoyulmuş, əlləri qarnı üstə çarpazlanmışdır. Başının sağ tərəfindən saxsı qırıqları, qabırğa sümüklərnin və qollarının yanından ağ pastadan hazırlanmış kiçik muncuqlar tapılmışdır.

10 saylı daş qutu qəbir 10 saylı daş qutu qəbir 4-cü qazıntı sahəsinin cənub-şərq hissəsindən tapılmışdır. Qəbrin sağ tərəfi içəriyə doğru dağılaraq skeletin kəllə, onurğa və ayaq sümüklərini əzmişdir. Daş qutu qəbrin uzunluğu 180 sm, eni 40 sm, dərinliyi isə 45 sm, skeletin başı cənub-qərb, ayaqları şimal-şərq istiqamətində, üzü cənuba doğru olmuşdur. Skeletin sağ çiyninin altına və əlinin yanına kiçik çay daşı qoyulmuşdur. Mərhum qəbrə arxası üstə qoyulmuş, əlləri qarnı üzərində çarpazlanmışdır. Skeletin altından oxra aşkar olunmuş,sağ çiyni altından xırda çay daşları düzülmüşdür. Hər iki biləyindən ucları yastılanmış və bitişməyən, mərkəzi hissələri dördkünc şəkildə yastılanmış tunc qolbaq, döş qəfəsi və çanaq sümüyü yanından əqiq və firuzədən hazırlanmış muncuqlar, kəllənin yanından bir ədəd tunc saç sancağı tapılmışdır. Tunc qolbaqlar 7 saylı daş qutu qəbirdən tapılmış qolbaqlarla eynilik təşkil etmişdir. Saç sancağı tunc məftildən hazırlanaraq ucları bir-birinin üzərinə keçmişdir. Hər iki ucunda ilgək vardır. Tunc milə üç bikonik formalı içərisi boş bəzək keçirilmişdir.

11 saylı daş qutu qəbir 11 saylı daş qutu qəbir 4-cü qazıntı sahəsinin cənub divarının mərkəzi hissəsində yerləşmişdir. Uzunlugu 190 sm, eni 55 sm, dərinliyi 50 sm olan daş qutu qəbir uç cərgə hörgü ilə hörülmüşdür. Skelet arxası üstə, başı qərbə, ayaqları şərqə, üzü cənuba doğru, sol qolu qarnı üstə, sağ qolu yanında olmuşdur. Kəllə sümüyünün yuxarı hissəsinə xırda çay daşları düzülmüş və sağ dizinin altına daş qoyulmuşdur. Çanaq sümüyünün altından oxra və bütün qəbir boyu kömür qalıqları aşkar olunmşdur. Qəbirdə avadanlığa rast gəlinməmişdir.

Ataçay daş qutu qəbirlərinin tədqiqi zamanı aydın olur ki, qəbirlər iki hissəyə bölünmüşdür: qəbir avadanlığı olan və olmayan qəbirlər. Maraqlı cəhət odur ki, qəbirlərdən aşkar olunan avadanlıqlar əsasən bəzəklərdən ibarət olmuşdur. Silahlara və əmək alətlərinə təsadüf olunmamışdır. Saxsı məmulatına rast gəlinsə də, bunlar təsadüf nəticəsində torpağa qarışmış erkən orta əsrlərə aid saxsı nümunələri olmuşdur.

Qədim inanclar