thumbnail|Bakıda palçıq vulkanı, 1918-ci il. Palçıq vulkanları – vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpə (hündürlüyü 400m-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, suxur qırıntıları, su (bəzən neftli) püskürür.

Haqqında Yer kürəsində çox vaxt "palçıq vulkanlar"ı adı altında təsvir edilən, zahiri görünüşlərilə bir-birinə bənzəyən əmələgəlmələr yayılmışdır. Onlardan böyük ölçü və güclü püskürmələrlə neftli-qazlı rayonlarda yerləşənlər fərqlənirlər və belə palçıq vulkanlarının sayı planetimizdə 2500-dən çoxdur. Şərqi Kamçatkanın sualtı ətəyində, Oxot dənizində, Saxalin və Paramuşirin şelf və sualtı ətəklərində, Qolıgin riftində, Kaliforniyanın mərkəzi sahili boyunca Sakit Okeanın Monterey körfəzində Kanada Arktika arxipelaqının Baffin Torpağı adalarının cənub-şərq şelfində palçıq vulkanlarının mövcudluğu güman edilir. Palçıq vulkanlarının püskürmələri əsasən yanan qazların hündür alov sütunu ilə müşaiyət edilir. Buna görə də onlar əvvəlcə "püskürmə dağları", "od püskürən dağlar" və ya "alov təzahürləri" kimi təsvir ediliblər. Sonralar geoloji ədəbiyyatda "lilli vulkan", "palçıqlı vulkan", "palçıq vulkanı", "salza", "psevdovulkan" terminləri meydana gəlib.

Vulkanları "lava", "qaz", "qum", "serpentit" adlandırarkən onların püskürməsinin son məhsulları nəzərə alınmışdır. Palçıq vulkanlarının ən çox sayı, həmçinin ən böyükləri və tez-tez püskürənləri Azərbaycanın şərq hissəsində və ona bitişən Xəzər dənizi akvatoriyasında yerləşirlər. Ona görə Azərbaycan "palçıq vulkanlarının vətəni" sayılır. Azərbaycanın neft-qaz rayonlarında 350-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onlardan 160-ı dəniz vulkanıdır.

Bakı arxipelaqında 8 palçıq vulkanı adası; Zənbil, Gil, Xərə, Zirə, Qarasu, Səngi Muğan və s. çoxsaylı bankalar vardır. Sualtı vulkanların olduğu dərinliklər bir neçə metrdən 900 m-ə qədərdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır. Adətən palçıq vulkanının püskürməsi güclü yeraltı uğultu və partlayışla başlanr. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə (Qarasu a.vulkanı) çatır. Palçıq vulkanının qazları əsasən, metandan, qismən ağır karbohidrogenlər və təsirsiz qazlardan ibarət olur. Palçıq vulkanının suyu yod, brom, bor və s-li hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, barium, stroisium, litium və s.) olur.

Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir. Keçən əsrin müxtəlif illərində palçıq vulkanı fəaliyyətində aktivləşmə qeydə alınmışdır və püskürmələrin sayı həmişəkindən çox olmuşdur.

Azərbaycan Respublikasında palçıq vulkanları geniş yayılmışdır. Palçıq vulkanlarından başqa onların "pilpilə", "yanardağ", "bozdağ", "axtarma", "qaynaca", və s. yerli adları da var. Azərbaycan Respublikasında 220-dən çox palçıq vulkanlar var (Abşeron yarımadasında, Qobustanda, cənub-şərq Şirvan düzənliyində, Samur-Dəvəçi ovalığında, Abşeron və Bakı arxipelaqlarında). Ən böyükləri Qalmas, Torağay, Böyük Kənizdağ və s. Çoxlu kəsik konus şəklindədir. Hündürlüyü 20–400 m, əsasının diametri 100–4500 m olur. 2007-ci ildə "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.

Palçıq vulkanlarının mənşəyi Palçıq vulkanlarının mənşəyi haqqında ilk dəfə H. V. Abix fikir söyləmişdir. O, belə bir nəticəyə gəlmişdir ki, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini – maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını – yarılma (qırılma) zonasından, suyu – dənizdən, qazı – bitumlu süxurlardan, palçıq vulkanlarının fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır. Digər geoloq – alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada – qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi – geoloqların fikrincə isə palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır. Palçıq vulkanları ətraf sahədən 400 – 500 m-dək yüksələn, əsasının deametri 100-dən 350 m-dək olan kəsik konus formalıdırlar. Vulkanın təpəsi onun kraterinə uyğun gəlib yastı qabarıq formadan dərin çuxuradək müxtəlif formalarda olur. Krater adətən vulkanın mərkəz hissəsində yerləşir. Sopka brekçiyası və onu müşayiət edən qaz və su kanalla xaricə çıxır və zaman keçdikcə toplanaraq vulkan konusunun yamacları ilə aşağıya axaraq üzərində vulkan oturan tacın strukturunu örtüb gizlədir. Krateri piyalə formasında olan palçıq vulkanları da olur. Palçıq vulkanı yer səthində və ya dəniz dibində toplanmış sopka materialından təşkil olunmuşdur. Vulkan tullantıları içərisində bəzən diametri 1 – 2 metr olan daha böyük süxur parçalarına da təsadüf edilir. Vulkan boğazı, əsasən, şaquli istiqamətli olub, sopka brekçiyasının xaricə çıxarılmasına şərait yaradır. Vulkan boğazı iki əsas hissədən – başlıca kanaldan və damarlardan ibarət olur.

Palçıq vulkanı konusları "sopka brekçiyası" adlanan süxur kütləsindən ibarətdir. Sopka brekçiyası, əsasən, ətraf süxurlara yad olan sərt süxur qırıntıları ilə gilli kütlə qarışığından ibarətdir. Sopka brekçiyası bərk olduqda vulkan konusunun yamacları dik (Otman – Bozdağı, Kalmas, Torağay və s.), su ilə zəngin olduqda isə konus alçaq və yastı, krater isə boşqabvarı formada olur.

Palçıq vulkanları sopka brekçiyasını yer səthinə çıxaran bacalardır. Sopka brekçiyası ilə birlikdə qaz və minerallaşmış su da çıxır. Bu zaman əsas püskürmə kütləsi adətən vulkan kraterindən vaxtaşırı coşqun püskürmə paroksizmləri şəklində xaricə atılır. Paroksizmlərarası dövrdə adətən vulkanın təpəsində və ya onun yamaclarında yerləşən xeyli parazitik kraterlərdən – qrifon və salzalardan zəif qaz, su və çox vaxt az miqdarda sopka lili çıxır.

Sopka brekçiyası böyük yelpikvari və ya dilvarı axınlar şəklində ətrafa yayılır və tezliklə quruyur. Bu axınların eni bir neçə yüz metr, uzunluğu bir neçə kilometr, qalınlığı isə bəzən 10 m və daha artıq olur. Sopka brekçiyası axınları çox vaxt bir – birini örtür. Güclü püskürmələr ərəfəsində bir sıra radial və konsentrik çatlar əmələ gəlir. Zaman keçdikcə eroziya amillərinin təsiri ilə relyef barrankoslara bölünür. Bu barrankoslar aşağıya doğru endikcə dərinləşib genişlənir və bəzən dərin dar dərələrə çevrilir. Azərbaycanın bəzi vulkanları öz adlarını sopka örtüyünün rənginə görə almışlar. Məsələn, "Bozdağ", "Ağtirmə" (Ağtirmə adı buradan əmələ gəlmişdir) və s. Palçıq vulkanı fəaliyyətinin müəyyən cizgilərini səciyyələndirən ayrı-ayrı yerli adlar ədəbiyyata daxil olmuşdur. Məsələn, Keyrəki (dəmirçi kürəsi anlayışından), Yanandağ, Pil – Pilə, Ayrantökən, Sürüncə və s. Bundan başqa sonuna batmaq mənasını verən "batan" kəlməsi əlavə edilən adlara da rast gəlinir. Məsələn, Lökbatan, At(a)batan. Sopka örtüyünün rənginə və bitki örtüyünə görə palçıq vulkan püskürmələrinin sayını müəyyən etmək olur. Yerləşmə şəraitinə və yerinə görə, palçıq vulkanları yerüstü, gömülmüş və dəniz vulkanlarina bölünür. Yerüstü palçıq vulkanları içərisində normal inkişaf etmiş və denudasiyaya uğramış konusları olan vulkanlara ayrılır. Azərbaycanda konusları normal inkişaf etmiş vulkanlar olduqca çox yayılmışdır. Bunlara Keyrəki, Ağtirmə, Gülbaxt, Böyük Kənizədağ, Torağay, Kalmas, Kürsəngi və s. aiddir. Müəyyən geoloji zaman ərzində konusları eroziya prosesi nəticəsində yox olmuş və bundan sonra daha püskürməyən vulkanlar müstəqil bir sinfə – gömülmüş (qazıntı) vulkanlara (Bibiheybət, Zığ, Qum adası) aid edilir. Dəniz vulkanları, öz növbəsində, ada və sualtı vulkanlara bölünür. Abşeron və Bakı arxipelaqlarının ada və saylarının hamısı mənbə etibarilə, palçıq vulkanı hadisələrilə bağlıdır. Lakin bunların dəniz tərəfindən yuyulması müxtəlif olduğundan, nəticədə ya ada palçıq vulkanları, yaxud da saylar əmələ gəlir. thumb|550px|left|Ərazinin palçıq vulkanlarının morfogenetik tipləri I – diapirlər: a – gilli; b –qumlu; c – qaymalı-konqlameratlar; II – palçıq brekçiyalarından ibarət kəsikkonus formalı quruluş; III – yarıduru örtük yaradan vulkanlar; IV – palçıq vulkanları qurğularının pozulması. Palçıq sopkası hündürlüyü 0.5 m-dən 40–50 m-ə qədər, əsasının diametri 5–150 m hüdudlarında olan düzgün formalı kiçik konusdan ibarətdir. Sopka az miqdarda süxur qırıntıları qarışmış gilli materialdan təşkil olunmuş, sülb süxur qırıntılarına malik pelit (xırda dənəvərli, əsasən, gilli çöküntü süxuru), qaz və bəzən üzərində neft pərdəsi olan su ayırır. Pelitlərin konsistensiyasından asılı olaraq sopka şiş təpəli və ya gümbəzvarı konus şəklini alır. Onun yuxarı hissəsindəki boğazın dəliyindən kanalla sopka lili səthə çıxır.

