DC Comics personajı olan Supergörl/Kara Zor-El-in macəralarına əsaslanan ABŞ superqəhrəman teleserialı olan "Supergörl"ün birinci mövsümünün istehsalı 2015-ci ilin mayında sifariş edilmiş, həmin ilin noyabrında çəkilişlərin Los-Ancelesdə baş tutacağı, Melissa Benoystun isə əsas rolu canlandıracağı bəlli edilmişdir. Benoyst ilə yanaşı aktyor heyətinə Mehkad Bruks, Kayler Li, Ceremi Cordan, Devid Hervud və Kalista Flokhart daxil olmuşdur.

Serialın premyerasını 12.96 milyon nəfər izləmişdir ki, bu da NBC telekanalının "Kor zona" serialı ilı ilə yanaşı onu 2015–2016-cı il televiziya mövsümünün ən böyük baxışlı televiziya premyerasına çevirmişdir. Serialın premyerası 26 oktyabr 2015-ci ildə CBS telekanalında baş tutmuş və 18 aprel 2016-cı ilə kimi birinci mövsümə daxil olan 20 seriya yayımlanmışdır. Birinci mövsüm ümumilikdə müsbət rəylər almışdır. 12 may 2016-cı ildə serialın ikinci mövsümünün çəkiləcəyi və The CW telekanalında yayımlanacağı elan edilmişdir.

Rollarda

Əsas heyət Melissa Benoyst – Kara Zor-El / Kara Denvers / Supergörl Mehkad Bruks – Ceyms Olsen Kayler Li – Aleks Denvers Ceremi Cordan – Uinn Skott Devid Hervud – Con Cons / Marslı ovçu və Henk Henşou Kalista Flokhart – Ket Qrant

İkinci heyət Laura Benanti – Astra İn-Ze və Alura Zor-El Din Kain – Yeremiya Denvers Cenna Devan-Tatum – Lüsi Leyn Piter Façinelli – Maksell Lord Brit Morgan – Lesli Uillis / LayvVayr Qlenn Morşouer – Sem Leyn İtaliya Riççi – Siobhan Smit/ Gümüş banşi Helen Sleyter – Eliza Denvers Kris Vans – Non Lora Vandervurt – İndiqo Brayana Venskus – Vaskez

Qonaq ulduzlar

"The Talk" verilişinin aparıcıları Sara Gilbert, Culi Çen, Şeron Osborn, Aişa Tayler və Şeril Andervud kameo rolunda özlərini canlandırmışlar.

Seriyalar

İstehsalı

İnkişaf

2014-cü ilin sentyabrından etibarən "Warner Bros. Television" Kara Zor-El / Supergörl haqqında teleserial istehsalına başlayır. Layihənin icraçı prodüserləri kimi Qreq Berlanti ("Ox" və "Fleş" teleseriallarının yaradıcısı və prodüseri), həm də ssenari yazılmasında iştirak etmiş Ali Adler və "Berlanti Productions"dan Sara Şexter çıxış etmişlər. DC Comicsdən Ceff Cons da layihənin inkişafında iştirak etmişdir. Serial üçün nəzərdə tutulan adlar arasında "Super" və "Girl" adları da var idi. Bir müddət sonra Berlanti serial üzərində iş getdiyini təsdiqləyir, layihənin hələ inkişaf mərhələsində olduğunu və heç bir yayım şəbəkəsinə verilmədiyini bildirir. 20 sentyabrda CBS telekanalının teleseriala ev sahibliyi edəcəyi elan olunur, mümkün premyera tarixinin isə 2015–2016-cı yayım mövsümündə ola biləcəyi göstərilir.

6 may 2015-ci ildə rəsmən serialın istehsalına başlanılır. 30 noyabr 2015-ci ildə 20 seriyalı tam mövsüm üçün CBS telekanalı "Supergörl"ün əlavə yeddi seriyasını da sifariş edir.

