Məhəmmədtağı xan Püsyan () — polkovnik, Xorasan əyalətinin rəisi, şair
Həyatı Məhəmmədtağı xan Məhəmmədbağır xan oğlu Soltanzadə-Püsyan 7 avqust 1891-ci ildə Təbriz şəhərində hərbi mülkədar ailəsində doğulmuşdu. Atası mayor Məhəmmədbağır xan Inayət üs-sultanın nəsli XIX yüzilin I yarısında Şimali Azərbaycanın Qarabağ vilayətindəki Püsyan mahalından (indiki Qubadlı rayonundan) köçüb Qaradağa, ordan da Təbrizə getmişdi. Tağı xanın familiyası (soyadı) Soltanzadə olsa da, elinin adı ilə Püsyan çağrılırdı.
Məhəmmədtağı xan 1899–1905-ci illərdə Təbrizin "Loğmaniyyə" mədrəsəsində dərs oxumuş, Fars və Ərəb dillərini öyrənmışdı. Bundan başqa o, məntiq, yeni elmlər, ev şəraitində isə ailə ənənəsinə görə Fİransız, Rus dillərinə, riyaziyyata, tarixə, ədəbiyyata da yiyələnmışdı. Bundan sonra o, təhsilini artırmaq məqsədilə 1906-cı ildə Tehrana üz tutmuş, 5 il "Mədrəsə-yi nizami" adlı hərbi zabitlik məktəbində oxumuşdu. 1911-ci ildə "Mədrəsə-yi nizami"ni bitirib leytenant rütbəsilə hərbi qulluğa girərək, kapitanlıq dərəcəsinədək yüksəlmışdı.
Məhəmmədtağı xan Tehranda ikən həmyerlisi, məşrutəçi Haci Məhəmməd ağa Tahbaz və oğlu, inqilabçı Sadıq ağa Tahbazın amallarından xeyli təsirlənmışdı. Şübhə yoxdur ki, Tehranda gözləri qarşısında cərəyan edən hadisələr, xüsusən də əhval ruhiyyəsini inqilabi səmtə yönəltmışdı. O, hərbi məktəbdə oxuyarkən altı ay muəllim və tərcüməçi vəzifəsində də işləmiş, sonra adyutant mütərcim vəzifəsini saxlamaqla, Sirab (Həmədanda) hərbi dəstəsinin komandiri olmuşdur.
O dövrdə Qacar səltənətinin zəifliyi üzündən ölkənin bir sıra əyalətləri ilə paytaxt arasında əlaqələr yox dərəcəsində idi. Yollarda ağalıq edən feodal hərbi dəstələrini və quldurları təmizləməkdən ötrü Amerikalı polkovnik Merilin komandirliyi ilə göndərilmiş batalyon da bir iş görə bilməmışdı. Gənc Məhəmmədtağı xan isə öz dəstəsi ilə 1914-cü ildə Tehran-Həmədan-Kirmanşah yolunu açmışdı. Bu ağır və mürəkkəb əməliyyata görə onun üçün mayor rütbəsi, elecə də qızıl medal istənilsə də, hərbi nazirlik gənc komandirin yaşının azlığını bəhanə gətirib, mayorluq rütbəsini əsirgədi və yalnız qızıl medal verdi. O dövrdə nəşr olunan "Tehran", "Həmədan", "Kirmanşah" qəzetləri onu "ən cəsarətli zabit", "kəndlilərin dadına çatan" adlandırmışdı.
M. Püsyan sonra başçılıq etdiyi jandarm eskodronu ilə Luristana getmiş, Burucerd döyüşlərində quldurları dağıtmış, bəzi mürtace xanları həbs etməklə əmin-amanlıq yarada bilmışdı. Bu çarpışmalarda yaralanan komandir sağaldıqdan sonra mayor rütbəsi almış və Həmədan batalyonunun rəisi təyin ədilərək 1915-ci ilin 14 dəkabrina dək həmin vəzifədə çalışmışdı.
O, Həmədanda ikən Kirmanşahda təşkil olunmuş İran milli hökuməti silahlı qüvvələrinin bu hissəsinə komandir qoyulur. Bu müddətdə gənc Türk zabiti Bidsərx, Qəzvin, Kəngavər, Kirmanşah cəbhələrinin komandiri vəzifəsini daşımış, ixtiyarindakı 1500 nəfərlik atlı və piyada hissələrlə Rus və İngilis qoşunlarına qarşı müvəffəqiyyətli yürüş əməliyyatları aparmışdı.
