250px|thumb|Azərbaycanda polis işarəsi.
Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanı.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır.
"Polis haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur, 9-cu maddəyə əsasən isə, polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisi haqqında demişdir:
Tarixi
Polis orqanlarının yaradılması Çar Nikolay I Fərmanı ilə 10 aprel 1840-cı il tarixində Rusiya İmperiyasının Daxili İşlər Nazirliyinin tabeliyində ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə məqsədləri ilə Bakıda Polis Şöbəsi yaradılıb.
1867-ci ildə Bakı Quberniyasının Jandarma Polis İdarəsi yaradılıb və sonradan bu qurum Bakı Polis İdarəsinə çevrilib.
Eyni zamanda, Azərbaycan ərazisində yaradılmış mahallarda mahal polisi idarələri, şəhərlərin daxilində isə ərazi polis məntəqələri fəaliyyət göstərməyə başçlayıb.
1882-ci ildən başlayaraq Bakı qəzasının ərazisində Bakı, Maştağa, Saray, Balaxanı-Sabunçu, Keşlə və Bibiheybət polis məntəqələri, onların tabeliyində məhəlli və şəhər polis nəzarətçiləri (müvəkkilləri) fəaliyyət göstərib.
1897-ci ildə Bakı-Sabunçu polismeysterliyi yaradılıb, 28 oktyabr 1906-cı il tarixində isə Bakı Polis İdarəsi yenidəntəşkil üsulu ilə Bakı Polismeyster İdarəsinə çevrilib. Bu zaman poçt, axtarış və istintaq üzrə ixtisaslaşmış polis qurumları fəaliyyət göstəriblər.
1911-ci ilin sentyabr ayında Antropometriya (insanı zahiri görünüş ölçülərinin təhlili) və Daktoliskopiya (barmaq izlərinin təhlili) Bürosu yaradılıb.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qərarı ilə Fətəli xan Xoyski tərəfindən Tiflisdə təşkil edilmiş birinci Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində F.x. Xoyskinin Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra edilməyə başlanılıb və yeni hökumətin polis qurumları Rusiya İmperiyasının polis sisteminin bazasında yaradılıb. Həmin il Hökumət Gəncəyə köçdükdən sonra iyunun 17-də F.x. Xoyskinin burada təşkil etdiyi ikinci Hökumətdə daxili işlər naziri vəzifəsini Behbud xan Cavanşir tutdu. Noyabr-dekabr aylarında isə Behbud xan Cavanşirin sənaye və ticarət naziri vəzifəsinə təyin olunması ilə əlaqədar daxili işlər naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Məmməd Sadıq bəy Ağabəyov icra etmişdir.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 297–298
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan sonra Parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da F.x. Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində daxili işlər naziri vəzifəsi Xəlil bəy Xasməmmədova həvalə olundu. 1919-cu ilin aprelin 14-də Nəsib bəy Yusifbəylinin dördüncü Hökumət kabinəsində o özü Hökumətin sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra etdi. 1919-cu ilin dekabrında N. Yusifbəylinin yaratdığı beşinci Hökumət kabinəsində daxili işlər naziri vəzifəsini əvvəlcə Məmməd Həsən Hacınski, sonra isə Mustafa bəy Vəkilov tutmuşdur.
DİN mürəkkəb tarixi dövrdə ölkədə hökm sürən anarxiyanın qarşısının alınması, qanunçuluğun və hüquq normalarının bərqərar edilməsi, ölkə vətəndaşlarının şəxsi və əmlak təhlükəsizliklərinin təmin olunması, cinayətkarlıqla mübarizə aparılması bununla ölkədə sabitlik yaradılmasında mühüm rol oynamışdır.
DİN-in fəaliyyətini şərti olaraq üç dövrə bölmək olar: birinci dövr Behbud xan Cavanşirin nazirliyi rəhbərlik etdiyi dövrdür. Bu dövrdə DİN-in funksiyası bir tərəfdən müstəqil dövlətin müstəqil nazirliyi tərəfindən həyata keçirilirdisə, digər tərəfdən bu struktur Türkiyə hərbi komandanlığından xeyli dərəcədə asılı idi. Ölkədə anarxiyaya son qoymaq, qanunçuluğu və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə bir tərəfdən keçmişdə fəaliyyət göstərmiş inzibati idarə sisteminin quruluşu və şəxsi heyəti olduğu kimi saxlanılır, digər tərəfdən isə onların vəzifəsi, imkan düşdükcə, Hökumətin 1918-ci il iyunun 19-da qəbul etdiyi hərbi vəziyyət haqqındakı qərarının müəyyən etdiyi səlahiyyətlərdən istifadə olunmaqla hərbi qüvvə vasitəsilə həyata keçirilirdi.
