Rza Muxtar oğlu Avşarov (Rza Avşar; ) — müasir Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı (2009).
Həyatı Rza Avşarov 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycan SSR xalq artisti teatr və kino aktyoru Muxtar Avşarovun ailəsində dünyaya gəlib.
Orta məktəbi bitirdikdən sonra Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965–1969-cu illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə. Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972–1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində Nadir Əbdürrəhmanov və Tələt Şıxəliyevdən dərs alıb. Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə "Respublika yaz sərgisi"ndə nümayiş etdirdiyi "Natürmort" əsəri ilə doğrultmağa başlayıb. 1982-ci ildə o SSRİ Rəssamlar İttifaqına üzv qəbul edildi.
Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür.http://www.anl.az/down/meqale/xalqcebhesi/xalqcebhesi_fevral2009/68878.htm.
Həyat yoldaşı İradə Avşarova da rəssamdır.
Yaradıcılığı 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Rza Avşar yarım əsrə yaxın fəaliyyəti dövründə yaratdığı əsərlərlə Azərbaycan təsviri incəsənətinin inkşafında ozünəməxsus rol oynamışdır. Rəssamın yaradıcılığında Azərbaycanın təbiətini və insanlarını təsvir edən əsərlər xüsusilə seçilir. Onun yaratdığı mənzərə və natürmort nümunələri ətraf mühit və təbiətlə ünsiyyətdən qaynaqlanan sevinc və nikbinlik hisslərini əks etdirir. Rəssamın "Şahmatla natürmort" əsərində qırmızı və sarı rənglərin vəhdəti əsrarəngiz ifadəsini tapıb. "Abşeron mənəzərəsi"ndə rənglərin çaları gözəl bir ahəng yaradıb: səmada mavi rənglə ağ rəng biri-birinə qarışıb. Rəssamın erməni vandalizmi mövzusunda çəkdiyi "Ekstremist" və "Xocalı"http://www.azerbaijan-news.az/view-140816/resmlerden-haray-ceken-xocali əsərlərində nankor qonşularımız tərəfindən başımıza gətirilən vəhşiliklər əks olunub.
Rza Avşarovun portret janrında da əsərləri vardır.
Rəssam dəfələrlə ölkə və beynəlxalq miqyaslı sərgilərin iştirakçısı olmuşdur. Rza Avşarovun 1982-ci ildən bu günədək bir çox ölkələrin nüfuzlu sərgilərində, o cümlədən Fransa, Almaniya, İtaliya, Avstriya, Koreya, Rusiya, ABŞ, Türkiyə, BƏƏ, Estoniya və İranda əsərləri nümayiş olunmuşdur. Həmçinin Türkiyə və Estoniyada fərdi sərgiləri açılmışdır. Rəssamın üç əsərinin — "Kompozisiya" (1991), "Mənzərə" (1992), "Kompozisiya" (1992) Azərbaycan Dövlət İncəsənət Muzeyində, yeddi əsərinin — "Xəzər sahilində" (1990), "Bakı mənzərəsi", "Xəzər" (2002), "Yağışdan sonra", "Mənzərə", "Zəriflik" (2004), "Güllər" (2005) Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında qorunması isə onun yaradıcılığının yüksək dəyərləndirilməsindən və ictimailəşdirilməsindən xəbər verir.
İstinadlar
Kateqoriya:Azərbaycan rəssamları