Bu azömürlü hökumət üzvləri mühacirətə məcbur olduqda, o da onlarla birlikdəİstanbula və sonradan 1917-ci ildə Berlinə getmişdi. Orada əvvəl müalicə kursu geçmiş, sonra Almaniya ordusunun təyyarəçilik məktəbinə daxil olmuşdur. Gənc hərbçi yorulmadan öyrənir, aviasiya texnikasına yiyələnirdi. Qısa müddət ərzində o, 33 dəfə uçuş geçirmişdi. Lakin yenidən ciddi şəkildə xəstələndiyindən, piyada qoşunlarına dəyişilmişdi. Azərbaycan diyasporasının bu gənc üzvü Almaniya ordusundakı xidmət zamanı millətinin hərb sahəsində nəyə qadir olduğunu Alman hərbçilərinə göstərmişdi.
Ölkədə gedən inqilabi hərəkat zamanı Məhəmmədtağı xan Leypsiq şəhərinə gedib riyaziyyat və musiqi təhsili almağa başlayır. Təhsil aldığı dövrdə bu Azərbaycan oğlu muəllimlərinin ailəsində elə xoş təəssürat yaratmışdı ki, muəllimi və müəlliminin qadını Knayr sonralar, onun haqqında kitab yazmış, Məhəmmədtağı xanı "Ən nəcib iranlı" adlandırmışdı.
M. Püsyan Alman imperiyalizminin qoşunlarında xidmət etsə də, imperiyalizm əleyhinə üsyanları öz gözləri ilə görür və şübhəsiz, özü üçün, vətənin azadlığı üçün nəticə çıxarırdı.
Geri qayıdanbaş gənc Azərbaycan zabiti İsveçə gəlmiş, ora ilə tanış olmuş, sonra Petroqrada yollanmışdı. Bu zaman Petroqrad Oktyabr çevrilişindən sonrakı təlatümlər içərisində idi. Ona da söz yoxdur ki, Rusiya bolşeviklərinin sinfi bərabərlik, imperiyalizm, müstəmləgeçilik, milli zülm əleyhinə yaydıqları şüarlar, apardıqları təbliğat 28 yaşlı alovlu azadlıq aşiqinə təsirsiz qala bilməzdi. Yeri gəlmişkən qeyd edək ki, Petroqraddakı 1917-ci il oktyabr çevrilişində M. Püsyanın bir sıra həmyerililəri, o cümlədən məşhur inqilabçı Heydər Əmioğlu və onun qardası Süleyman Tarıverdiyev də fəal iştirak edirdilər.
Avropanı gəzib dolaşmış, bir neçə sahədə təhsil almış və gözü bir çox həqiqətlərə açılmış Məhəmmədtağı xan 1920-ci ildə Ənzəli yolu ilə İrana qayıtdı. Deyilənlərə görə, 1915-ci ildə Qacarlar dövlətinin qərbindəki Türkiyə əsgərləri marş oxuyarkən ölkənin bütövlükdə onların olacağını söylədiklərini eşidən zabit M. Püsyan əvvəl məktubla, sonra şəxsən Türkiyə komandanına müraciət etmiş, qəti etirazını bildirmişdi. Marşın sözlərini dəyişib qardaşlıq ruhuna salındığını eşidən və sevinən komandir sonrakı '"var olsun qeyrətli, qəhrəman oğlu Məhəmmədtağı xan Püsyan!" cümlsinə yenə etiraz etmişdi.
Onun vətənpərvərliyini və qəhrəmanlığını hətta ölümündə böyük rol oynamış gizli polis rəisi Bağır Amili və Nasir Səskər də yazmışdır. Tarixçi M. Müctəhidi isə yazır: "Təvazökarlıq, utanmaq və həyalılıq, iffət, alicənablıq, özünün tərifinə yol verməmək, xidmətlərini və hünərlərini başqası izah edərkən narahat olmaq kolonelin (Fransizca "polkovnik" deməkdir) bariz sifətlərindən idi". "Məlik üş-şüara" Bahar Məhəmmədtağı xanın qaldırdığı üsyanın əleyhinə olsa da, şəxsiyyətini, cəsarətini, vətənpərvərliyini tərif etmişdi. Şair Bahar keçmiş dostunun həyat yolundan bəhs edərək yazırdı ki, Məhəmmədtağı xan mühacirət dövründə Şeyx Həsən Tehrani ilə dost idi. Mən və Tehrani Demokrat Firqəsindən idik. Məhəmmədtağı xan da bu firqəyə meyilli idi və ona inanırdı. Tehraninin evində onunla görüşüb Xorasanda bir hərbi-milli cəmiyyətin mərkəzinin yaradılması barədə gedirdi. Əslində onun bu işlərdən ötrü ürəyi gedirdi. O, kəmal-i məmnuniyyətlə bizim izahatımızı qabul etdi…
O zaman ölkədə gedən mürəkkəb ictimai-siyasi proseslər mərkəzi hakimiyyəti xeyli zəiflətmişdi. Əyalətlərin mərkəzdən qaçma meyilləri, xüsusən də davam edən Şeyx Məhəmməd Xiyabani (Azərbaycan) və Gilan hərəkatı Tehranı sarsıtmışdı. Lakin, eyni zamanda bəzi yerdə xanlıq, feodalların özbaşınalığı kimi mürtəce pıroses də inkişafda idi. O cümlədən Xorasanda başıpozuqluq, quldurluğun əl-ayaq açması iqtisadi-ticarət əlaqələrinin gediş-gəlişin pozulması və ziyarət yollarının qorxulu şəkil alması liberal burjuaziyasının hökumətə təzyiq göstərməyə vadar edirdi. Nəticədə Müşur üd-dövlə hökuməti bu əyalətdə jandarm qüvvələrini gücləndirir, özbaşınalığı aradan qaldırmaq üçün Məhəmmədtağı xanı ora jandarm rəisi göndərmək məcburiyyətində qaldı. 1920-ci ilin oktyabrında polkovnik Məşhədə göndərildi. Bu Demokratik qüvvələrin qələbəsi demək idi.
Kolonel M. Püsyan Məşhədə gəldikdən sonra Demokrat Firqəsinin üzvləri ilə yaxınlaşır, onlarla iş aparmağa başlayır. O, yerli irticanın vali Qəvam üs-səltənəyə və İngilis konsuluna arxalandığını bilirdi. İrticaya qarşı mübarizə aparmaqda isə ona firqənin görkəmli üzvlərindən Haci Məhəmməd ağa Tahbaz, Məhəmməd Haşım Mirzə Ənsər, Haci Hüseyn ağa Malik kimi liberal burjua-mülkədar nümayəndələri, mütərəqqi fikirli ruhanilər, Məşhəddə yaşayan Azərbaycan tacirləri, sənaye sahibləri, əsnaf və qəsbkarlar kömək edirdilər. Məşhədin görkəmli sənaye sahiblərindən Əli xan, Məhəmməd xan, Əmioğlu qardaşları Kolonelin maarif, mədəniyyət sahəsində islahat tədbirlərini həyata geçirilməsindən ötrü maddi yardım etməyi öhdələrinə götürmüşdülər. Əyalətin yeni jandarm rəisi "Milli komitə" adlı təşkilat yaradaraq onun şö’bələrini başqa şəhələrə də yayırdı. Tezliklə təşkilatın 3000-nə yaxın üzvü oldu.
M. Püsyan rəisliyə geçən kimi jandarmeriyanın büdcəsini Qəvam üs-səltənənin cibinə axmaqdan azad ədib, idarənin xərclərinə yönəltdi. Bu, Qəvam üs-səltənə ilə onun ilk toqquşması idi. Lakin Məhəmmədtağı xan azadlıq düşməni Əhməd Qəvam üs-səltənə və İngilis konsulunun nümayişkəranə şəkildə cəzalandırmaq istədikləri siyasi məhbusları da azad edib irticaya ikinci zərbə vurdu. Üçüncü zərbə daha ağır idi: Məhəmmədtağı xan yüz illər boyu Xorasanda özbaşınalıq edən, indi də vali və İngilis konsulu tərəfindən bir çox məqsədlər üçün istifadə olunan feodal hərbi qüvvələrini dağıtmışdı.