Palçıq sopkası kraterinin ölçüləri bir neçə desimetrdən 20–30 m-ə qədər olur. Sopkanın palçıq vulkanından əsas fərqi birincinin tullantıları içərisində yalnız sopka brekçiyasının olmamasıdır. Palçıq sopkaları müstəqil və parazit sopkalara bölünür. Sonuncular palçıq vulkanının krater çölündə və ya yamaclarında püskürmələrarası dövrlərdə meydana gəlir. Bunların sayı onlarla olur. Müstəqil sopkalar böyük olduqları halda, parazitik sopkaların hündürlüyü 2–3 m-dən artıq olmur.

Salzalar tam inkişaf etməmiş qıfvarı yarımkonusdan ibarət olub, içərisi lil materialı və ya içərisində iri süxur qırıntıları olmayan bulanıq su ilə dolur. Salzalardan qaz, su, neft, neftlə suyun qarışığı ifraz olunur. Salza çalalarının diametri geniş hüdudlarda dəyişir və bir neçə 10 santimetrdən 5–120 m-ə qədər və daha artıq olur. Ayrı-ayrı qaz, su və neft çıxışları qrifonlar adlanır. Bu çıxışların dəliklərinin diametri 1–2 sm-dən bir neçə metrə qədər olur. Qrifonların fərqləndirici əlaməti onlarda sülb süxur qırıntılarının olmamasıdır. Ayrılan lilli maddənin konsistensiyasından asılı olaraq əsasının diametri 5 m, hündürlüyü 0.5–3 m-ə çatır. Qrifonlar müstəqil fəaliyyət göstərən qrifonlara və palçıq vulkanlarının fəaliyyəti ilə əlaqədar olan parazit qrifonlara ayrılır. Sonuncular həm krater gölündə və həm də yamaclarda yerləşir.

Xəzərdə palçıq vulkanı Quruda yerləşən palçıq vulkanlarından başqa, gömülmüş və dəniz palçıq vulkanları da məlumdur. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada (Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s.) palçıq vulkanı mənşəlidir. Gömülmüş palçıq vulkanları quyularla aşkar olunmuşdur. Onların fəaliyyətinin izlərinə müxtəlif yaşlı layların arasında rast gəlinir. Məlumatlara görə, Azərbaycan Respublikası ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 mln.il əvvələ aiddir. Azərbaycan Respublikası ərazisində 1810-cu ildən indiyə qədər 50 vulkan təqribən 200 dəfə püskürmüşdür. Lökbatan vulkanında 19 püskürmə qeydə alınmışdır. thumb|250px|right Palçıq vulkanları kontinental və dəniz mənşəli də ola bilər. Xəzər dənizində periodik sualtı proseslərin fəaliyyəti nəticəsində palçıqdan adalar yaranır, lakin dənizin suları bizlərdən yüzlərlə sualtı palçıq konusları "məharətlə" gizlədir. Palçıq vulkanları təbiətin unikal abidələrindən olub görünüşcə əsl vulkanın kiçicik formasına bənzəyir. Lakin vulkandan fərqli olaraq, odlu lava əvəzinə palçıq püskürür. Palçığın üzə çıxıb qaynamasına səbəb isə qazlardır. Qazların tərkibi adi vulkan qazının tərkibinə bənzərdir. İlk baxışdan palçığın yüksək temperaturda qaynaması ehtimal edilir. Lakin palçığın temperaturu adətən sabit qalır və ən isti yay aylarında belə 15 C-ni aşmır.

Azərbaycanın palçıq vulkanları