1918 il iyunun 23-də nazirlik tərəfindən işlənib hazırlanmış məcburi qərar dərc olundu. Qərara əsasən, şəxsiyyətə, şəxsi, dövlət, yaxud ictimai əmlaka qarşı ağır cinayətlərə hərbi-məhkəmə orqanlarında baxılır, ictimai sabitlik üçün təhlükə törədən cinayətlərin araşdırılması isə Daxili İşlər Nazirliyinin və yerli inzibati idarə orqanları rəhbərlərinin (qubernatorlar, qəza rəisləri) sərəncamına verilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarına əsasən, bütün keçmiş inzibati idarə işçiləri iyulun 1-dək öz iş yerlərinə qayıtmalı idi, əks halda işdən azad ediləcəkdilər. Həmin vaxtdan etibarən qəzalarda yerli əhali hesabına inzibati-idarə orqanlarının şəxsi heyəti formalaşmağa başladı. Cümhuriyyət Hökuməti iyulun 2-də DİN-in məruzəsi əsasında polis işçilərinin əmək haqqını artırmaq barədə qərar qəbul etdi. Gəncə quberniya idarəsi işçilərinin sayı ixtisar edildi. Zaqatala mahalı Azərbaycan Cümhuriyyətinə birləşdirildikdən sonra ayrıca quberniyaya çevrildi və quberniya idarəsi yaradıldı. DİN-nin Gəncədə həyata keçirdiyi ilk tədbirlərdən biri Gəncə şəhər özünüidarəsini bərpa etmək oldu. İyunun 22-də Gəncə şəhər rəisinin müavininə şəhərdəki işçi qüvvələrini təcili olaraq bir yerə toplayıb fəaliyyətə başlamaq tapşırıldı. İyunun 27-də Azərbaycan Cümhuriyyəti Hökuməti Gəncə şəhər özünüidarəsini təşkil etmək üçün şəhər idarəsinə 150 min manat faizsiz borc vermək, vəba ilə mübarizə aparmaq üçün qaytarılmamaq şərti ilə 100 min manat kömək ayırmaq barədə qərar qəbul etdi. 1918-ci il iyulun 30-da Hökumət digər şəhərlərdə də özünüidarə orqanları yaratmaq haqqında DİN tərəfindən təqdim olunmuş məruzə əsasında qərar qəbul etdi. Azərbaycan Cümhuriyyəti Hökumətinin 1918 il 7 və 27 iyul tarixli qərarları ilə DİN-ə yerlərdə inzibati idarə orqanları yaradıldıqca anarxiyanın hökm sürdüyü dövrdə Gəncədə və digər şəhərlərdə əhalinin təşkilinin yeganə mərkəzi orqanı olan Müsəlman Milli Komitələrinin ləğv edilməsi tapşırıldı.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak və eser-menşevik hərbi qüvvələrindən azad etdikdən sonra Cümhuriyyəti Hökuməti Bakıya köçdü, DİN-in fəaliyyət dairəsi daha da genişləndi.
1918-ci ilin dekabrında Azərbaycan Cümhuriyyəti Parlamentinin işə başlaması ilə əlaqədar Hökumətdə edilən dəyişikliklər nəticəsində daxili işlər naziri vəzifəsi Xəlil bəy Xasməmmədova həvalə olunduqdan sonra nazirliyin fəaliyyətində bir sıra ciddi struktur dəyişiklikləri edildi. Nazirlik bir tərəfdən təşkilat işləri, digər tərəfdən isə xarici dövlətlərin ölkənin daxili işlərinə müdaxiləsini dəf etmək tədbirlərini gücləndirdi.
