"İskəndərnamə" () — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan beşinci və sonuncu poemadır. Məsnəvi 1200–1203-cü illər arasında fars dilində yazılmışdır. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır.

"İskəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə", ikinci hissə "İqbalnamə" adlanır. "Şərəfnamə" Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, "İqbalnamə" isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. "İskəndərnamə" tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər. Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti "Şərəfnamə"də, 3625 beyti isə "İqbalnamə"də cəmlənmişdir. Poema əruz vəzninin mütəqarebe məqsur (məhzuf) bəhrində yazılmışdır.

İskəndərnamə özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmişdir. Əmir Xosrov Dəhləvinin "Ayineyi-İsgəndəri", Əbdürrəhman Caminin "Xirədnameyi-İsgəndəri", Əlişir Nəvainin "Səddi-İsgəndəri" və başqa əsərləri Nizami "İskəndərnamə"sinin təsiri ilə yazılmış əsərlər sırasında göstərmək olar. Nizaminin poeması Hatifinin "Teymurnamə"si kimi İskəndərin adı ilə bağlı olmayan əsərlərə də təsir etmişdir. Həmin təsir "Teymurnamə"yə qəhrəmanlıq motivləri, Sədinin "Bustan"ına isə didaktik cəhətdən olmuşdur. "İskəndərnamə"də əxlaqi fikirlərin güclülüyü, Şərq ədəbiyyatında isə bu məsələyə xüsusi diqqət yetirilməsi poemanı sevdirən səbəblərdən olmuşdur.

Məzmunu "İskəndərnamə" poeması "Şərəfnamə" və "İqbalnamə" adlı iki hissədən ibarətdir. Əsərin hər iki hissəsinin müqəddiməsində minacat, nət, hökmdarın mədhi, kitabın yazılma səbəbi, şairin söz sənətinə münasibəti kimi parçalar vardır. Adətən hər dastanın başında saqinamə və ya müğənninamə verilir, bundan sonra isə bir qayda olaraq şairin istinad etdiyi mənbələr göstərilir. Qəhrəmanın mənşəyinə dair müxtəlif variantlı rəvayətlərin təsvirindən sonra İskəndərin doğulması, tərbiyə illəri, hakimiyyətə keçərək ədalətli bir hakim kimi hərəkət etməsi nəql edilir. Əsər boyu qəhrəmanın sərkərdə, alim və peyğəmbərliyini əks etdirən müxtəlif hadisələr verilir. İskəndərin sərkərdəlik fəaliyyəti ilə bağlı olan hadisələr əsərin birinci hissəsində tamamlanır, sonra isə təsirli müharibə səhnələri, hökmdarlar arasında gedən müxtəlif münaqişələr təsvir edilir. Bütün bu epizodlar içində surətlərin daxili aləminin açılması və xüsusilə qəhrəmanın təkmilləşmə prosesini əhatə edilən hadisələr verilir. Şair əsərin birbaşa süjeti ilə bağlı məsələləri təsvir edərkən yeri gəldikcə poemaya bir sıra əlavə epizodlar, lirik səhnələr, təmsillər və sair daxil edir. Bunlar hadisələrin mahiyyətinin açılmasına yardım edən əlavə hissələrdir.

Poemada məhəbbət səhnələrinin təsvirinə də geniş yer verilmişdir.Abbasov, səh. 150 "İqbalnamə"nin təqribən yarıya qədər olan hissəsində hadisələrin təsviri "Şərəfnamə"dən nisbətən fərqlənir. Bu, hər şeydən əvvəl müstəqil süjetə malik olan hekayələrin nəql edilməsidir. Xarakterik cəhət odur ki, qəhrəman özü həmin hekayələrdə fəaliyyət göstərməklə bərabər, şair sözü başqalarına verir. Hadisələr ibrətamiz hekayələrlə təsvir edilir və qəhrəman bu hekayələrdən ibrət alır. Daha sonrakı epizodlarda nəql olunan əhvalatlar filosofların fəaliyyəti ilə əlaqədar olduğu üçün elmi bir dillə deyilir. Burada sual-cavablar, mükalimələr mühüm yer tutur. Müharibə səhnələrinin təsviri öz yerini elmi məsələlərin təhlilinə verir. Ərəstun və başqa alimlərin xirədnaməsi adı ilə verilən nəsihətamiz epizodlar xüsusi bir quruluşa malikdir. Burada fəlsəfə və əxlaq məsələləri əhəmiyyətli yer tutur.

