Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT ali orqanı — üzv ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşlərində qəbul olunmuş bir sıra sənədlərdə öz əksini tapmışdır. Onların içində 13–15 dekabr 1994-cü ildə Kasablanka şəhəri, Mərakeş Krallığında keçirilmiş İKT-nin Yeddinci Zirvə Görüşünün sənədlərini və 9–11 dekabr 1997-ci ildə Tehran şəhəri, İran İslam Respublikasında keçirilmiş İKT-nin Səkkizinci Zirvə Görüşünün sənədlərini, 2000-ci ilin 12–13 noyabr tarixində Qətərin Doha şəhərində keçirilmiş İKT Doqquzuncu Zirvə Görüşündə, 2003-cü ilin oktyabr ayında İKT Onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziya) qəbul olunmuş Yekun Kommünikeni (33-cü bənd), 2005-ci ilin dekabr ayında İKT Üçüncü Fövqəladə Zirvə Görüşündə (Məkkə, Səudiyyə Ərəbistanı) qəbul olunmuş Yekun Kommünikeni, 2008-ci ilin mart ayında İKT On Birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş Yekun Kommünikeni (61-ci bənd) göstərmək olar.

Bununla yanaşı, Doqquzuncu Zirvə Görüşündə (Doha, Qətər) qəbul olunmuş 21/9-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlı qətnaməni, 21/9-E (IS) saylı "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnaməni, 25/9-C saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni, onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziyada) qəbul olunmuş 12/I0-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" qətnaməni, 21/10-E (IS) saylı "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnaməni, mədəniyyət məsələləri mövzusuna dair Mədəniyyət və İslam işləri üzrə qətnamələrin "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni, on birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş 10/11-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" qətnaməni, 2/11-E (IS) saylı "Üzv dövlətlərə və İKT-yə üzv olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardım edilməsinə aid fəaliyyət haqqında" qətnaməsinin "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi" bölməsini, mədəniyyət və sosial məsələlər üzrə qətnamələrdə 2/11-C (IS) saylı "İslam müqəddəs yerlərinin müdafiəsi haqqında"qətnaməni də göstərmək olar.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul olunmuş müxtəlif sənədlərdə, o cümlədən yekun kommünikelər və bəyanatlarda və çoxsaylı qətnamələrdə öz əksini tapmışdır.

20 sentyabr 2016-cı ildə Nyu-yorkda BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təsis edilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclası keçirilib. İclasa İƏT-in Baş katibi İyad bin Amin Mədəni sədrlik edib. Kontakt qrupunun tərkibinə yeddi dövlət — Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində olan bütün regionlar təmsil olunub.

20 sentyabr 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib. İclasda xarici işlər naziri Elmar Məmmədyarov, Kontakt Qrupa daxil olan digər üzv dövlətlərin nümayəndələri və İƏT-in Baş katibliyinin rəsmiləri çıxış ediblər. Azərbaycan Respublikası tərəfindən təqdim olunan çıxışda Kontakt Qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyətin nəinki dəyişməz qaldığı, hətta cəbhə xəttində toqquşmaların intensivləşdiyi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi hallarının daha da artdığı qeyd olunub. Həmçinin İƏT qətnamələrinin tələblərinə uyğun olaraq üzv dövlətlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına dəstək vermək üçün lazımi siyasi-iqtisadi tədbirlər həyata keçirilməli, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlərdən kənar durmalı olduqları, Ermənistanla bütün növ əməkdaşlığı məhdudlaşdırmalı olduqları vurğulanıb.

Ermənistan və Azərbaycan arasında münaqişə üzrə qətnamə. 25–29 aprel 1993-cü il Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən İKT Xarici İşlər Nazirlərinin XXI konfransı.

İKT Bəyannaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək;

Qarabağ məsələsi barəsində Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar dərindən narahat olaraq;

Ermənistanın Azərbaycana qarşı son hücumunu və Azərbaycan ərazisinin işğalını qətiyyətlə pisləyərək;

Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində humanitar problemlərin dözülməz vəziyyətindən təsirlənərək;

İKT Xarici İşlər Nazirlərinin 1992-ci ildə İstanbulda keçirilmiş V fövqəladə iclasının prinsipial mövqeyini yada salaraq;

Həmçinin İKT Xarici İşlər Nazirlərinin BMT qərargahında keçirilmiş əlaqələndirmə iclasının son rəsmi məlumatının müvafiq bəndlərini yada salaraq;

Qonşu ölkələrin və regional dövlətlərin, xüsusilə İran və Türkiyənin, Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi istiqamətində göstərdiyi cəhdləri nəzərə alaraq;

Ermənilərin son təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə yaratdığını dərk edərək;

Bu yeni hərbi hücumun ATƏM çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsir göstərə biləcəyindən xəbərdar olaraq;