Kolonel Məşhədə gələrkən Tehrandan özü ilə bir dəstə zabıt gətirmişdi. Əksəriyyəti türklər olan bu dəstənin tərkibinə mayor İsmayil xan Bahadır, mayor Əlirza xan Vəziri, sultan (kapitan) Seyid Möhsün xan Kazimi, Sultan Əliəsgər xan Rifət, Sultan Qulamhüseyn xan Saqfi, Sultan Əliəsgər xan Qacar, sultan Hüseyn xan Dövlətşahi, Sultan Mirzə Əli xan İyzədi, Naib (leytenant) Ağa xan Xoşgin, Naib Haci xan Təfrisi, Naib Məhəmməd xan, Naib Cəlal xan Zəmani, Sultan Nur Əlinəqi xan Həkimi, Naib Əlisəfər xan Musar, Naib Davud xan Sinaqi, Naib Tağı xan Tavus, Sultan Qulam Hüseyn xan Pedər, Sultan Ehsanulla xan Azərəxiş və b. daxil idi.
Polkovnikin ilk gördüyü islərdən biri vali Qəvam üs-səltənəni həbs etmək oldu. Məşrutə hərəkatından üzü bəri çirkin əməlləri, azadlıq əleyhinə gördüyü işlərlə özünü ləkələmiş bu siyasi fitnəkarın hərbi qaragüruhu sarsıtmaqla yanaşı mütərəqqi qüvvələrə qol-qanad verdi. Qəvam üs-səltənə ilə bərabər 40 qatı irticacı da həbsə alınıb, əmlakı müsadirə edildi. Bunları görən Xorasan əhalisi şənlik içində idi.
Lakin atasının yaxın dostu, demokrat fikirli Haci Məhəmməd Tahbaz, Gilan Respublikasının Xarici İşlər naziri M. C. Pişəvəri ilə görüşlərdən aldığı təəssüratla Məhəmmədtağı xan daha dərin, ictimai-siyasi, iqtisadi islahatlara əl atırdı. O, zabit Qulam hüsəyn xan Pedərin başçılığı ilə "Milli xəzinə" adlı fond yaratmışdı. Soyqunçu, zülmkar feodallardan müsadirə edilənlər bə’zi liberal dövlətlilərin, xəyriyyəçilərin verdikləri ianə, həmçinin, Türküstandan mühacirlərin Aşqabaddan göndərdikləri qızıllar bu fondda saxlanılırdı.
Şübhəsiz ki, irtica da əlini əli üzərinə qoyub oturmamışdı. Həbs olunub Tehrana göndərilən Qəvam üs-səltənə Seyid Ziyanın devrilməsindən sonra baş nazir postunu ələ geçirib, geçmiş cinayət şəriki Nəcd ül-səltənəni Xorasana vali göndərdi. Lakin əyalətdə anti-demokratik əhval-ruhiyyəni qızışdırdığına görə o da həbsə alınıb mülki müsadirə edilərək "Milli xəzinə"yə verildi. 1921-ci il 25 aprel tarixli Məşhəd zəhmətkeşlərinin əzəmətli nümayişi sabahısı gün aprelin 26-da Məhəmmədtağı xanı qəti tələblə Xorasan valiliyinə gətirdi.
Yeni vali dərhal daha dərin islahatlara əl atdı. Belə ki, gündüzlər "qoruyub", gecələr quldurluq edən Qəvam üs-səltənə tüfəngçiləri, həmçinin müstəbid məmurlar işdən uzaqlaşdırılıb əvəzində o dövrün rəsmi sənədlərində "Dəmir dəstə", "Fədayi", "Kolonelin fədayisi" adlandırılan "Xüsusi qıvardiya təşkilatı" yaradıldı. "Xüsusi qıvardiya"nı səciyyələndirən çağdaş müəlliflərdən biri yazırdı: "Dəmir dəstə" mərhum Kolonelin rəşadətli və şücaətli, cavan Azərbaycanlı fədayilərdən təşkil olunmuşdu. Çox az ordularda belə nəfərlər ola bilər. Çünki neçə yüz nəfərlik bu dəstə Kolonellə münasibətdə neçə yüz bədəndə olan bir ruh kimi idi və öz imtahanlarını da belə verdilər".
Xorasan jandarmeriyasının əsasını təşkil edən quruplardan biri də "Kavə partizan ordusu" idi. Əliqulu xan Püsyana (general Həmzə xan Püsyanın oğlu) tapşırmışdı. O isə bu sahədə yüksək təcrübəli hərbçi idi.