İsgəndərin peyğəmbərlik səfərinə çıxması epizodundan sonra verilmiş bütün hadisələrdə şair yenə əvvəlki təsvir üsuluna keçir, "Şərəfnamə"də toxunulmuş məsələlərin təsvirini yenidən davam etdirir, beləliklə də "İsgəndərnamə"nin hər iki hissəsi arasında məntiqi əlaqə yaradır. Əsər ideal cəmiyyət quruluşunun təsvirilə kuliminasiya nöqtəsinə çatır. Sonra qəhrəmanın xəstəliyi və ölümü ilə əlaqəli olaraq oxucuya kədərli səhnələr və təbiət səhnələri təqdim edilir. İsgəndərin ölümünü göstərən səhnələr və sonrakı final hissədə filosofların, hətta Nizaminin öz ölümü təsvir edilir.

Personajlar

Makedoniyalı İsgəndər

Nizami öz mütərəqqi ideyalarını söyləyə bilmək üçün bütün dünyada ad qazannmış İsgəndərin geniş yayılmış şöhrətindən geniş istifadə etmişdir. Bununla birlikdə, şair İsgəndərin tarixi obrazını yaratmamışdır.Ə. Abbasov – Nizami Gəncəvinin İsgəndərnamə poeması, AzSSR EA Nəşriyyatı, Bakı, 1966, səh. 64 Məşhur sovet şairi N. Tixonov göstərirdi ki, Nizami azad şair kəlamı söyləyə bilmək üçün romantik qəhrəman, xalq dastanının təsvir etdiyi həyat yolu ilə getmişdir.N. Tixonov – Nizami və Nəvai, "Azərbaycan məktəbi" jurnalı, N4, Bakı, səh. 15 Fransız yazıçısı Lui Araqon "Qərb Şərq Divanı zəruriyyəti haqqında" adlı məqaləsində yazır: "Şübhəsiz tarix və şifahi poeziyadan alınmış mövzuların birləşməsindən ibarət olan "İsgəndərnamə"nin qəhrəmanı məhz ona görə tarixi bir şəxsiyyət kimi götürülmüşdür ki, müasir ideyalar daha yaxşı və azad ifadə edilsin, ideal dövlətin təsviri, mövcud hökmdarları tənqid etmək üçün bir vasitə olsun."Ədəbiyyat və İncəsənət qəzeti, 21 sentyabr 1957, N 38

İsgəndər əsərin əsas müsbət qəhrəmanı olmaqla, əsasən ideal bir qəhrəmandır. O, təkcə İskəndərnamdə deyil, Nizami yaradıcılığında ən səciyyəvi bir surətdir. Şair öz qəhrəmanı qarşısında çox şərəfli, eyni zamanda çətin bir vəzifə qoyur. Bu vəzifə xalqa ədalətlə başçılıq etməkdən ibarətdir. İskəndərin məqsədi bütün dünyanın qəbilə və xalqlarının həyat tərzi ilə tanış olub, onlara maddi və mənəvi yardım göstərməkdən ibarətdir. İsgəndərin müharibələri də öz ərazilərini genişləndirmək üçün deyil, həmin məqsədi həyata keçirməyə xidamət edir. Qəhrəman ölüm gününə kimi səmərəli həyatını bu məqsədə sərf edir.

Nizami qəhrəmanın həyat və fəaliyyətini bütöv təsvir etməsinə baxmayaraq, əsərin epizodlarının birində İskəndərin bütün müsbət sifətlərini xülasə şəklində oxucuya təqdim edir. Şairin fikrincə bu sifətlər onun "düha sahibi olması, səxavətli, adamsifətli mələk, ağıllı, sakit, zehinli, zəhmətsevən, sözü öz yerində danışan, ağır təbiətli, birinə cəza verməyə tələsməyən, Allahı və xalqı özündən razı salan, hamı tərəfindən yalnız yaxşılıqda yad edilən, heç kimin qəmi müqabilində şad olmayan, Arəş kimi məharətlə ox atan, mey məclisində xəzinə paylayan, sözü əqillə ölçüb-danışan, hər şeyi hikmətlə ölçüb-biçən, yalan sözü eşitmək istəməyən, verdiyi sözə laqeyd olmayan, hər bir yerdə işə rövnəq verən, filosoflarla söhbət edən, qocaların tədbiri ilə iş görən, hər vaxt Allaha pənah aparan"Şərəfnamə, səh. 345–346 olmasıdır. 250px|thumbnail|left|Həbibullah ibn Əli ibn Hüsam — İsgəndərin Nüşabənin Bərdədəki sarayında, 1563, Uolters Sənət Muzeyi, Baltimor. İskəndər bir sərkərdə kimi çox qüdrətlidir. Əsərdə onun Əhəməni hökmdarı Dara, zənci hökmdarı Pələngər, hind hökmdarı Fur, rus sərkərdəsi Qıntal və və başqaları üzərində qələbə çalması göstərilir. İsgəndər müharibədə strategiya və taktikanı gözəl bildiyi üçün döyüş imkanlarından bacarıqla istifadə edir. O, düşmənə siyasətlə qələbə çalmağa daha çox meyil edir, bu baş tutmadıqda isə gücə əl atır. Oxucu həmişə onun sayca az qüvvə ilə çox qoşuna malik olan düşməni məğlub etməsini görür. Hətta bir sıra qələbələr İsgəndərin şəxsi fəaliyyəti nəticəsində əldə edilir.Abbasov, səh. 66

İsgəndər bir hökmdar kimi öz qarşısına vahid dövlət yaratmaq məqsədini qoyur. Onun fikrincə, yer üzərində onu saymayaraq yaşayan başqa bir hökmdar olmamalıdır. Qəhrəman belə bir dövləti yaratmağa qadir olduğu halda yalnız ölüm onun işlərini yarımçıq qoyur. İsgəndər hər yerdə zülm və ədalətsizliyin hökm sürdüyünü görür. O, hiss edir ki, "su və torpaqdan çox" olan qəbilə və xalqlar özlərinə xilaskar axtarır, onların dərdlərinə şərik bir başçı lazımdır.

Əsərdə İsgəndərin yetkin və mənalı həyatı ardıcıllıqla təsvir edilir. O, uşaqlıqdan düzgün yola düşmüş, aldığı mükəmməl təhsil və tərbiyə gələcək qələbələrinə kömək etmişdir. Məşhur yunan filosofu Ərəstun İsgəndərin məktəb yoldaşı, gələcək vəziri, onun atası Nqumaxos isə ilk müəllimi olmuşdur. Nizami qəhrəmanın həyatının ilk dövrlərindən bəhs edərkən göstərir ki, sikkə Rumda ilk dəfə onun adına vurulmuş, o, atası Feyləqusun yerinə 20 yaşından şahlığa keçmişdir. İsgəndər hakimiyyətə gəldiyi ilk gündən xalqla ədalətlə rəftar edir. Nizami İskəndərin doğulması, fəaliyyəti və ölümünü geniş təsvir edir. Şairə görə, İsgəndər dünyanı yaxşı yola verdiyi, onu bir ölçüdə saxladığı və işbilənlərdən öyrənməklə idarə etdiyi üçün yeddi ölkəyə sahib olmuşdur.İqbalnamə, səh. 26

İsgəndər öz məqsədlərini həyata keçirərkən son dərəcə əziyyət və məşəqqətlərə rast gəlir. Onunölüm dəfələrlə hədid edirsə də, məğlubiyyət gözləyirsə də, həyat eşqi qəhrəmanı hər cür çətinliklərə tab gətirməyə vadar edir. Beləliklə, əsərdə İskəndər real həyatda insanın nə qədər iş görmək, fəaliyyət göstərə bilmək iqtidarına malik olması timsalıdır. Burada müəyyən məqsəd uğrunda insan əməyi və iradəsi qalib gəlir. Bununla belə, şair o nəticəyə gəlir ki, hər şeyə qadir olan insan yalnız ölüm qarşısında acizdir.Abbasov, səh. 68 200px|thumbnail|right|İsgəndər və Xızır peyğəmbər həyat bulağının yanında, XVI əsr, Uolters Sənət Muzeyi Z. Səfa qeyd edir ki, "Nizaminin "İqbalnamə"sində İsgəndərin fateh, kamran, cahangirlik hüdudunu aşıb həkim, alim və peyğəmbər bir şəxs olduğunu göstərir."Z. Səfa, səh. 349 Herman Eteyə görə də "İqbalnamə"də hadisələr əxlaqi və ürfani bir xarakterdə olmaqla, orada İsgəndər həkim (alim) və peyğəbər kimi göstərilərək dünyanın sonuna çatmaq üçün quru və dənizə səfərləri vəsf edilir. Prof. Həmid Araslıya görə, Nizami "İsgəndərnamə"nin ikinci hissəsində insan taleyi və ağlın nailiyyətlərindən bəhs etdiyi üçün bu hissəni "İqbalnamə" adlandırmışdır.H. Araslı – Qədim ədəbiyyat, Bakı, 1961, səh. 80 "Şərəfnamə"də İsgəndər daha çox bir sərkərdədirsə, "İqbalnamə"də alim və peyğəmbərdir. O, "İqbalnamə"də insan şüuruna qılıncla deyil, elm və hikmətin gücü ilə hakim olur. Şair, qəhrəmanı birdən-birə oxucuya alim kimi təqdim etmir. O, elmin əhəmiyyətini həm alim Ərəstunun köməyi ilə, həm də öz təcrübəsində dərk edir. Prof. Y. Bertels qeyd edir ki, "İsgəndərnamə"də əsas qəhrəman insan biliyinin pillələri ilə ən yüksək nöqtəyə çatır."Y. Bertels – Böyük Azərbaycan şairi Nizami, səh. 121

Nizamiyə görə hökmdar güc deyil, öz ağlı ilə məqsədinə çatmalıdır. İskəndərin yorulmadan elm öyrənməyə səy göstərməsi də bu məqsədlədir. İskəndər bir alim hökmdar kimi elmin cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirir, buna görə də hamı elmə böyük həvəs göstərir. İsgəndər sarayda alimlərlə sıx əlaqə saxlayır, alimlik rütbəsini hamıdan uca sayır. O, öz fikrini sərkərdəliklə əlaqəli məsələlərdən daha çox kainatın sirlərini öyrənməyə sərf edir, ömrünün xeyli hissəsini xəlvətdə alimlərlə müsahibə və sirlər axtarışında keçirir. İsgəndər bu sahədə o qədər müvəffəqiyyət qazanır ki, hətta elmi məsələlərdə müxtəlif alimlərin hansının haqlı olduunu bir-birindən seçə bilir. Elm sahəsində başqa ölkələrin əldə etdiyi nailiyyətlərdən istifadə edir və onu öz ölkəsində yayır. Onun sayəsində müxtəlif elmlərə aid ən qiymətli əsərlər Yunanıstana aparılaraq tərcümə edilir.Abbasov, səh. 73

Qəhrəman Dirilik suyu ardınca gedərkən müvəffəqiyyətsizliyə uğrasa da, əbədi ömür sürmək arzusu ilə yaşaylr. Sonda İsgəndər başa düşür ki, əbədi həyat yalnız insanın mənəvi ömrüdür. Bu barədə Azərbaycan alimi Mübariz Əlizadə yazır: "Əbədi həyat yalnız insanın mənəvi ömrüdür ki, onu da hər kəs öz yaxşı əməlləri və bəşəriyyətə faydalı xidmətləri ilə əldə edə bilərlər."M. Əlizadə — Nizami Gəncəvi, Azərbaycan ədəbiyyatı tarixi, I cild, Bakı, 1960, səh. 189