Baş katibin bu məsələ üzrə məruzəsini yüksək qiymətləndirərək; Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir; Erməni qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən təcili çıxarılmasına və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət bəsləməyi Ermənistandan ciddi surətdə tələb edir; Qarabağ məsələsini dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır; Həm Ermənistanın, həm də Azərbaycanın əməli surətdə həyata keçirilən ATƏM sülh prosesində konstruktiv mövqe tutmalarını tələb edir və məsələnin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər bir əməldən çəkinməyi tələb edir; Azərbaycan hökumətinin və xalqının öz ölkəsinin müdafiəsi üçün etdiyi cəhdlərlə tam həmrəy olduğunu bir daha təsdiq edir; Yaşayış yerlərini tərk edənlərin öz evlərinə təhlükəsiz, hörmət və qayğı ilə qayıtmalarını asanlaşdırmağa çağırır; Üzv olan ölkələr İslam İnkişaf Bankından və digər islam təsisatlarından Azərbaycan Respublikasına təcili maliyyə yardımı və humanitar yardmı göstərməyi xahiş edirlər; BMT Baş katibindən və Təhlükəsizlik Şurasının sədrindən Təhlükəsizlik Şurasında Ermənistanın təcavüzünü pisləyən və Azərbaycanın işğal edilmiş bütün torpaqlarından erməni qüvvələrinin çıxarılmasını tələb edən qətnamə qəbul olunması üçün bütün səlahiyyətlərdən istifadə etməyi xahiş edir; Baş katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət etməyi və İKT Xarici İşlər Nazirlərinin XXII konfransında bu haqda məruzə etməyi xahiş edir.

Ermənistan və Azərbaycan arasında münaqişə üzrə qətnamə. 13–14 dekabr 1994-cü il İKT ölkələrinin dövlət başçılarının Mərakeş Krallığının Kasablanka şəhərində hicri tarixi ilə 1415-ci il rəcəb ayının 11–12-də, miladi tarixi ilə 1994-cü il dekabrın 13–14-də keçirilən VII zirvə konfransı İKT Bəyannaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində hərbi münaqişənin kəskinləşməsi və Azərbaycan ərazisinin 20 faizdən artığının işğalından dərindən narahat olaraq;

Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın vəziyyətinə düşməsi və humanitar problemlərin dözülməzliyindən təsirlənərək;

1992-ci ilin iyun ayında İstanbulda keçirilmiş V və 1994-cü ilin sentyabrında İslamabadda keçirilən İKT Xarici İşlər Nazirlərinin VII fövqəladə konfransının prinsipial mövqeyini yada salaraq;

1993-cü il aprelin 25–29-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən İKT Xarici İşlər Nazirlərinin XXI konfransında qəbul edilən qətnamənin müddəalarını bir daha təsdiq edərək;

Həmçinin İKT-nin 23 sentyabr 1992-ci ildə və 3 oktyabr 1994-cü ildə keçirilmiş İKT Xarici İşlər Nazirlərinin koordinasiya iclasının yekun sənədlərinin müvafiq bəndlərini yada salaraq;

Qonşu ölkələr və regional dövlətlərin, xüsusilə İran və Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində etdikləri cəhdləri nəzərə alaraq;

Ermənistan Respublikasının təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün maneə yaratdığını dərk edərək;

BMT Nizamnaməsinin və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dönmədən yerinə yetirilməsini bir daha təsdiq edərək;

Ermənistan Respublikasının davam edən təcavüzkar siyasətinin ATƏM çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsir edə biləcəyindən xəbərdar olaraq: Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir; Təcavüz nəticəsində Azərbaycan ərazisində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı törədilən cinayət kimi qiymətləndirir; BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dönmədən yerinə yetirilməsini, Ermənistan Respublikası silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tamamilə və şərtsiz çıxarılmasını qəti surətdə tələb edir. Ermənistandan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət bəsləməsini tələb edir; Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana qarşı edilən təcavüzün etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq öz qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımlar atılmasına; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzü pisləyərək təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT-də koordinasiyalı fəaliyyətdə olmağı qərara alır; Bir daha təsdiq edir ki, ərazinin zor işlətməklə əldə edilməsi tanına bilməz; Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin pozulmazlığı prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həllinə çağırır; Həm Ermənistan, həm də Azərbaycandan ATƏM-in sülh prosesində iştirak etməsi və problemin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər bir əməldən çəkinməsini tələb edir; Azərbaycan hökuməti və xalqının ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlara tam həmrəy olduğunu bir daha təsdiq edir; Yaşayış yerlərini tərk etmişlərin öz evlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələri üçün imkan yaratmağa çağırır; Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqın və köçkünün olması ilə əlaqədar humanitar vəziyyətin kəskinləşməsindən təşviş keçirir və üzv ölkələr İslam İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım etmələrini xahiş edir; Baş katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət və bu barədə İKT Xarici İşlər Nazirlərinin XXIII konfransına məruzə təqdim etməsini xahiş edir

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında qətnamə. 9–13 dekabr 1996-cı il İKT Xarici İşlər Nazirlərinin İndoneziya Respublikasının Cakarta şəhərində hicri tarixi ilə 1417-ci il rəcəb ayının 28-dən şaban ayının 3-dək, miladi tarixi ilə 1996-cı il 9–13 dekabrda keçirilən 24-cü konfransı İKT Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;