Yazılması 2015-ci ilin yanvarında CBS Entertainment sədri Nina Tassler serialın prosedual xarakterli olacağını bildirərək deyir: "[Cinayət] işi olacaq, lakin, Ali Adler və Qreq Berlanti tərəfindən yazılmış ssenari tağı serialda qəhrəmanın əsas inkişaf xətti olacaq. Bunun gözəlliyi ondadır ki, "Yaxşı həyat yoldaşı" və "Madam dövlət katibəsi" seriallarında olduğu kimi həftəyə uyğun hadisə elementlərini serialda istifadə edə bilirsən. O, kriminalistdir, buna görə də cinayətlərin üstünün açılması ilə məşğul olacaq." 2015-ci ilin iyulunda Adler Supermenin şouya nə qədər təsir edəcəyindən danışır: "Bizim prototipimiz "Vitse-president"də prezidentə yanaşılma yoludur. Biz sözsüz ki, Culiya Lui-Dreyfusun həmin serialda canlandırdığı personajdan ilhamlanmışıq. Son nəticədə serial Supergörl haqqındadır və hadisələr onun baxış mövqeyindən işıqlanacaq."

Aktyor seçimi Kara Zor-El / Supergörl rolu üçün istehsalçılar 22–26 yaş arasında Qafqazoid tipli aktrisa axtarırdılar. 2015-ci ilin yanvarında "The Hollywood Reporter" aktrisa Melissa Benoystnın əsas rolu canlandıracağını bildirir. Sonradan Benoyst bildirir ki, "rol üçün dinləmələr uzun müddət – üç aya yaxın davam etmişdir"; o, rol üçün dinləmədən keçirilmiş ilk aktrisa olmuşdur; rol üçün dinləmədən keçirilən aktrisalar arasında Kleyr Holt və Gemma Atkinson da olmuşdur. Elə həmin ay, Cimmi Olsen personajı əsasında yaradılmış Ceyms Olsen obrazının canlandırılması üçün Mehkad Bruksun seçildiyi elan edilmişdir. Komikslərdə "Cimmi" adlandırılan və Qafqazoid tipli olan personaj filmdə "Ceyms" adlandırılmış və Afro-Amerikan tipli təsvir edilmişdir. "Ağların ağ, qaraların qara, Latın Amerikalıların Latın Amerikalı olduğu" 1940-cı illərdən fərqli olaraq Bruks bunu "irqlərin qarışdırılması" adlandırır. Fevral ayında Kayler Li serial üçün yaradılmış orijinal personaj olan Aleks Denvers rolunu canlandırmaq üçün seçilmişdir. Həmin aydaca Devid Hervud və Kalista Flokhart müvafiq olaraq Henk Henşou və Ket Qrant rolları üçün seçilmişlər. Sonradan bəlli oldu ki, Hervudun canlandırdığı personaj özünü Henşou kimi qələmə verən Con Cons / Marslı Ovçu olmuşdur. Mart ayında Ceremi Cordanın Uinslou "Uinn" Skott rolunu canlandıracağı bildirilmişdir. Serial üçün personaj Uinslou Skott / Oyuncaqçının oğlu kimi yaradılmış və komikslərdə həmin personajın oğlu olan Anton Skottdan fərləndirilmişdir.

Çəkilişlər 2015-ci ilin fevralında elan edilir ki, "Ox" və "Fleş" teleseriallarının həmmüəllifi olan Endryu Kreysberq yazıçı və icraçı prodüser kimi layihəyə qoşulur, daha sonra isə əvvəllər "Ox", "Fleş" və "Smolvil" serialları üzərində çalışmış Qlen Uinterin pilot seriyasının rejissoru olacağı elan edilir. Pilot seriyasının əsas çəkilişləri 2015-ci ildə 4 mardan – 29 marta kimi həyata keçirilmişdir. Çəkilişlər Warner Bros. studiyasında "Lois və Klark"ın çəkildiyi pavilyonda həyata keçirilmişdi. Hər bir seriyanın yayımı təxminən $3 milyona başa gəlmişdir ki, bu da "Supergörl" serialını birinci mövsümün yayımına görə ən bahalı seriallardan birinə çevirmişdir. Birinci mövsümün çəkilişləri 2016-cı ilin martında yekunlaşdırılmışdır.

Film musiqisi

Birinci mövsümün film musiqisi Bleyk Nili tərəfindən yazılmışdır.

Krossover

Dünyanın ən yaxşıları

2016-cı ilin fevralında Qastinin, "Supergörl" serialının on səkkizinci seriyasında rol alacağı elan edilir, serialın prodüserləri isə fanatlar və jurnalistlərə təşəkkür edərək bu krossoverin reallaşmasında göstərdikləri dəstəyə görə təşəkkür bildirirlər. O zaman seriyanın ssenarisi ilə bağlı heç bir məlumat verilməsə də, "Deadline Hollywood"dan Ross A. Linkoln hadisələrin Barrinin dünyalar arasında səyahət etmə bacarığı ilə əlaqəli ola biləcəyini qeyd edərək, Supergörlün Ox və Fleşlə eyni dünyada deyil, multikainata aid dünyalardan birincə yaşamış ola biləcəyini deyir. "Dünya-2-yə xoş gəlmisiniz" seriyasında Benoystun Supergörl obrazında təqdim edilməsi ilə bu ehtimal təsdiqlənir. "Ox"un yaradıcılarından biri olan Mark Quqqenheym Supergörlün yaşadığı dünyanı qeyri-rəsmi şəkildə Dünya-CBS adlandırır.

28 mart 2016-cı ildə CBS telekanalında yayımlanmış "Dünyanın ən yaxşıları" adlı krossover seriyasında Supergörlün alternatic dünyada yaşadığı göstərilir, buraya gələn Fleş, Gümüş Banşi və Layvayrla mübarizədə Karaya kömək edir, Kara isə öz növbəsində Fleşin geri qayıtmasına dəstək olur. Seriyanın adı Fleş də daxil olmaqla bir çox DC Comics personajlarını Supermen ətrafında birləşdirən "World's Finest Comics" seriyasının adından götürülmüşdür. Krossover seriyasının hadisələri "Fleş"in ikinci mövsümünün "Zuma qarşı" seriyasındakı iki hadisə arasında baş verir. Çəkilişləri Vankuverdə baş tutuan "Ox", "Fleş" və "Sabahın əfsanələri" seriallarından fərqli olaraq "Supergörl" serialının çəkilişi Los-Ancelesdə keçirildiyinə görə, bu krossoverin hazırlanmasına Ox Kainatı krossoverlərinin hazırlanmasına sərf edildiyindən daha çox vaxt və vasitə tələb edilmişdir. Prodüsselər krossoverdə istifadə ediləcək yeganə personajın Fleş olmasına qərar verərək, onun müxtəlif zaman və dünyalara səyahət etmək bacarığının "yeni seriala bir qədər yumor gətirməklə personajlar arasında qığılcım yaradacağına" ümid edirdilər. Berlanti qeyd edir ki, idealda krossoverdə Amellin Yaşıl Oxu və Qastinin Fleşi iştirak etməli olsa da, "məntiq baxımından bu cür krossoverin reallaşdırılması dəhşətli olardı. Biz qarşıya qoyduğumuz hədəfi yüngülləşdirməli idik." Məsələyə optimist yanaşan Qastin, 2016-cı il krossoverinin növbəti ildə digər Ox Kainatı personajları ilə birlikdə daha bir krossover hadisəsi reallaşdırmağa imkan verəcəyini düşünürdü.

Krossover seriyası tənqidçilərdən əla şərhlər almışdır. Seriyanı 8.6/10 balla qiymətləndirən IGN-dən Kliff Uitli qeyd edir ki, "Qaranlıq və ovxalanan "Betmen Supermenə qarşı" filmindən sonra "Supergörl"ün "Dünyanın ən yaxşıları" seriyası palitranı təmizəmək üçün ən yaxşı vasitəni təklif etməklə, həm də bu günə kimi çıxarılmış ən yaxşı seriyalardan biri kimi görünür. Adətən gördüyümüz giriş "döyüşü" yerinə Supergörl və Fleş dərhal super-dostlara çevrilirlər ki, bu da çox təravətli təsir bağışlayır. Barrinin Karanın dünyasına ideal uyğunlaşması ilə yanaşı, həm də aktyorlar Qrant Qastin və Melissa Benoyst arasında ideal qığılcım hiss edilir. Şəhərdə Qırmızı K qəzası gözlənilməz hadisə olsa da, ümumilikdə "Dünyanın ən yaxşıları" çox ləzzətlidir." "TV Fanatic"dən Steysi Qlenzmen isə seriyanı 5.0/5 balla qiymətləndirir.

Çıxarılması

Yayım Birinci mövsümün yayımına 26 oktyabr 2015-ci ildə CBS telekanalında başlanılmış və 18 aprel 2016-cı ildə mövsümün final seriyası efirə verilmişdir. Birinci mövsümün Böyük Britaniya premyerası 29 oktyabr 2015-ci ildə SkyOne telekanalında baş tutmuşdur. Teleserial Avstraliyada 6 dekabr 2015-ci ildə FOX8 telekanalında debüt etmişdir. Kanadada "Supergörl" ABŞ yayımı ilə paralel olaraq "Global" televiziya şəbəkəsində debüt etmişdir.

Ev üçün buraxılış "Supergörl: I Mövsüm" 5 diskli DVD dəsti və 3 diskli Blu-ray/DVD dəsti şəklində 9 avqust 2016-cı ildə ABŞ-də, 25 iyul 2016-cı ildə isə Birləşmiş Krallıqda satışa çıxarılmışdır. Blu-ray/DVD dəstinə əlavə materialla, kəsilmiş səhnələr, pərdə arxası çəkilişləri və ComicCon 2015-dən olan süjet əlavə edilmişdir.

Qəbulu

Reytinqlər

Tənqidçilərin mövqeyi Rəy aqqreqatoru "Rotten Tomatoes" 71 tənqidçinin rəyi əsasında birinci mövsümü 92% təravətli 7.53/10 balla qiymətləndirmişdir. Saytın konsesusunda deyilir: "Ailə üçün nəzərdə tutulmuş ürəklərə sinizim salan komiks uyğunlaşdırması yeni serialda Melissa Benoyst Supermenin gənc kuzeni Supergörl rolunda bərq vurur." "Metacritic" 33 tənqidçinin rəyi əsasında birinci mövsümə 75/100 bal verərək tənqidlərin "əsasən müsbət" olduğunu qeyd edir. "IGN"dən Maks Nikolson birinci mövsümə 7.3/10 bal verərək deyir ki, "Supergörlün birinci mövsümü bir neçə əsas məsələdə – düşmənlər və romantik süjet xəttində gözləntiləri doğrultmasa da, Supergörl özü yüksəkdədir və süjet bir neçə gözlənilməz dönüşü ilə sevindirir (məsələn, Henk Henkşounun Conn Cons olması). Düzdür, bütün seriyalar qalib kimi görünmür, lakin mövsüm uçub getdikdə, onu emosional olaraq hiss edirsiniz." "Polygon"dan Kolin Kempbell bötün mövsümü şərh edərkən kostyumlar, döyüş səhnələri, gülməli canilər, ssenarinin axan təxmin edilməsi və əsas personajın "kifayət qədər Super olmaması"nı tənqid atəşinə tutaraq deyir ki, "əgər qayğı və diqqətlə ekrana köçürülmüş daha bir komiks franşizası sizi maraqlandırmırsa o zaman layihədən uzaq durmalısız." "Collider"dan Evan Valentayn 2015-ci ilin ən pis və yaxşı superqəhrəman teleserialları siyahısında "Supergörl"ü səkkizinci yerdə yerləşdirərək yazır: "Melissa Benoystun ifasında ekranların ən yaxşı Supergörlünü təqdim etməklə yanaşı həm də […] aktyor heyətindən yoluxucu pozitivlik almaq mümkündür."

Mükafatlar