Qarabağ bölgəsində hakimiyyəti möhkəmləndirmək üçün Azərbaycan Cümhuriyyəti Hökumətinin 1919-cu il 15 yanvar tarixli qərarı ilə Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında general-qubernatorluq yaradıldı və həmin ayın 29-da X. Sultanov general-qubernator təyin olundu. thumb|AXC Daxili İşlər Naziri Behbud xan Cavanşır DİN-in yerli idarələrinin ştat cədvəli, onların əmək haqqlarının artırılması barədə qanun layihələri aprelin 8-də və mayın 26-da Parlamentdə təsdiq olundu. Bu dövrdə DİN-in yerli qurumlarının təşkili, vəzifəli şəxslərin fəaliyyəti və s. haqqında təlimatlar da hazırlanaraq yerlərə göndərildi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 2 yanvar tarixli qərarı əsasında 1919 il üçün DİN-in smetası hazırlandı. Həmin ilin martında Bakıda müttəfiq dövlətlərin polis komissarlıqlarının ləğvi ilə ölkənin daxili işlər orqanlarının fəaliyyətinin güclənməsinə səbəb oldu.
1919-cu il aprelin 14-də təşkil olunmuş 4-cü Hökumət kabinəsində Hökumətin sədri Nəsib bəy Yusifbəylinin həm də daxili işlər naziri vəzifəsini tutması ilə nazirliyin fəaliyyətinin 3-cü dövrü başlandı. Nazirlik və onun yerli orqanları ölkədə xarici hərbi qüvvələrin müdaxiləsi olmadan sərbəst və müstəqil fəaliyyət göstərməyə başladılar. Bu işdə nazirliyin hazırladığı və 16 aprel tarixli əmrlə elan etdiyi təlimatın mühüm əhəmiyyəti olmuşdur. Təlimatda qanunçuluğun və intizamın möhkəmləndirilməsi ölkənin bütün vətəndaşlarına eyni münasibət göstərilməsi, milli qırğın təzahürlərinin qarşısının qətiyyətlə alınması, vəzifəli şəxslərin öz vəzifələrindən sui-istifadə hallarına qarşı kəskin mübarizə aparılması və s. məsələlər öz əksini tapmışdır. Yerli hakimiyyət orqanları əvvəlki dövrə nisbətən öz fəaliyyətlərində mərkəzi hakimiyyətin göstərişlərinə daha ciddi əməl edirdilər.
Bu dövrdə DİN-in fəaliyyətində bir sıra təşkilati xarakterli tədbirləri həyata keçirildi. Nazirliyin təklifi ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. Bakı və ətraf sənaye rayonlarının daha etibarlı mühafizəsi üçün Bakı Şəhər Rəisliyi təsis olundu., Bakı Şəhər Polisinin ehtiyat qüvvələri təşkil edildi. Azərbaycan Xalq Cümhuriyyətində hərbi çağırışın icrası haqqında Azərbaycan Parlamentinin 26 may tarixli qanununa uyğun olaraq, hərbi çağırış barədə Əsasnamə təsdiq olundu. Nazirlik tərəfindən hazırlanmış Azərbaycan polis inspektoru haqqında Əsasnamə də Dövlət Müdafiə Komitəsi tərəfindən təsdiqləndi.
Şəhərlərə gətirilən və aparılan yüklərdən onların xeyrinə cari yığım haqqında nazirliyin hazırladığı qanun layihəsi 1919-cu il iyulun 27-də Azərbaycan Cümhuriyyətinin Parlamenti tərəfindən qəbul edilmişdi. Nazirliyin təqdimatı ilə mətbuat haqqında nizamnamə icarəyə verilmiş binalar üçün qiymətlərin müəyyənləşdirilməsi və onlardan istifadə qaydaları və s. məsələlərlə bağlı qanun layihələrinə Parlamentdə baxılmış və qəbul olunmuşdu. Nazirliyin fəaliyyətinin sonuna yaxın işləyib hazırladığı ən mühüm sənədlərdən biri də Azərbaycanda torpaq məsələləri ilə məşğul olan idarələr haqqında Əsasnamə idi. Sənəddə torpaqların idarəçilik formasının Qərbdəki demokratik əsaslara uyğun olaraq tamamilə yenidən qurulması nəzərdə tutulurdu.
Lakin 1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin də fəaliyyətinə son qoydu.
Sovet işğalı dövründə AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi.